Lerik Rayon İcra Hakimiyyətində müşavirə keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışından irəli gələn vəzifələrlə əlaqədar ümumrayon müşavirəsi keçirildi. Müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı mütəxəssisləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov müşavirəni açaraq Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində adı çəkilən sahələrin inkişaf etdirilməsi ilə bağlı görülən işlər, gələcəkdə görüləcək işlərə dair cənab Prezident tərəfindən verilmiş tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırdı. Cənab Prezidentin Sabirabadda pambıqçılığın inkişafı, Qaxda barama, tütün və fındıq istehsalının inkişafı və Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair müşavirələr keçirməklə ölkəmizin hər bir bölgəsi üçün ənənəvi sahələrin inkişafına xüsusi diqqət göstərdiyini vurğuladı. Prezident İlham Əliyevin müşavirədəki dərin məzmunlu çıxışlarının hər bir fermer, sahibkar, iş adamı üçün icrası vacib və strateji əhəmiyyət daşıyan fəaliyyət proqramı olduğunu bildirdi. Aqrar sahənin inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi üçün istifadəsiz torpaqların əkin dövriyyəsinə daxil edilməsinə və ənənəvi əkinçilik sahələrinin bərpa olunmasına böyük önəm verilir. 2017-ci ildə 25,0 hektarda tütün əkilmiş, hal-hazıradək 13,0 ton yaş tütün yarpaqları yığılaraq Yardımlı rayonunda yerləşən qurutma sexinə təhvil verilmişdir. “İmmuna” sortu əkən mülkiyyətçilər tərəfindən yarpaqların yığılmasına başlanılmışdır. Rayon ərazisində qismən olan çayçılığın, ənənəvi sahə olan üzümçülüyün və digər sahələrin bərpası üçün qarşıda çox mühüm vəzifələrin dayandığını vurğulayan natiq dövlət başçısı tərəfindən göstərilən etimadı doğrultmaqdan ötrü bütün rayon ictimaiyyətinin səfərbər olunmasını, sahibkarlara lazımi köməklik olunmasını diqqətə çatdırdı.
Sonra rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Mahmud Zahidov, Bitki Mühafizəsi Mərkəzinin rəisi Ağayar Cəfərov, çayçılıq üzrə mütəxəssis Tofiq Hacıyev, keçmiş üzümçü Qulamhüseyn İsrafilov və təsərrüfat rəhbəri Ağabəy Ağayev çıxış edərək rayonda çayçılığın, üzümçülüyün bərpası və genişləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində rəy və təkliflərini bildirdilər.
Müşavirəyə yekun vuran rayon icra hakimiyyəti başçısı qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini verdi.