Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon Veteranlar Şurasının XIII konfransı keçirilmişdir

24 noyabr 2012 | 16:00

2012-ci il noyabrın 23-də Lerik Rayon Veteranlar Şurasının XIII konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzdülər.
Konfrans açıq elan edildikdən sonra vəfat etmiş veteranların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransın işçi heyəti seçildi. Lerik Rayon Veteranlar Şurasının sədri Hidayət Bəşirov hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının rəhbərliyi altında fəaliyyət göstərən Lerik Rayon Veteranlar Şurası öz işində Azərbaycan Respublikasının Konstitusiyasını, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununu, digər normativ hüquqi aktları əsas tutur. Sevindirici haldır ki, bu gün müharibə veteranlarının sosial müdafiəsi xeyli gücləndirilmiş, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Böyük Vətən müharibəsi iştirakçılarına, arxa cəbhədə fədakarlıq göstərmiş, orden və medallarla təltif edilmiş şəxslərə hər il Qələbə Günündə bir qayda olaraq maddi köməklik göstərilməsi, onların bir çoxunun mənzil və avtomaşınla təmin edilməsi, sanatoriya və xəstəxanalarda pulsuz müalicə olunması və həyata keçirilən digər tədbirlər buna parlaq sübutdur. Hər il Qələbə Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Böyük Vətən müharibəsi iştirakçılarına, habelə Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakarlıq göstərmiş şəxslərə birdəfəlik maddi yardımlar verilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli Fərmanı ilə “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli Sərəncamı ilə müharibə əlili olmayan Böyük Vətən müharibəsi iştirakçılarına da Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bütün bunlara görə cənab Prezidentə minnətdarlığını ifadə edən natiq qeyd etdi ki, ümumiyyətlə, Böyük Vətən müharibəsi veteranları ilə yanaşı, Qarabağ müharibəsi veteranları, əmək veteranları, hüquq mühafizə orqanları veteranları da dövlətin diqqət və qayğısından kənarda qalmamış, onların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə rayon veteranlar şurası tərəfindən gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində də müəyyən işlər görülmüşdür. Gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimlərində veteranlar da iştirak etmiş, onlara xeyir-dua vermişlər.
Məruzə ətrafında çıxış edənlər ötən konfransdan keçən dövr ərzində rayon veteranlar şurasının gördüyü işlərdən bəhs etdilər, bir sıra dəyərli təkliflər səsləndirdilər. Daha sonra rayon veteranlar şurasının plenumunun yeni tərkibi, nəzarət-təftiş komissiyası seçildi. Konfransda həmçinin Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının V qurultayına nümayəndə seçildi. Müzakirələrdən sonra konfransın qətnaməsi qəbul edildi.
Rayon veteranlar şurasının yeni seçilmiş plenumunun birinci iclasında Hidayət Bəşirov yenidən Lerik Rayon Veteranlar Şurasının sədri seçildi. İclasda həmçinin sədrin müavini, şuranın məsul katibi, rəyasət heyətinin və şuranın daimi komissiyalarının yeni tərkibi seçildi.
 

Keçidlər