Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi qeyd edildi

15 noyabr 2017 | 16:00

Lerik Rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov, YAP Lerik rayon təşkilatının fəal üzvləri, rayonun hüquq mühafizə orqanların, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər gül-çiçək dəstələri düzdülər.
Sonra tədbir Lerik Rayon Mədəniyyət Mərkəzində davam etdirildi.
Tədbiri giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev tədbir iştirakçılarını salamladı və YAP-nın yaranmasının 25 illiyi münasibəti ilə təbrik etdi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, Yeni Azərbaycan Partiyası xalqı ciddi şəkildə narahat edən məsələlərin həllinə nail olmaq istəyindən meydana gəlmişdir. Ümummilli lider Heydər Əliyev partiyanın II qurultayında demişdir: “YAP o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafeyinə xidmət etmək üçün və xalqın ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələbinə uyğun olaraq yaranmış bir partiyadır.”
Müstəqilliyin ilk illərində ölkədəki ictimai-siyasi vəziyyət getdikcə pisləşir, hakimiyyət uğrunda mübarizə artıq ayrı-ayrı partiyalara və şəxslərə mənsub olan qeyri-qanuni silahlı dəstələrə keçir və  ictimai-siyasi gərginlik günü-gündən artırırdı. Yarıtmaz xarici siyasət Azərbaycanı beynəlxalq aləmdən təcrid etmişdi. Ölkənin parçalanması, dövlətimizin və dövlətçiliyimizin məhv olması təhlükəsi yaranmış, daxili hərc-mərclik qorxulu həddə çatmışdı. Ayrı-ayrı bölgələrdə Azərbaycanı parçalamaq siyasəti həyata keçirilirdi. Ümumilikdə ölkəni anarxiya və xaos bürümüşdü.
Azərbaycanın taleyini, müstəqilliyimizin itirilmək təhlükəsini düşünən bir qrup ziyalı 1992-ci il oktyabrın 16-da Yeni Azərbaycan Partiyasını yaratmaq və ona rəhbərliyi öz üzərinə götürmək xahişi ilə Heydər Əliyevə müraciət  etdilər. Müraciətdə deyilirdi: “Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübəsinə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək mexanizmə malik bir siyasi partiya yaratmağa qadirsiniz. Biz, həm öz adımızdan, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Azərbaycanın ən yeni tarixinə “91-lərin müraciəti” kimi daxil olmuş həmin sənəd, əslində bütün xalqın arzu və istəyini ifadə edirdi. Heydər Əliyev oktyabrın 24-də ziyalılara göndərdiyi cavabında yeni yaradılacaq  partiyaya rəhbərlik etməsi barədə  müraciəti qəbul etdiyini bildirdi. Dahi şəxsiyyət Heydər Əliyevin “91-lərin müraciətinə” cavabının mətbuatda dərc olunması ilə Yeni Azərbaycan Partiyasının yaranması prosesi başlandı, minlərlə insan taleyini bu partiya ilə bağlamaq arzusunu açıq ifadə etdi. Lakin, heç bir hakimiyyət iddiası nümayiş etdirməyən və qarşısına belə bir məqsəd qoymayan partiyanın təsis konfransının Bakı şəhərində keçirməyə o vaxtkı iqtidar icazə vermədi. Yeni Azərbaycan Partiyası blokada şəraitində yaşayan Naxçıvanda yarandı. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə, Azərbaycanın bütün regionlarından seçilmiş 550 nümayəndənin təmsil olunduğu təsis konfransı keçirildi və Yeni Azərbaycan Partiyasının yarandığı elan edildi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
Xalqın və zamanın tələbi ilə yaranan YAP Heydər Əliyevin rəhbərliyi altında çox böyük tarixi yol keçərək Azərbaycanın inkişafı, müstəqil dövlət kimi formalaşması üçün bir sıra çətinlikləri aradan qaldırdı, xalqın birlik simvoluna çevrildi. Qısa vaxt ərzində Heydər Əliyevin partiyası adlanan və xalq tərəfindən sevilən YAP-nın respublikanın bütün bölgələrində ilk təşkilatları yarandı. 20-21 dekabr 1999-cu il YAP-nın birinci qurultayında Heydər Əliyev öz çıxışında çox aydın şəkildə qeyd etmişdir: “Partiyanı bir adam yox, o illərdə Azərbaycanın ağır vəziyyətini görən, buna dözə bilməyən və bu ağır vəziyyətdən çıxış yolunu axtaran insanlar və xüsusən ziyalıların hamısı birlikdə yaradıblar.”
Ancaq hamımıza aydındır ki, o vaxtlar respublikamızın tanınmış ziyalılarının məhz Heydər Əliyevə müraciəti heç də təsadüfi deyildi. Çünki, o zaman xalq da artıq başa düşürdü ki, yenidən qazanılmış müstəqilliyi xilas etmək üçün dövlətçilik təcrübəsi, siyasi iradəsi, qətiyyəti və cəsarəti, müdrikliyi olan bir lider olmalıdır.
Yalnız 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan məhv olmaq təhlükəsindən, xaos və anarxiyadan xilas edildi, dövlət çevrilişi və vətəndaş müharibələrinin qarşısı məharətlə alındı, cəbhə xəttində atəşkəsə nail olundu, milli Konstitusiyanın qəbulu və bütün sahələr üzrə qanunvericilik bazasının yaranması ilə yeni dövlət quruculuğuna başlandı.
Cənab Prezidentin  regionlara , o cümlədən Lerikə olan qayğı və diqqətinin hər birimiz canlı şahidiyik. Respublikanın hər yerində olduğu kimi rayonumuzda da sürətli inkişaf hər bir leriklini sevindirir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” rayonumuzda uğurla icra edilir. Belə ki, Lerikin 46 ucqar kəndinə qaz verilmiş, 3 kəndə qaz çəkilişi davam edir. Evlərin sayı 100-dən yuxarı olan yaşayış məntəqələrinin qarşıdakı illərdə qazlaşdırılması ilə bağlı tələb olunan müvafiq sənədlər hazırlanaraq “Azəriqaz” İB-nə təqdim edilmişdir.
Ümumilikdə son illərdə Lerikdə 53 məktəb tikilmiş və əsaslı təmir olunmuşdur. 2017-ci ildə Qələbin, Bobla, Vov, Veri-Əliabadı, Kaqoy və Almu kəndlərində 56 şagird yerlik, Axunəhiran və Tikəband kəndində isə 20 şagird yerlik modul tipli məktəb binalarının tikintisi üçün vəsait ayrılmış və artıq Almu, Qələbin, Veri-Əliabad və Bobla kənd məktəbləri istifadəyə verilmişdir. 180 şagird yerlik Boykəndil kənd tam orta və Əvilə kənd ümumi orta məktəblərində tikinti işləri davam etdirilir.
Lerik şəhərinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması ilə bağlı Qosmalıan-Lerik yüksək təzyiqli magistral su xətti, şəhərdaxili su və kanalizasiya xətlərinin bir hissəsi quraşdırılmış, bir neçə məhəllədə sututarları inşa edilmişdir. Hal-hazırda çirkab sularının təmizlənməsi üçün qurğular inşa edilir, tikintidə son tamamlanma işləri həyata keçirilir.
Rayon əhalisinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi daim nəzarətdə saxlanılmışdır. Cənab Prezidentin bilavasitə tapşırığı ilə 17 Meqavatlıq modul tipli elektrik stansiyası tikilmiş, Lənkəran-Hamarat-Lerik, Masalı-Yardımlı-Lerik yüksək gərginlikli elektrik hava xətləri yenidən qurulmuş, son iki ildə 10-04 kv-luq elektrik hava xətlərində 2 mindən yuxarı ağac dirək dəmir dirəklərlə əvəzlənmiş, naqillər dəyişdirilmişdir. 3 yaşayış məntəqəsində dayaqların dəyişdirilməsi, elektrik hava xətlərinin sip kabellərlə əvəzlənməsi, abonentlər üçün smart kartlı sayğacların quraşdırılması işləri başa çatdırılmış, Şingədulan, Andurma, Lüləkəran, Orand kəndlərində isə tikinti işləri davam etdirilir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda yeni istehsal sahələrinin yaradılması, əhalinin maddi rifah halının daha da yaxşılaşdırılması üçün müxtəlif növ tədbirlərin həyata keçirilməsi, eləcə də əmək ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində ardıcıl olaraq işlər görülməkdədir.
Yol infrastrukturunun yenilənməsi ilə əlaqədar cənab Prezidentimizin Sərəncamı ilə Lerik-Qosmalıan-Kəlvəz və Noda-Şingədulan-Xanəgah  avtomobil yolları əsaslı şəkildə yenidən tikilmişdir.
Bütün bu nailiyyətlərin, uğurlu inkişafın əldə edilməsi Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevi məqsədyönlü siyasətin nəticəsidir.
Rayonda ictimai-siyasi fikrin daşıyıcısı olan əsas təbəqə Yeni Azərbaycan Partiyasının sıralarında birləşərək dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə sədaqətlə xidmət edir. Yeni Azərbaycan Partiyası rayon təşkilatının üzvlərinin sayı 130 nəfər artaraq 4070 nəfərə, ilk təşkilatların sayı 53-dən 58-ə çatmışdır.  Qadınların sayı 21 nəfər artaraq 699, gənclər 83 nəfər artaraq 1883 nəfər olmuşdur. Təşkilatın üzvlərinin 46,2 faizini gənclər təşkil edir
Azərbaycanın müstəqillik tarixində böyük seçki təcrübəsinə malik olan Yeni Azərbaycan Partiyası  24 il ərzində keçirilən bütün seçki kompaniyalarında xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq qələbə qazanmışdır. 2018-ci ildə keçiriləcək növbəti Prezident seçkilərində də bütün xalqımız və həmişə Heydər Əliyev siyasətinə sadiq olan leriklilər Heydər Əliyev siyasətinin davamçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin namizədliyini irəli sürərək onu dəstəkləyəcək.
Partiyanın hər bir üzvü qarşısında duran əsas məsələnin möhtərəm Prezidentimizin uğurlu siyasətini təbliğ etmək olduğunu və xalqımızın bu ideyalar ətrafında daha sıx birləşdiyini qeyd edən natiq  bu işdə partiya üzvlərinə uğurlar arzuladı.
Məruzə ətrafında YAP Lerik rayon təşkilatının aparat rəhbəri Elxan Qənbərov, rayon Veteranlar Şurasının sədri Hidayət Bəşirov, Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, rayon təşkilatının Əliabad ərazi ilk partiya təşkilatının sədri Əkrəm Abdullayev və partiyanın gənc üzvü Nübar Cəfərli çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, uğurlarından söhbət açdılar, partiyanın keçdiyi tarixi yol barədə məlumat verərək və 25 illik münasibəti ilə təbriklərini çatdırdılar.
Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov və Milli Məclisin deputatı iqbal Məmmədov çıxış edərək partiyanın yaranmasının 25 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik etdilər. Yeni Azərbaycan Partiyasının 1992-ci ildə zərurətdən ulu öndər, əbədiyaşar Prezident Heydər Əliyev tərəfindən yarandığını bildirdilər.
Xalqın təkidi və tələbi ilə 1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızın məhv olmaq təhlükəsindən xilas edildiyini vurğuladılar. Dövlət çevrilişi və vətəndaş müharibələrinin qarşısının alındığını, cəbhə xəttində atəşkəsə nail olunduğunu, milli Konstitusiyanın qəbul edildiyini və yeni dövlət quruculuğuna başlandığını qeyd etdilər.
Bu gün YAP-nın ölkənin siyasi həyatında ən güclü və aparıcı partiya olduğunu, Heydər Əliyev siyasi kursunun  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, xalqın rifah halının günü-gündən yaxşılaşdığını, respublikamızın hər yerində aparılan abadlıq, quruculuq-tikinti işləri söhbət açaraq son illərdə respublikamızda işsizliyin və yoxsulluğun azaldığını bildirdilər.
Azərbaycanın bugünkü inkişafında, Yeni Azərbaycan Partiyasının möhkəmləndirilməsində əvəzsiz xidmətləri olan cənab İlham Əliyevin titanik fəaliyyətini diqqətə çatdırdılar. Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və sabahın partiyası olduğunu vurğulayaraq rayon gənclərinə Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda partiya ətrafında sıx birləşməyi tövsiyə etdilər.
Sonra YAP Lerik rayon təşkilatı tərəfindən rayonun bir qrup fəal partiya üzvlərinə partiyanın Fəxri Fərmanı və qiymətli hədiyyələr verildi, yeni qəbul edilmiş üzvlərə partiya biletləri təqdim edildi.
Sonda Azərbaycan Respublikasının Prezidentinə tədbir iştirakçıları adından müraciət qəbul edildi.
Tədbir rayon mədəniyyət mərkəzinin bədii özfəaliyyət kollektivinin rəngarəng musiqi nömrələri ilə davam etdirildi.

Keçidlər