Lerik rayonunda YAP rayon təşkilatının IX konfransı keçirildi
30 iyun 2017-ci il tarixdə Lerik Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının doqquzuncu konfransı keçirildi.
Konfransda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, YAP Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimli, YAP icra katibliyinin bölgə üzrə məsləhətçisi Məcid Əhmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, partiya üzvləri və rayon ictimaiyyəti iştirak edirdi.
Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edilməsi ilə başlanan tədbir rayon mədəniyyət mərkəzində davam etdirildi.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Yeni Azərbaycan Partiyasının yaradıcısı ümummilli lider Heydər Əliyevin və ötən konfransdan keçən dövr ərzində dünyasını dəyişmiş partiya üzvlərinin, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov hesabat məruzəsi ilə çıxış edərək rayonda görülmüş işləri qeyd etdi. Bildirdi ki, rayon təşkilatı Yeni Azərbaycan Partiyası Siyasi Şurasının, icra katibliyinin qərar və göstərişlərini layiqincə həyata keçirən rayon təşkilatı hesabat dövründə işini partiyanın Nizamnamə və Proqramının tələbləri səviyyəsində qura bilmişdir.
Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə həyata keçirilən müstəqil daxili və xarici siyasət, sosial-iqtisadi strategiya nəticəsində uğurlu inkişaf yolu keçmiş, bütün sahələrdə nailiyyətlər əldə edilmişdir. Ölkəmizdə iqtisadi və ictimai-siyasi sabitlik qorunmuş, dünyanı bürüyən iqtisadi və maliyyə böhranı fonunda Azərbaycan inkişaf tempini saxlaya bilmişdir. İqtisadi və sosial proqramlar yerinə yetirilmiş, böyük layihələr icra edilmişdir. Dövlət Proqramının icrası ilə əlaqədar rayonun sosial-iqtisadi inkişafı, sakinlərin rifah halının yaxşılaşdırılması, tikinti-quruculuq işlərinin həyata keçirilməsi, yeni iş yerlərinin yaradılmasının təmin edilməsi məqsədi ilə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı işini yerli icra hakimiyyəti orqanları ilə əlaqəli qurmuş və hesabat dövründə bir sıra uğurlara nail olunmuşdur.
09 oktyabr 2013-cü ildə ölkədə və eləcədə rayonumuzda prezident seçkiləri uğurla keçirilmişdir. Yeni Azərbaycan Partiyası Seçki Qərargahının seçki marafonuna hazırlığı və seçkilərin tam demokratik və şəffaf keçilməsinə nail olmaq məqsədilə təbliğat-təşviqat işləri seçicilərlə keçiriləcək görüşlərə dair tərtib edilmiş qrafik əsasında keçirilmişdir. Səsvermədə rayonumuzun seçiciləri mütəşəkkil iştirak etmiş, 29835 seçicidən 19064 nəfəri və ya 86,5 faizi cənab İlham Əliyevə səs vermişdir.
23 dekabr 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində rayonumuzda 29 bələdiyyə üzrə 261 bələdiyyə üzvlüyü uğrunda 7 siyasi partiyanı və bitərəfləri təmsil edən 642 namizəd mübarizə aparmışdır. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş 261 nəfər və fərdi qaydada namizədliyini vermiş 62 nəfər partiya üzvündən 178-i və ya 68,2 faizi bələdiyyə üzvü seçilmişdir.
2015-ci il noyabr ayının 1-də keçirilən və ölkəmizin həyatında mühüm əhəmiyyət daşıyan parlament seçkilərində təşkilatın üzvləri öz fəallıqları ilə seçilmiş, seçkilərin azad, şəffaf və demokratik keçirilməsinə nail olmuşlar. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının qərarı ilə Milli Məclisə namizədliyi 78 saylı Lerik Seçki Dairəsindən irəli sürülən İqbal Nəriman oğlu Məmmədovun təbliğat-təşviqat kompaniyası rayon təşkilatı tərəfindən yüksək səviyyədə təşkil edilmiş və 6 namizəd arasında Yeni Azərbaycan Partiyasının namizədi səsvermədə iştirak edən seçicilərin 11877 nəfərinin və ya 66,8 faizinin səsini qazanmışdır.
26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasına 23 maddəyə dəyişikliklər və 6 yeni maddənin əlavə edilməsi ilə bağlı ümumxalq səsverməsi (referendum) rayonumuzda əsl bayram əhval-ruhiyyəsində keçirilmiş, səsvermədə iştirak edən seçicilərin 84 faizdən çoxu təklif edilən əlavə və dəyişiklikləri dəstəkləmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları və rayonumuzun sosial-iqtisadi inkişafını təmin edən digər Fərman və Sərəncamlar uğurla icra edilir.
2016-cı ildə rayon üzrə 874, 2017-ci ilin birinci rübündə 1099, 2013-2017-ci illər ərzində isə 12290 yeni iş yeri açılmışdır ki, bunun da 40 faizdən çoxu daimi iş yerləridir.
Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar nəticəsində son illər əmək haqları və pensiyalar artırılmış, dağ rayonu Lerikdə əhalinin həyat səviyyəsi yaxşılaşmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı, əhaliyə göstərilən rabitə, nəqliyyat və ticarət xidmətləri artmış, şəxsi təsərrüfatlarda mal-qaranın və davarların sayı çoxalmışdır.
Hesabat dövründə rayonda əsaslı quruculuq işləri görülmüş, Lerik şəhəri demək olar ki, yenidən tikilmişdir. Küçə və xiyabanlara asfalt döşənmiş, işıqlandırma sistemi yenidən qurulmuş, parklar salınmışdır. Respublika Prezidentinin 20 iyun 2008-ci il tarixli Sərəncamı ilə şəhər statusu verilmiş Lerikdə yeni infrastrukturların, kanalizasiya şəbəkəsinin yaradılması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, dayanıqlı və sabit elektrik enerjisi ilə təmin olunması məqsədilə layihələrin icrası, Modul tipli elektrik stansiyasının tikintisi əhali tərəfindən rəğbətlə qarşılanmışdır.
Son illər rayonumuzda 49 yeni məktəb binası, 4 uşaq bağçası, o cümlədən Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə 100 uşaq yerlik bir uşaq bağçası tikilmiş, 6 məktəb binası əsaslı təmir edilərək müasir avadanlıqlarla təchiz olunmuşdur. Hazırda rayonun 6 kəndində yeni məktəb binalarının tikintisi davam etdirilir, məktəblərin yeni dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin rayonumuza ən böyük hədiyyələrindən biri də rayona mavi yanacağın verilməsidir. Ölkə başçısının qayğı və diqqəti ilə artıq rayonun 50 yaxın yaşayış məntəqəsi tam qazlaşdırılmışdır. Hal-hazırda Əvilə, Durğan və Murya kəndlərinə qazın verilməsi üçün son tamamlama işləri aparılır.
Son illər ölkə rəhbərinin yol infrastrukturunun yenilənməsi ilə bağlı verdiyi sərəncamlar rayonumuzun da yollarının tikintisinə, əhalinin daha sıx yaşadığı ərazilərə yeni yolların çəkilməsinə şərait yaratmışdır. Cənab Prezidentin müvafiq sərəncamlarına əsasən 27 km-lik Lerik-Qosmalıan-Kəlvəz avtomobil yolu inşa edilmiş, 36 km-lik Noda-Şingədulan-Xanəgah avtomobil yolunun 18 km-i asfaltlaşdırılmışdır. Noda-Şingədulan-Xanagah yolunun tikintisinin davam etdirilməsi məqsədilə ötən ilin sonunda cənab Prezidentin sərəncamı ilə ayrılmış 6,6 milyon manat vəsait hesabına hazırda yolda tikinti işləri sürətlə aparılır.
Hesabat dövrü ərzində rayon icra hakimiyyətinin, Milli Məclisin deputatının dəstəyi və kənd sakinlərinin köməyi ilə kəndara yollarında təmir işləri aparılmış, 6 yeni körpü inşa edilərək istifadəyə verilmişdir.
Rayonun elektrik və rabitə təsərrüfatında yenidənqurma işləri həyata keçirilmiş, ATS-lər elektron tipli ATS-lərlə əvəz edilmiş, rabitə xidməti müasir tələblər səviyyəsinə qaldırılmışdır. Brkandul kəndinə telefon xətti çəkilmiş və elektron ATS quraşdırılmışdır. Hazırda Bürsülüm ərazisinin telefonlaşdırılması üçün iş aparılır.
Lerik rayonunun hüquq mühafizə orqanları Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını rəhbər tutaraq, qanunçuluğun möhkəmləndirilməsi, hər kəsin qanun qarşısında bərabərliyi, vətəndaşların hüquq və azadlıqlarına hörmət edilməsi, rayonda cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə istiqamətində müəyyən işlər görülmüş, rayonda ictimai-siyasi sabitliyin qorunması təmin edilmişdir.
Gənclərin milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyəsi, onların hərbi çağırışa cəlb olunması, idmanın inkişafı, yeni iş yerlərinin açılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində Yeni Azərbaycan Partiyası gənclər təşkilatı tərəfindən məqsədyönlü iş aparılmış, Heydər Əliyev mərkəzində silsilə tədbirlər keçirilmişdir.
Hesabat dövründə rayonumuzun gəncləri və idmançıları respublika səviyyəli tədbirlərdə, idman yarışlarında fəal iştirak etmiş, uğurlar qazanmışdır. Yeniyetmə gənclərin bilik və bacarıqlarının artırılması, istedadlarının aşkar edilməsi məqsədi ilə məktəblilər və gənclər arasında intellektual oyun, voleybol, futbol, güləş, dama, şahmat və digər idman yarışları keçirilmişdir.
2015-ci ildə ilk Avropa oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəylik Oyunlarına uğurla ev sahibliyi edən respublikamızda cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmanın inkişafına göstərdikləri dəstəyin, idmançılara olan qayğı və diqqətin nəticəsidir ki, idmanın bütün növlərində uğur qazanan idmançılarımızın sayı artır, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
Rayonda ictimai-siyasi fikrin daşıyıcısı olan əsas təbəqə Yeni Azərbaycan Partiyasının sıralarında birləşərək dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə sədaqətlə xidmət edir. Hesabat dövrü ərzində Yeni Azərbaycan Partiyası rayon təşkilatının üzvlərinin sayı 471 nəfər artaraq 3940 nəfərə, ilk təşkilatların sayı 53-dən 59-a çatmışdır. Qadınların sayı 202 nəfər artaraq 678, gənclər 197 nəfər artaraq 1800 nəfər olmuşdur. Təşkilatın üzvlərinin 45,6 faizini gənclər təşkil edir.
Dövlətimizin əldə etdiyi uğurların və cənab Prezidentin titanik fəaliyyəti ilə reallaşdırılan müstəqil xarici siyasətin nəticəsidir ki, Azərbaycan Respublikası diplomatiya sahəsində tarixi qələbəyə imza atmış, dünyada söz sahibi olan bir ölkəyə çevrilmişdir. Bu gün Azərbaycan enerji siyasətinin təkmilləşdirilməsi və nəqliyyat layihələrinin həyata keçirilməsi istiqamətində də mühüm uğurlara imza atır, respublikamızın iştirakı ilə Avropanın enerji daşıyıcıları ilə təmin olunmasını yaxşılaşdırmaq üçün layihələr icra edilir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı məqsədilə proqramlar reallaşdırılır.
Ölkə Prezidenti tərəfindən yaradılmış siyasi sabitliyin və xalqımızın ümummilli lider Heydər Əliyev ideyalarına sadiqliyinin nəticəsidir ki, respublikada olduğu kimi rayonumuzda da siyasi tədbirlər daim mütəşəkkil və yüksək əhval-ruhiyyədə keçirilmişdir.
Sonra YAP Lerik rayon təşkilatının təftiş komissiyasının sədri Vəligülla Alışov, Qadınlar Şurasının sədri Arzu Vəliməmmədova və Gənclər birliyinin sədri Zamiq Əhədovun hesabatları dinlənildi.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının idarə heyətinin yeni tərkibi və təşkilatın yeni sədrinin namizədliyi konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəkləndi.
Məruzə ətrafında Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin direktoru, Əməkdar müəllim Gültəkin Şıxəliyeva, rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov çıxış edərək görülmüş işlər haqqında ətraflı məlumat verdilər, YAP rayon təşkilatın hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab etdilər.
Milli Məclisin deputatı İqbal Məmmədov və YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək cənab Prezidentin qayğı və diqqəti ilə respublikada və Lerik rayonunda həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri barədə məlumat verdilər. Rayonda aparılan işlərdən razılıqlarını bildirdilər, rayon təşkilatının yeni seçilmiş Şura üzvlərinə və idarə heyətinə fəaliyyətlərində uğurlar arzuladılar.
Konfransda yekun sözü ilə çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov 25 il öncə Azərbaycan Xalqının Ümummilli Lideri əbədiyaşar Prezident Heydər Əliyev tərəfindən 1992-ci ildə çox ağır şəraitdə yaradılmış Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yol və qısa müddət ərzində bu partiyanın iqtidar partiyasına keçməsi haqqında geniş məlumat verdi. Son 25 il ərzində Azərbaycanın tanınmaz dərəcədə dəyişdiyini, beynəlxalq aləmdə söz sahibi olan bir dövlətə çevrildiyini faktlarla diqqətə çatdırdı. Bu gün də ulu öndərin siyasi kursunun cənab Prezident tərəfindən layiqincə davam etdirildiyini bildirdi. YAP Lerik rayon təşkilatının rayonun inkişafında göstərdiyi xidmətləri qeyd etdi.
Daha sonra konfransda təşkilati məsələlərə baxıldı. Rayon təşkilatının Şura üzvləri və idarə heyəti seçildi. Rayon icra hakimiyyəti başçısının birinci müavini, YAP rayon təşkilatı sədrinin müavini Cəlil Baxşıyev yekdilliklə YAP Lerik təşkilatının sədri seçildi.
Konfransda qətnamə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.