Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü ilə əlaqədar Lerik rayonunda yubiley tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları öncə Lerik şəhərinin mərkəzi meydanında partiyanın yaradıcısı və ilk sədri olmuş, xalqımızı və dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etmiş ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər.
Daha sonra rayon mədəniyyət evində YAP-nın yaranmasının 20 illiyinə həsr edilmiş filmə baxış oldu. Partiyanın yaranmasının 20 illiyinə həsr edilmiş məruzə ilə YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərovun məruzəsi dinlənildi.
Qeyd olundu ki, Yeni Azərbaycan Partiyası blokada şəraitində yaşayan Naxçıvanda yarandı. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə, Azərbaycanın bütün regionlarından seçilmiş 550 nümayəndənin təmsil olunduğu təsis konfransı keçirildi və Yeni Azərbaycan Partiyasının yarandığı elan edildi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
Yeni yaradılmış Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlətçiliyi, suverenliyi uğrunda mübarizə şəraitində yarandı. Sonralar bu hadisə ümummilli liderimiz Heydər Əliyev tərəfindən partiyanın I Qurultayında belə xatırlandı: “Yeni Azərbaycan Partiyasının yaranması, bu münasibətlə keçirilmiş ilk konfrans Azərbaycan xalqının və müstəqil Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazılacaqdır”.
90-cı illərin əvvəllərində ölkədə yaranmış xaos vəziyyətdən baş çıxara bilməyən o vaxtkı iqtidar xalqın təkidli tələbi ilə Heydər Əliyevi Bakıya dəvət etdi. O, dahi şəxsiyyətin uzaqgörən siyasəti ilə qısa vaxt ərzində vətəndaş müharibəsinin qarşısı alındı, hərc-mərcliyə son qoyuldu. Azərbaycan xalqı ilə Heydər Əliyev birliyi YAP-ı qısa vaxt ərzində iqtidar partiyasına çevirdi. Bu gündə ulu öndərin siyasi kursu uğurla davam etdirilir.
Daha sonra natiq partiyanın rayon təşkilatı tərəfindən həyata keçirilən tədbirlər, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri barədə məlumat verdi. Bildirdi ki, YAP rayon təşkilatı 59 ilk təşkilatında 3431 nəfər partiya üzvünü özündə birləşdirir. 2012-ci ilin 9 ayı ərzində partiya sıralarına 244 nəfər qəbul olunmuşdur ki, bunların da 39 faizini gənclər təşkil edir. Bildirməliyəm ki, partiya sıralarına qəbul olunmuşlara vəsiqələrin verilməsi bir qayda olaraq «Heydər Əliyev Mərkəzi» -də və ya tarixi günlərin qeyd olunduğu tədbirlərdə həyata keçirilir ki, bu da gənclərin həyatında yadda qalan iz buraxır. Əvvəlki illərə nisbətən qadınların partiya sıralarına qəbuluna xüsusi diqqət yetirilmişdir. 9 ayda qəbul olunanların 27 faizini qadınlar təşkil edir.
Tədbirdə iştirak edən YAP İdarə Heyətinin üzvü, icra katibinin müşaviri Kərim Kərimov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək 1992-ci il 21 noyabrda Naxçıvan şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyasının 20 ildə minlərlə siyasi fəalı birləşdirən partiyaya çevrildiyini qeyd etdilər. Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yola müxtəlif aspektlərdən nəzər saldılar və bu gün xalqımızın firavan yaşamasında mühüm rol oynayan YAP iqtidar partiyası olaraq xalqla birliyinin əsas səbəbi kimi Heydər Əliyev siyasi kursunun dönmədən həyata keçirdiyini xüsusi bildirdilər.
Sonda partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri, partiyanın rayon təşkilatının fəaliyyətində fərqlənənlərə fəxri fərmanlar verildi.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının yaranmasında xidmətləri olan Sübi Ağayevaya, Abbas Zahidova, Gültəkin Şıxəliyevaya və rayon təşkilatının sədri Elxan Qənbərova rayon icra hakimiyyəti başçısı tərəfindən qiymətli hədiyyələr təqdim olundu.
Yubiley tədbiri rayon musiqi kollektivlərinin rəngarəng ifaları ilə davam etdirildi.