Ramazan bayramı münasibəti ilə iftar süfrəsi açıldı
Lerik şəhərindəki “Xeyir-şər” evində Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan bayramı münasibəti ilə iftar süfrəsi açıldı.
İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin oxunması ilə başlanıldı.
Mərasimdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov iftar süfrəsində iştirak edənləri salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik etdi. Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olduğunu bildirdi. Azərbaycanda və eləcə də Lerik rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdəki ənənəvi tolerantlığı nümayiş etdirdiyini vurğuladı. Ölkəmizdə sabitlik, davamlı inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyini bildirdi. Cənab Prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmləndiyini, ölkəmizdə məscid və dini ibadət yerlərinin inşa edildiyini diqqətə çatdırdı. Cənab Prezidentin xüsusi diqqət və qayğısı ilə qısa bir zamanda erməni işğalından azad edilmiş Cocuq Mərcanlıda qədim Azərbaycan şəhəri olan Şuşa şəhərindəki mənfur düşmənlərimiz tərəfindən dağıdılmış məscidin eynisinin tikilərək istifadəyə verilməsi, Ramazan ayında həmin məsciddə ilk dəfə azan verilməsi qürurvericidir. Bunun çox böyük tarixi mənası var. Biz əminik ki, cənab Ali Baş Komandanın rəhbərliyi ilə işğal edilmiş bütün torpaqları işğaldan azad ediləcək, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və o torpaqlarda da belə gözəl iftar süfrələri açılacaqdır.
İftar süfrəsində iştirak edənləri və onların simasında bütün rayon əhalisini müqəddəs ramazan bayramı münasibəti ilə təbrik edən rayon icra hakimiyyəti başçısı xoş arzularını çatdırdı.
Daha sonra Ramazan duası oxundu.