Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

15 İyun – Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi

14 iyun 2017 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırovun, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, kollektivlərinin, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi.
Dövlət himni səsləndirildikdən sonra tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov  tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi. Bildirdi ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün əsl Qurtuluş və Azərbaycanda vətəndaş müharibəsinin bitdiyi tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Heydər Əliyevdir.
1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu şanlı tarixinə yeni dövrün başlanğıcı kimi daxil olmuşdur. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdir.
15 iyun tarixi eyni zamanda Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təcəssümüdür. Əgər xalqın təkidi ilə Ulu Öndər Heydər Əliyev həmin zaman yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki, mümkün olardı. Bu qayıdış ilk növbədə, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, düşmən işğalının geniş miqyas almasından xilas etdi. Ümummilli Liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, hərc-mərcliyin, kütləvi iğtişaşların, aclığın, səfalətin qarşısı alındı. Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinə, kütləvi qanlar axıdılmasına son qoyuldu, atəşkəsin imzalanmasına nail olundu.
Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Bu gün regionun lider dövlətinə çevrilməyimizin əsası bu möhtəşəm qayıdışla qoyuldu.
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının xarici siyasəti, dünya dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli oldu.
Ümummilli lider Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan müstəqil dövlət kimi dünyada tanınır və iqtisadi inkişafına görə inkişaf etmiş dövlətlər sırasına qoşulur.
Sonra tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova məruzə ilə çıxış edərək o dövrdə respublikada cərəyan edən hadisələr haqqında ətraflı məlumat verdi.
Daha sonra tədbirdə çıxış edən rayon təhsil şöbəsinin əməkdaşı Qafur Xosiyev, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, rayon ağsaqqalı Qəhrəman Əliyev qeyd etdilər ki,  Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyununda Bakıya gəlişi Azərbaycanı qurtuluşa, xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşmüşdür. Ulu Öndər böyük risklərə baxmayaraq, xilaskarlıq missiyasını cəsarətlə üzərinə götürdü. Biz bu gündə bu Qurtuluşun bəhrələrini görür və həyatımızda hər an hiss edirik.
Sonda rayon icra hakimiyyəti başçısı tədbir iştirakçılarını bir daha bayram münasibətilə təbrik etdi, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən Dövlət Proqramlarının uğurla icra edildiyini diqqətə çatdırdı.

 

Keçidlər