Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrlə bağlı rayon icra hakimiyyəti başçısının hesabatına həsr olunmuş Şuranın geniş iclası keçirildi

13 oktyabr 2017 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr və 2017-ci ilin doqquz ayında Lerik rayonunda görülmüş işlər, qarşıda duran vəzifələr” barədə Şuranın geniş iclası keçirildi.
Şura  iclasını giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov  Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı Azərbaycanda qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına mühüm önəm verilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik problemlərinin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərin olduğunu, valyuta ehtiyatlarımızın 4,5 milyard manat artdığını diqqətə çatdırdı. Yaxın günlərdə ölkəmizin dünya iqtisadi forumu tərəfindən rəqabət qabiliyyətliliyinə görə irəliləyərək 37-ci yerdən 35-ə qalxmasını cənab Prezidentin uzaqgörənliklə həyata keçirdiyi iqtisadi siyasətinin nəticəsi olduğunu bildirən natiq hələ qarşıdakı illərdə də valyuta ehtiyatlarımızın daha da artacağını, ərazilərdə yeni infrastrukturların, yolların tikiləcəyini vurğuladı. Bu inkişafın rayonumuzun da iqtisadiyyatına, əhalinin həyat şəraitinin yaxşılaşmasına təsirini bir daha diqqətə çatdırdı. Keçən 9 ay ərzində əvvəlki illərdə olduğu kimi rayonumuzda aparılan quruculuq-abadlıq işləri barədə məlumat verərək şəhər və kəndlərimizdə abadlıq işlərinin  davam etdirildiyini bildirdi.
Rayonumuzun aqrar rayon olduğunu qeyd edən rayon icra hakimiyyəti başçısı əhalinin əsas məşğuliyyətinin əkinçilik və heyvandarlıq olduğunu diqqətə çatdırdı. Bildirdi ki, rayon üzrə vətəndaşlarla aparılmış maarifləndirmə və izahat işləri nəticəsində əkin sahələrinin dövriyyəsi xeyli artmışdır. Belə ki, 2017-ci ilin məhsulu üçün 2016-cı ilin payızında və 2017-ci ilin yazında 4949 hektarda, əvvəlki ilə nisbətən 694 hektarda çox əkin aparılmışdır. Həmçinin 1377 ha kartof, 318,5 ha sahədə müxtəlif növ tərəvəz, 25 ha tütün və 269,3 ha sahədə digər yazlıq bitkilər əkilmişdir. Taxıl biçini optimal müddətdə başa çatmış, 6289 ton, əvvəlki ilə nisbətən 2649 ton çox taxıl, hər hektardan 23,5 sentner məhsul istehsal olunmuş, keçən illə müqayisədə hər hektardan məhsuldarlıq 5,5 sentner artıq olmuşdur. Rayonun Blaband kəndi ərazisində iş adamı tərəfindən 50 baş iribuynuzlu mal-qaranın saxlanmasından ötrü ferma, Veri-Əliabad və Piran kəndində iş adamları tərəfindən 42 istixana tikilmişdir. 15-20 nəfər kənd sakininin işlədiyi istixanaların beşində qərənfil, digərlərində isə pomidor və xiyar becərilir.
Sonra rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov geniş məruzə ilə çıxış etdi.
Şura iclasında rayon təhsil şöbəsinin müdir əvəzi Hicran İbrahimov, meşə mühafizəsi və bərpası müəssisəsinin direktor əvəzi Eyvaz Babayev, 52 nömrəli “Yol İstismarı” MMC-nin direktoru Elxan Əliyev çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
Şura iclasına yekun vuran rayon icra hakimiyyətinin başçısı əhalinin həyat tərzinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər, ölkədə kənd təsərrüfatı sahəsinin inkişafı etdirilməsi üçün aparılan siyasət, həyata keçirilən islahatlar barədə məlumat verdi. Respublikada ənənəvi sahələr olan pambıqçılığın, baramaçılığın, tütünçülüyün, çayçılığın inkişafı ilə bağlı ölkə başçısının iştirakı ilə keçirilən zona müşavirələrində qarşıya qoyulan vəzifələri, ölkəyə valyuta gətirəcək kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi ilə bağlı həyata keçiriləcək tədbirləri diqqətə çatdırdı və icrası ilə bağlı aidiyyəti  vəzifəli şəxslərə tapşırıq və tövsiyələrini verdi.
Şura iclasında qeyd olunan təkliflər və qarşıda duran vəzifələrlə bağlı müvafiq qərar və Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olundu.

Keçidlər