Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyəti başçısının 2017-ci ilin sosial-iqtisadi yekunları barədə hesabatına həsr olunmuş Şuranın geniş iclası keçirildi

13 fevral 2018 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısının 2017-ci ilin sosial-iqtisadi yekunları barədə hesabatına həsr olunmuş Şuranın geniş iclası keçirildi

Şura iclasında Azərbaycan Respublikasının Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədov, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək  tər gül-çiçək dəstələri qoydular.
Lerik Rayon Mədəniyyət Mərkəzində keçirilən hesabat yığıncağında icra hakimiyyəti başçısı Rövşən Bağırov 2017-ci ildə Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə etdi. Bildirdi ki, 2017-ci il dövlətimizin bütün sahələrdə əldə etdiyi mühüm nailiyyətlərlə tarixə düşdü. Son illərdə dayanıqlı inkişafa nail olan Azərbaycan Respublikasının iqtisadi uğurları artıq bütün dünyada birmənalı şəkildə qəbul edilir. İstər ictimai-siyasi, istər sosial-iqtisadi və eləcə də digər sahələrdə əldə edilən dinamika respublikamızın inkişafının davamlı olduğunu təsdiq edir.
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının 4 illiyi ilə bağlı keçirilən konfransda dövlətimizin başçısı çıxış edərək Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin qorunması ilə bağlı mühüm tədbirlər görüldüyünü, yeni qlobal iqtisadi reallıqlara uyğun həyata keçirilən davamlı tədbirlər nəticəsində makroiqtisadi dayanıqlığın əsaslarının yaradıldığını, valyuta ehtiyatlarına təzyiqin azaldığını, milli valyutanın xarici dəyərinin sabitləşdiyini və inflyasiya gözləntilərinin səngidiyini bildirdi.
Ölkəmizdə həyata keçirilən islahatlar Davos Ümumdünya İqtisadi Forumunun 2017-ci ildə rəqabət qabiliyyətlilik indeksi ilə bağlı hesabatında Azərbaycan iki pillə irəliləyərək dünya ölkələri arasında 35-ci yerə layiq görülüb. Cənab Prezident qeyd etmişdir ki, “...dünya miqyasında 35-ci yeri tutmaq doğrudan da, böyük nəticədir, böyük qələbədir. Biz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyimizi qoruyuruq və möhkəmləndiririk. Hesab edirəm ki, beynəlxalq iqtisadi birlik tərəfindən bizim iqtisadi islahatlarımıza verilən ən böyük qiymət məhz Davos Forumunun reytinqidir və bunun da əsası var. Çünki son illər ərzində ölkəmizdə aparılan quruculuq və inkişaf işləri, bax, bu nəticələrə gətirib çıxarmışdır”.
Düşünülmüş neft-qaz strategiyasının həyata keçirilməsi nəticəsində respublikamızda işsizliyin 5%, yoxsulluğun isə 5,4% təşkil etməsi, qeyri-neft sektorunun 2,5%, bu göstəricinin sənaye sahəsinin qeyri-neft sektorunda 3,6%, kənd təsərrüfatında 4,1% artması bunu bir daha təsdiqləyir. Bu, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələsi öz həllini uğurla tapır.
Ölkə iqtisadiyyatına 2004-2017-ci illərdə 225 milyard, o cümlədən 2017-ci ildə isə 14,6 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 12% artaraq 21,8 milyard ABŞ dolları təşkil etmiş, əmtəə ixracı isə 19% artaraq 14 milyard ABŞ dollarını üstələyib. Bununla bərabər, ötən ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 447 milyon manat və xərcləri 17 milyard 588 milyon manat təşkil etmişdir. Dövlət büdcəsinin gəlirləri və xərcləri proqnoza qarşı 98% səviyyəsində icra olunmuşdur.
Dövlətimizin başçısı proqram xarakterli nitqində demişdir: “Sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir. Bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət bunu təsdiqləyir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ölkə rəhbərinin dövlətçiliyə, dövlət atributlarına, dövlətçilik ənənələrinə sədaqətinin daha bir bariz nümunəsidir.
Cənab Prezidentin rəhbərliyi ilə son illərdə respublikada həyata keçirilən iqtisadi islahatlar rayonun da sosial-iqtisadi inkişafında çox böyük irəliləyişlərə səbəb olmuş, istehsal və əhali gəlirləri artmışdır.
İlkin hesablamalara görə 2017-ci ildə rayonda əsas sahələr üzrə məhsul istehsalının həcmi xeyli artmışdır. Bu müsbət nəticələr tikinti-abadlıq və  əsasən də kənd təsərrüfatı sahələrində görünməkdədir.
Vətəndaşlarla aparılmış maarifləndirmə və izahat işləri nəticəsində əkin sahələrinin dövriyyəsi xeyli artmışdır. Taxıl, kartof, tərəvəz sahələrindən, meyvə bağlarından bol məhsul əldə edilmişdir.
Ənənəvi kənd təsərrüfatı sahələrinin bərpası sahəsində rayonumuzda da işlər aparılır. Belə ki, keçən il 25 hektar sahədə tütün, ilk dəfə olaraq 50 hektar sahədə 60 mindən artıq fındıq tingləri əkilmişdir. Qarşıdakı ildə tütün sahələrinin, fındıq bağlarının genişləndirilməsi nəzərdə tutulmuşdur. Tütünçülüyün inkişafı ilə bağlı ərazilərimizdə bir neçə tütün qurutma məntəqəsinin tikilməsi ilə bağlı işlər həyata keçirilir.
Hesabat ilində heyvandarlıq sahəsində də uğurlara imza atılmışdır. Heyvanların baş sayı əvvəlki illərə nisbətən azalsa da cins tərkibinin yaxşılaşdırılması ilə bağlı mühüm işlər həyata keçirilmişdir. Rayonun Blaband və Rəzgov kəndlərində yeni heyvandarlıq fermaları inşa edilmişdir. Rayona 150-ə yaxın iri buynuzlu cins heyvan gətirilmişdir. Süni mayalanma yolu ilə heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilir.
Cari ildə Lerik “Broyler” quşçuluq müəssisəsi tam gücü ilə işləməmişdir. Quşçuluq müəssisəsində 2017-ci ildə 1 milyon 010 min baş quş yetişdirərək 10,04 sentner quş əti istehsal edilib satılmışdır.
2017-ci ildə 52 milyon 435 min manatlıq bitkiçilik və heyvandarlıq məhsullar istehsal edilmişdir ki, bu da 2016-cı illə müqayisədə 5 milyon 598 min manat və ya 12% çoxdur.
  Veri-Əliabadı və Piran kəndində iş adamları tərəfindən 2 hektar torpaq sahəsində, ümumi sahəsi 15704 m2 olan 44 istixana tikilmişdir. 15-20 nəfər kənd sakininin işlədiyi istixanaların beşində qərənfil, digərlərində isə pomidor və xiyar becərilir.
Divağac kəndində iş adamı Əliyev Fizuli Şahverən oğlu tərəfindən keçmiş quşçuluq fermalarının özəlləşdirilmiş ərazisində tikinti altı sahəsi 420 m2, tutumu 200 ton, ümumi smeta dəyəri 370 min manat həcmində olan soyuducu anbarın tikintisinə başlanılmışdır. Artıq tikintidə 212 min manatlıq tikinti işləri həyata keçirilmişdir.
“52 nömrəli Yol İstismar” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən hesabat ilində Lənkəran-Lerik avtomobil yolunun dağılmış hissələrinə asfalt döşənmiş, istinad divarları tikilmiş, sürüşmələrin qarşısı alınmış, yol bərpa edilmişdir. Ümumilikdə 2017-ci ildə cəmiyyət tərəfindən keçən ilin müvafiq dövrünə nisbətən 138,7 min manat çox, 746 min manatlıq iş görülmüşdür.
Son illər ölkə rəhbərinin yol infrastrukturunun yenilənməsi ilə bağlı verdiyi sərəncamlara uyğun olaraq 26,5 km-lik Lerik-Qosmalıan-Kəlvəz avtomobil yolu inşa edilmiş, 36 km-lik Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi davam etdirilir.
2017-ci ildə Lerik şəhərində 976 min manat dəyərində tikinti-abadlıq işləri həyata keçirilmişdir. İstinad divarı hörülmüş, divarlar ağlay daşlarla üzlənmiş, səki və meydançalara tamet döşənmiş, beton işləri görülmüş, beton səki daşları düzülmüş, suvaq işləri aparılmış, küçə, meydan və parklarda yeni işıqlandırma dirəkləri quraşdırılmış, şəhərdaxili küçələrə asfalt döşənmiş, kommunal binaların bloklarında təmir işləri həyata keçirilmişdir.
Heydər Əliyev Mərkəzində il ərzində tədbirlər planına uyğun olaraq silsilə tədbirlər, o cümlədən “Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi” və “Region gəncləri erkən nikahlara qarşı” dəyirmi masaları, Regional inkişaf ictimai birliyinin könüllülər üçün maarifləndirici təlimləri, Ümumdünya turizm günü ilə bağlı Azərbaycanda turizmin inkişaf perspektivləri, Gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliği mövzularında seminarlar və digər ümumrayon tədbirləri keçirilmişdir.
Rayon icra hakimiyyətində respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilmiş, yüksək bal toplayanlara qiymətli hədiyyələr verilmişdir.
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Amerika Birləşmiş Ştatları və Fransa Respublikasının elm ocaqlarında çalışan həmkarları ilə birgə Gürdəsər və Monidigah kəndlərinin ərazisində elmi yeniliklərlə zəngin olan tədqiqatlar aparmışdır. Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı arxeoloji qazıntılar zamanı Gürdəsər kəndində, “Piboz təpə” adlanan ərazidə eramızdan əvvəl  V əsrə aid edilən məzarlıq aşkarlanmışdır. Ərazidə 120-dən çox qəbir tapılmişdır. Tədqiqatçılar eramızdan əvvəl V-III əsrlərdə burada yaşayışın olduğunu, nekropolda Əhməni və Prafiya dövlətlərinin mədəni təsirinin izləndiyini deyirlər. Qəbirlərdə müxtəlif növ qılınc, bıçaq, nizə başlıqları, küp qablar, bilərziklər, xəncərlər, gümüş və tuncdan hazırlanmış bəzək əşyaları və maraqlı bədii tərtibatı olan saxsı qablar da aşkar edilmişdir.
Monidigah kəndində aparılan arxeoloji qazıntılar zamanı isə 3 min illik tarixə malik daş qutu qəbirlər aşkarlanmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2017-ci ildən başlayaraq 2021-ci ilədək hər ildə orta hesabla 80 hektar, cəmi 400 hektar yeni meyvə bağlarının salınması planlaşdırılmışdır. Rayon meşə mühafizəsi və bərpası müəssisəsinin kollektivi hesabat ilinin yaz və payız mövsümündə 88 hektar sahədə qoz cinsindən olan bağ salmışdır. YAP rayon təşkilatının fəal üzvləri də nazirliyin təşəbbüsünə qoşularaq iməcilik yolu ilə  meyvə ağaclarının əkilməsində iştirak etmişlər.
Mövsümə uyğun olaraq rayon icra hakimiyyəti rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarla birlikdə Lerik şəhərində mövcud olan park və xiyabanlarda, ərazilərə gedən avtomobil yollarının kənarlarında müxtəlif növ ağac, kol və güllər əkmişlər.
2017-ci il ərzində rayon üzrə 617 min manatlıq elektrik  enerjisi istehsalı olmuş, əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi daim nəzarətdə saxlanılmışdır. Son illərdə 10-04 kv-luq elektrik hava xətlərində 3 mindən yuxarı ağac dirək dəmir dirəklərlə əvəzlənmiş, naqillər dəyişdirilmişdir. Lerik şəhərində 3, kəndlərdə isə 13 müasir tipli 10/0,4 kv-luq transformatorlar şəbəkəyə qoşulmuşdur. Lerik şəhərində 12,6 meqavat gücündə yeni müasir tipli “Lerik” yarımstansiyası istifadəyə verilmişdir. Kəlvəz, Mistan, Andurma, Rəzgov kəndlərində 0,4 kv-luq hava xətlərində sipləşmə işləri başa çatdırılmış, Orand, Lüləkəran və Şingədulan kəndlərində  işlər davam etdirilir.
Ölkə başçısının qayğı və diqqəti ilə artıq rayonun 48 yaşayış məntəqəsi tam qazlaşdırılmış, 4372 əhali və 57 qeyri-əhali abonenti qazla təmin olunmuşdur. Hesabat ilində Milli Məclisin deputatının iştirakı ilə Mastail, Əvilə və Murya kəndlərinə mavi qazın verilməsi mərasimləri keçirilmişdir. Hal-hazırda Durğan kəndinin qazlaşdırılması ilə bağlı işlər davam etdirilir. Evlərin sayı 100-dən yuxarı olan yaşayış məntəqələrinin qarşıdakı illərdə qazlaşdırılması ilə bağlı tələb olunan müvafiq sənədlər hazırlanaraq Prezident Administrasiyasına, “ Azəriqaz” İB-nə təqdim edilmişdir.
Su-kanal idarəsi rayonda fəaliyyətdə olan sənaye müəssisəsi olmaqla içməli suyu ancaq Lerik şəhərindəki əhaliyə verir. İl ərzində 9,3 min manat dəyərində su idarə və müəssisələrə, 50,3 min manat dəyərində su isə əhaliyə satılmışdır.
Lerik şəhərinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması ilə bağlı Qosmalıan-Lerik yüksək təzyiqli magistral su xətti, şəhərdaxili su və kanalizasiya xətlərinin bir hissəsi quraşdırılmış, bir neçə məhəllədə sututarları inşa edilmişdir. Hal-hazırda içməli suyun təmizlənərək əhaliyə verilməsi, çirkab suların təmizlənməsi üçün qurğular inşa edilir, tikintidə son tamamlanma işləri həyata keçirilir.
Cənab Prezidentin Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzaladığını və cari ildə aprelin 11-də keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin namizədliyi partiyanın 8 fevral 2018-ci il tarixdə keçirilən Qurultayında yekdilliklə irəli sürülmüşdür. Bu təklif bütün xalqımızın ürəyincə olan təklifdir və biz leriklilər də həmişə cənab Prezidentin siyasətini dəstəkləmişik.
Daha sonra natiq rayonda əldə edilmiş uğurlarla yanaşı, ölkə başçısının vətəndaş-məmur münasibətləri ilə bağlı tələbkarlığına uyğun vətəndaşların qəbulu, müraciətlərinə baxılması və kargüzarlıq işlərinin aparılması vəziyyəti haqqında məlumat verdi.
Məruzə ətrafında rayon maliyyə idarəsinin müdiri Elman Abbasov, kənd təsərrüfatı idarəsinin müdiri Mahmud Zahidov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və  Şəhid  Ailələri İctimai Birliyinin Lerik rayon şöbəsinin sədri Veysəl Məlikov, sahibkar Ümidvar Kəlbiyev, ağsaqqal Vahid Cəbrayılov çıxış edərək 2017-ci ildə rayonda ayrı-ayrı sahələr üzrə görülən işlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Şura iclasında Lerik peşə məktəbinin müəllimi Rəsmiyyə Ağayeva çıxış edərək xalçaçılığın inkişafında səmərəli fəaliyyətinin qiymətləndirilərək “Tərəqqi” medalı ilə təltif edildiyinə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirdi.
Şura iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədov çıxış edərək 2017-ci ildə cənab Prezidentin düşünülmüş məntiqli, uğurlu siyasəti nəticəsində ölkəmizdə siyasi sabitliyin və təhlükəsizliyin qorunduğunu, kənd təsərrüfatının dinamik inkişaf etdiyini vurğulayaraq ümumdaxili məhsulun, qeyri neft sektorunun, valyuta ehtiyatlarımızın artığını qeyd etdi. Keçirilən zona müşavirələrində, Nazirlər Kabinetinin iclasında və Dövlət Proqramının icrasının 4 illiyi ilə bağlı keçirilən konfransda cənab Prezident tərəfindən ölkə iqtisadiyyatının əsas sahələrindən sayılan kənd təsərrüfatının inkişafı ilə bağlı konkret tapşırıq və tövsiyələrini verildiyini diqqətə çatdırdı, istehsalın artırılması ilə bağlı fermerlərə lazımı dövlət dəstəyinin göstərilməsi istiqamətində müvafiq tapşırıqların verildiyini bildirdi. Rayonda görülən işləri qeyd etdi, qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini çatdırdı.
Sonda Şura iclasının gündəliyində duran məsələ ilə bağlı müvafiq qərar, yığıncaq iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Keçidlər