Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rvarud kəndində kənd şəhidlərinin xatirəsinə ucaldılan abidənin açılış mərasimi keçirildi

15 sentyabr 2017 | 16:00

15 sentyabr 2017-ci il tarixində Rvarud kəndində Qarabağ döyüşlərində həyatını itirən kənd  şəhidlərinin  xatirəsinə ucaldılan abidənin açılış mərasimi keçirildi.
Mərasimdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Bakı şəhərindən dəvət edilmiş qonaqlar, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, məktəblilər, ictimaiyyətin nümayəndələri və şəhidlərin yaxınları iştirak edirdilər.
Aparıcı Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov tədbir iştirakçılarını salamlayaraq keçirilən mərasim barədə məlumat verdi. Daha sonra o, qeyd etdi ki, Lerikin ucqar dağ kəndi Rvaruddan Qarabağ savaşında onlarla igid döyüşçü iştirak etmiş, bu kənd 3 şəhidini qoynuna almışdır. Əziz xatirəsini yad etməyə toplaşdığımız şəhid Hacıyev Səxavət Əbi oğlu 1 dekabr 1966-cı ildə Rvarudda dünyaya göz açmışdır. Səxavət 1974-1984-cü illərdə kənd tam orta məktəbində təhsil almış, sonra Bakı Politexnik Texnikumunu bitirmişdir. O, mənfur ermənilərin torpaqlarımıza göz dikdiyi vaxtda könüllü olaraq ordu sıralarına yola düşmüşdür. Naxçıvanda Sədərək döyüşlərində, Şuşada, Ağdamda qəhrəmancasına döyüşmüşdür. 17 yanvar 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanmış, 25 yanvar 1993-cü ildə şəhidlik zirvəsinə ucalmışdır. Rvarud kənd tam orta məktəbi Səxavət Hacıyevin adını daşıyır.
Kəndin digər şəhid oğlu Hacıyev Etiqad Balaxan oğlu 25 fevral 1974-cü ildə anadan olmuşdur. Rvarud kənd tam orta məktəbini bitirdikdən sonra 18 yaşında ordu sıralarına yollanmışdır. Tankçı kimi xidmətə başlayaraq Ağdamın Quzanlı, Mərzili və digər kəndlərinin müdafiəsində qəhrəmancasına döyüşmüşdür. Etiqad 5 iyul 1993-cü ildə Vətən yolunda canını qurban vermişdir. Şəhidin adı Rvarud kənd mədəniyyət evində əbədiləşdirilmişdir.
Rvarudun üçüncü şəhidi Həsənov Mübariz Ağakişi oğlu 1969-cu ildə anadan olmuşdur. Sonralar ailəliklə Lənkəran şəhərinə köçmüşlər. Mübariz də Vətənin ağır günlərində könüllü olaraq  döyüş bölgəsinə yola düşmüşdür.  O da 1994-cü ildə  Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Bu gün Lənkəran rayonunun Şiləvar kənd tam orta məktəbi şəhidin adın daşıyır.
Şəhidlər haqqında məlumatdan sonra Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov və kəndin ağsaqqal ziyalısı Məzahir Ağazadə abidənin üzərindən örtüyü götürərək abidənin açılışını etdilər. Şəhidlərin və İkinci Cahan müharibəsində  igidliklə həlak olan kənd sakinlərinin şərəfinə ucaldılmış abidənin önünə rayon İcra Hakimiyyəti tərəfindən əklil qoyuldu, abidənin önünə gül dəstələri düzüldü.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Mərasimdə kəndin ağsaqqalları adından  Məzahir Ağazadə, şair Ağacəfər Həsənli, qonaqlardan şair Tofiq Nurəli, şair, “Qobustan” jurnalının baş redaktor müavini Maarif Soltan, şair İbadi Öməroğlu, Anzoli kəndindən ağsaqqal Bayraməli Aslanov çıxış edərək şəhidlərimizin xalqın xatirəsində əbədi yaşayacaqlarını vurğuladılar. Ağacəfər Həsənli şəhidlik zirvəsinə yüksəlmiş Vətən övladlarının əziz xatirəsinə həsr etdiyi “Ziyarət yeri” şerini ifa etdi. Rvarud kənd tam orta məktəbinin şagirdi Nərmin Abbasova kəndin mərhum ziyalısı Aydın Bəhmənovun qələmə aldığı “Sağdı Səxavət” şerini söylədi.
Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov geniş və ətraflı çıxış etdi. Bildirdi ki, bu gün çox möhtəşəm bir tədbirə toplaşmışıq. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş və 1941-45-ci illər vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin açılması doğrudan da  qürurvericidir.  Xalqımızın böyük oğlu Heydər Əliyev sovetlər birliyinin rəhbərliyindən məhz elə mənfur düşmənlərimizin hiyləsi və əli ilə uzaqlaşdırıldıqdan sonra  Dağlıq Qarabağ ətrafında başlanan münaqişə nəticəsində minlərlə şəhidlər vermişik. Lerik balaca rayon olmasına baxmayaraq 130-da çox şəhid vermişdir. 5 Milli Qəhrəmanımız vardır.
Məhz ulu öndər respublikada hakimiyyətə qayıtdıqdan sonra torpaqlarımızın itirilməsinin, gənclərimizin şəhid olmasının qarşısı alındı, 1994-cü ilin may ayında Bişkekdə atəşkəs haqqında saziş imzalandı. Bundan sonra nizami ordu quruculuğuna başlanıldı.
Şəhidlərimizin xatirəsi həmişə əziz tutulur. Onların xatirəsinə rayon mərkəzində də möhtəşəm abidə ucaldılmış, adları əbədiləşdirilmişdir. Rvarud kəndinin də 3 şəhidi vardır. Hacıyev Səxavət, Hacıyev Etiqad və Həsənov Mübariz. Onların xatirəsi daim uca tutulub. Əvvəllər də kənddə onların xatirəsinə abidə var idi.
Ötən il şəhidin qardaşı Mübariz mənə müraciət etdi ki, abidənin yerini dəyişib, yeni bir kompleks tikmək istəyir, xeyir-dua verim. Biz araşdırdıq, seçilmiş yerə və layihəyə baxdıq. Qeyd etdim ki, məndən də nə asılıdırsa, köməklik edəcəyik. Şükürlər olsun ki, dağların qoynunda, əzəmətli bir yerdə belə bir möhtəşəm abidə ucaldılıb. Mən hesab edirəm ki, bu bütün şəhidlərimizin ruhuna olan hörmət və ehtiramdır.
Şəhidlər əbədiyyətə qovuşsa da, heç zaman ölmür. Onlar həmişə yaşayır. Dövlət başçısının qayğı və diqqəti həmişə Şəhid ailələrinə yüksəkdir. Son illərdə cənab Prezidentin Şəhid ailələrinə göstərdiyi qayğının hamımız şahidiyik. Mənzillərin verilməsi, fərdi evlərin tikintisi, sosial problemlərinin həlli məqsədilə prezident təqaüdünün təsis edilməsi bütün bunlara əyani nümunədir.
Ali Baş Komandan bütün çıxışlarında dönə-dönə qeyd edir ki, torpaqlarımız düşmən tapdağından azad ediləcək, şəhidlərimizin qanı yerdə qalmayacaqdır. Bu hamımıza gün kimi aydındır və Azərbaycan ordusu bunu ötən ilin aprel ayında düşmənin təxribatçı əməllərinin qarşısını alarkən qısa döyüşlərdə bir daha sübut etdi. 3-4 günlük Aprel döyüşlərində min hektarlarla torpaqlarımız azad edildi, böyük strateji əhəmiyyət daşıyan yüksəkliklər ələ keçirildi. Məhz Lələtəpə və Talış yüksəkliyinin ələ keçirilməsi ilə demək olar ki Cocuq Mərcanlının timsalında Dağlıq Qarabağa böyük qayıdışın əsası qoyuldu. Qısa müddətdə Cocuq Mərcanlı kəndi bərpa edildi, infrastruktur yaradıldı və qaçqınlarımız öz doğma yurduna qayıtdı. Cənab Prezidentin Cocuq Mərcanlıya səfər etməsi, açılışlarda iştirak etməsi xalqımızı sevindirdi. İnşallah cənab İlham Əliyevin səyi ilə bütün torpaqlarımız işğaldan azad ediləcəkdir.
Sadə zəhmət adamı olan Mübarizin öz əməyi, alın təri ilə qazandığı vəsaitlə belə bir abidə ucaltması onun necə vətənpərvər, torpağına bağlı insan olmasını sübut edir. Mən onunla söhbət edərkən bunun şahidi oldum. O, təkcə Səxavət onun qardaşıdır deyə, bu addımı atmayıbdır. Burada Vətən müharibəsində həlak olan və itkin düşənlərin də adının həkk edilməsi bunu bir daha sübut edir.
Mən bu abidənin ərsəyə gəlməsində əməyi olan bütün insanlara təşəkkürümü bildirirəm. İnanıram ki, ziyarət yerimiz olacaq bu məkan yetişməkdə olan balalarımızın vətənpərvərlik ruhunda tərbiyəsində də mühüm rol oynayacaqdır.
Sonda şəhid Səxavət Hacıyevin qardaşı Mübariz Hacıyev abidənin açılışında iştirak edənlərə minnətdarlığlını bildirdi.
Mərasim yekunlaşdıqdan sonra  şəhidlərin ruhuna ehsan süfrəsi açıldı.

Keçidlər