Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində yola düşəcək məktəblilərlə görüşə həsr olunmuş Şuranın iclası keçirildi

10 noyabr 2017 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında rayon icra hakimiyyəti başçısı yanında Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş Şuranın iclası keçirildi. Şura iclasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, rayonun hüquq mühafizə, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər, veteranlar, ictimaiyyət nümayəndələri və 11-14 noyabr tarixlərində Gəncə-Şəmkir-Göygöl rayonlarına yola salınacaq məktəblilər iştirak edirdi.
İclası giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov tədbir iştirakçılarını əlamətdar 09 Noyabr Dövlət Bayrağı Günü və 12 Noyabr Konstitusiya Günü münasibətilə təbrik etdi. Bildirdi ki, artıq 4-cü ildir ki, Azərbaycanın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur aksiyası təşkil olunur. Ölkə başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar ənənə halını almışdır.
Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Ötən müddətdə respublika üzrə ildə 2 dəfə olmaqla 7 istiqamət üzrə 7 tur-aksiya təşkil olunub. Bütün bölgələrin əhatə olunduğu bu tur-aksiyada 13648 nəfər məktəbli iştirak edib. Noyabrın 11-14-ü və 16-19-u tarixlərini əhatə edəcək növbəti tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3213 nəfərin iştirakı nəzərdə tutulur.
İndiyə qədər rayonumuzun 149 nəfər məktəblisi Gəncə-Göygöl-Şəmkir, Quba-Qusar-Xaçmaz və Naxçıvan istiqamətləri üzrə tur-aksiyalarda iştirak etmişdir. Digər şəhər və rayonlardan 1000 nəfər şagird tur-aksiyalar zamanı rayonumuzda olmuşdur.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2014-cü ildən başlayaraq təşkil olunan tur aksiyalarda əsas məqsəd gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir.
Son illər ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan Prezident cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamız dinamik sosial-iqtisadi inkişaf edir. Ölkəmizin bütün regionları gündən-günə abadlaşır, şəhər və rayonlarımızın siması yeniləşir. Dövlət Proqramlarının uğurlu inkişafı nəticəsində rayonumuzda da quruculuq, abadlıq-tikinti işləri aparılır. 53 yeni məktəb binası tikilmiş, 47 kəndimizə qaz xətləri çəkilmiş, yollarımız asfaltlaşdırılmış, səhiyyə müəssisələri, sosial obyektlər inşa edilmişdir.
Cənab Prezidentin uğurlu xarici siyasətindən söhbət açan rayon icra hakimiyyətinin başçısı “Əsrin müqaviləsi” adını almış neft kontraktının vaxtının uzadılması, TAP və TANAP layihələrinin uğurla icra olunması, bu günlərdə istifadəyə verilmiş Bakı-Tibilisi-Qars dəmir yolunun əhəmiyyəti və sair bu kimi beynəlxalq  əhəmiyyətli layihələr barədə görüş iştirakçılarına ətraflı məlumat verdi.
Natiq çıxışında həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına, ekologiyanın qorunmasına diqqətindən, hər il ölkə vətəndaşlarının pulsuz müayinənə cəlb olunmasından, şəhid və əlil ailələrinə, qaçın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, internat və qocalar evlərində yaşayanlara dövlət qayğısından söhbət açdı.
Bildirdi ki, Gəncə-Göygöl-Şəmkir istiqaməti üzrə səfər edəcəyiniz şəhərlərdən Azərbaycanın 2-ci ən böyük şəhəri – Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə ətraflı tanış olacaq, Göygöl və Şəmkir şəhərlərinə gedərək oranın görməli və tarixi yerləri, bu yerlərin yaranma tarixi və əhəmiyyəti haqda biliklər əldə edib, evlərinizə çox böyük təəssüratlarla qayıdacaqsınız.
Artıq qrupun yola düşməsi üçün bütün təşkilati məsələlər həll olunmuş, rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilib, icra hakimiyyətində yaradılan qərargah tərəfindən qrupa rəhbər təyin edilmişdir. Şagirdlər üçün xüsusi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və digər məsələlər müəyyən edilib, qrup nəqliyyat vasitəsi ilə təmin olunmuşdur.
Tur zamanı, həmçinin asudə vaxtlarınızın səmərəli təşkili də nəzərə alınmışdır. Mən inanıram ki, siz rayonumuzu, təhsil aldığınız məktəbi layiqincə təmsil edəcəksiniz.
Daha sonra şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin direktoru Gültəkin Şıxəliyeva, şəhər 3 saylı məktəbin müəllimi Aygün Rüstəmova, valideynlərdən şəhid anası Elmira Vəliyeva, İlham Zülfiyev, Ələkbər Salayev, tur aksiyanın əvvəlki iştirakçılarından Kənan Seyfullayev və tur aksiyaya ilk dəfə qoşulan Rusif Nəzərov çıxış edərək ölkəmizin tanınmasında belə tur aksiyaların əhəmiyyətindən danışaraq Prezident cənab İlham Əliyevə  dərin minnətdarlıqlarını bildirdilər.
Rayon icra hakimiyyətinin başçısı bildirdi ki, cənab Prezidentin tövsiyəsinə uyğun olaraq hər il ölkəmizdə həyata keçirilən bu tur aksiyalar ilə yanaşı səhiyyə, təhsil, ekoloji və digər sahələrdə də maarifləndirici aksiyalar keçirilir. Belə aksiyalarda yüzlərlə, minlərlə vətəndaşımız iştirak edərək, cənab Prezidentin hər bir vətəndaşa qayğısını hiss edirlər. Bu qayğı və diqqət bir daha onu sübut edir ki, O, hər vətəndaşın  Prezidentidir. Rayon icra hakimiyyəti başçısı məktəblilərə tövsiyələrini bildirdi və onlara yaxşı yol arzuladı.
Sonra Şura iclasının gündəliyində olan məsələlərlə bağlı rayon icra hakimiyyəti başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədovanın və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramovun arayışları dinlənildi.
Şura iclasına müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi.

Keçidlər