Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Lerikdə vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova sentyabrın 6-da Lerik Rayon Mədəniyyət Mərkəzində Masallı, Cəlilabad, Lənkəran, Yardımlı, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edib.
Öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Sonra Lerik “Uzunömürlülər” muzeyində nümayiş etdirilən eksponatlar və fotoşəkillərlə tanış olmuşlar.
Mədəniyyət Mərkəzində komitə sədri tərəfindən 14 vətəndaş qəbul edilərək dinlənilmişdir. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapmış, araşdırılması zəruri olan bir sıra müraciətlər isə qeydiyyata götürülərək onların həlli üçün konkret tapşırıqlar verilmişdir.
Vətəndaşlar yaradılan şəraitdən razılıq edib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra Dövlət Komitəsinin sədri Hicran Hüseynova Lerik rayonunun bir qrup fəal qadınları ilə görüşmüşdür.