“Yerli İdarəetməyə Yardım”
15 noyabr 2012-ci il tarixdə Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən “Demokratik dəyərlərə yiyələnək, hüquqları qoruyaq” layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzində əsas demokratik dəyərlərdən istifadənin təşviq edilməsi üçün yerli səviyyədə resursların səfərbər edilməsi mövzusunda dəyirmi masa keçirilmişdir. Yerli idarə, təşkilat və müəssisələrin, bələdiyyələrin, hüquq mühafizə orqanlarının, ümumtəhsil məktəblərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, ekspert və mütəxəssislərin iştirakı ilə keçirilmiş tədbirdə demokratik dəyərlər, seçim etmək mədəniyyəti, bu mədəniyyətin artırılmasında kütləvi informasiya vasitələrinin rolu, qızların məişətdə və sosial həyatda seçim etmələrinə təsir göstərən amillər və digər mövzularda çıxışlar dinlənilmişdir. Qeyd edilmişdir ki, “Demokratik dəyərlərə yiyələnək, hüquqları qoruyaq” layihəsi Azərbaycan Respublikasının cənub bölgəsinin əhalisi arasında əsas demokratik dəyərlərin təşviq edilməsi, gənc qızların məişətdə və sosial həyatda seçim etmək mədəniyyətinin formalaşmasına və inkişafına dəstək verməyə xidmət edir. Layihə həmçinin bütövlükdə əhalinin həssas qrup üzvlərinə reabilitasiya dəstəyi verməyi də nəzərdə tutur. Layihənin hədəf qrupuna daxil olan insanlar 14–18 yaşlı qızlar, erkən nikahın qurbanı olmuş qadınlar və onların valideynləri, eləcə də qərar qəbulunda önəmli rola malik olan qurumların nümayəndələridir. Tədbirdə qeyd olunan mövzular ətrafında geniş müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılmışdır.