Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

01 iyun 2017 | 16:00

Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Osyodərə kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamlayaq bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına əsasən rayon icra hakimiyyətinin başçıları yerlərdə görüş qəbullar keçirir. Cənab Prezidentimizin vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, onların problemlərinin həll edilməsi istiqamətində verdiyi tapşırıqların icrasına nail olmaq məqsədi ilə ərazilərdə təşkil olunan görüş-qəbullar əhali tərəfindən böyük rəğbətlə qarşılanır.
Keçirdiyimiz görüş-qəbullarda verilən təkliflərə əsasən ucqar ərazilərdə bir sıra sosial problemlərin həllinə nail olmuşuq. Bu gün ərazinizə gələn yolda tikinti işlərinin şahidi oldum. Hər bir ərazimizdə sosial problemlərin həll olunması bizim qarşımızda duran ən böyük məsələdir. Sizin yolun təmir olunmasına dair təkliflər əhaliniz tərəfindən elə keçən qəbullarımızın birində səsləndirilmişdir. Biz də bu yolda təmir bərpa işlərinin vacibliyini nəzərə alaraq cənab Prezidentimizdən xahiş etdik.  Möhtərəm Prezidentimiz bu təklifinizi nəzərə alaraq yolun tikintisinə sərəncam verdi. Bildiyiniz kimi dünyada baş verən maliyyə böhranına baxmayaraq ölkəmiz öz inkişaf tempini qoruyub saxlamışdır. Ölkəmiz artıq dünyanın inkişaf etmiş ölkələri ilə ayaqlaşmağı bacarır. Hamımıza məlumdur ki bu yaxınlarda dünya səviyyəli bir oyna “İslam Həmrəyliyi Oyunlarına” ölkəmiz ev sahibliyi etdi. 54 dövlətin iştirak etdiyi tədbirdə Respublikamız birinci yerə çıxdı. Bu hər bir Azərbaycanlının uğurudur. Dünən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Bakı Sərgi Mərkəzində XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak etdi. Bu da xarici investorların ölkəyə cəlb olunması deməkdir. Cənab Prezidentimiz düşünülmüş siyasəti nəticəsində xarici valyutanın ölkəmizə axını ilə bağlı hər bir sahənin inkişafına nail olmaq və respublikamızın gücünü, qüdrətini bütün dünyaya çatdırma istəyir. Ölkəmizdə keçirilən beynəlxalq forumların, formula bir yarışlarının əsas məqsədi, həm turizmin inkişafına, həm də böyük dövlətlərin diqqətini Azərbaycana cəlb etməkdən ibarətdir. Ermənilər tərəfindən zəbt olunmuş torpaqlarımızın, soyqırımı aktlarının dünya miqyasında tanınmasında bu tədbirlərin əhəmiyyəti çox böyükdür. Son illərdə cənab Prezidentin rəhbərliyi ilə respublikamızın hər yerində əhalinin maddi rifahının yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı tədbirlər görülür. Dövlətimizin siyasətinə uyğun olaraq rayonumuzun, o cümlədən, respublikamızın hər bir bölgəsində abadlıq-quruculuq işləri aparılır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası bölgələrimizin simasını dəyişdirmişdir. Dövlət Proqramlarının uğurlu icrası nəticəsində rayonumuzda da bir çox işlər görülmüşdür. Şəhərimizdə bir sıra küçələrdə və "Şəhidlər” abidə kompleksində abadlıq və təmir işləri görülmüş, sürüşməyə meyilli ərazilərdə istinad divarları tikilmiş, ağaclar əkilmiş, yeni işıqlandırma sistemi qurulmuş və yollar asfaltlaşdırılmışdır. Rayonumuzun ərazisində 50 dən çox məktəb binası tikilib, 45 dən yuxarı kəndə qaz xəttinin çəkilişi təmin olunub. Mastail və Livədirqə kəndlərində bu il qazlaşdırma işləri tamamlanıb. Digər iki kənddə isə son tamamlanma işləri görülür. Rayonumuzun işıq təsərrüfatında da bir çox işlər görülüb, çürümüş dirəklər yeni dəmir dirəklərlə əvəz olunub, yarımstansiyalar istifadəyə verilib, BTM-lər quraşdırılıb. Cənab Prezidentin sərəncamı ilə inşa edilən və tikintisi yarımçıq qalmış, 2016-cı ildə tikinti işlərinin tam başa çatması ilə əlaqədar 6,6 milyon manat vəsait ayrılmış Noda-Şingədulan-Xanəgah yolu rayonumuzun əsas yollarından biridir. Hazırda ərazinizin sakinləri asan və qısa zaman kəsiyində rayona gedib-gələ bilirlər. Bu yolun istifadəyə verilməsi  rayonumuzda daha bir yol problemin həlli deməkdir. Hazırda bu yolda işlər sürətlə davam etdirilir. Son illərdə rayon icra hakimiyyətinin maliyyə dəstəyi ilə bir neçə kəndara yollarda təmir işləri aparılmışdır. O, cümlədən Osyodərə ərazisinə daxil olan kəndlərin də yolu təmir edilmişdir. Ərazinizdə elektrik dirəklərinin qəzalı vəziyyətdə olduğunu bilirik. Bu barədə müvafiq qurumlara tapşırıqlar verilmişdir. Bu məsələ tezliklə həllini tapacaqdır. Rayonumuzun əksər kəndləri mavi yanacaqla təmin olunmuşdur. Sizin əraziyə də çəkilməsi nəzərdə tutulmuşdur.  Qəza vəziyyətində olan məktəblər üçün  yeni binalar tikilməsi nəzərdə tutulmuşdur. Osyodərə və Züvüc ərazilərinə daxil olan kəndlərin qazlaşdırılması istiqamətində də tədbirlər həyata keçirilir. Sizləri narahat edən bu məsələlərin həlli ilə bağlı biz Nazirliklərə dəfələrə müraciətlər etmişik.
Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində qeyri-neft sektoruna bu qədər əhəmiyyət verilməsəydi, indi ölkəmizdə də vəziyyət ürəkaçan olmazdı.  Bütün bu görülmüş işləri ölkəmizin vətəndaşları çox yaxşı başa düşür və möhtərəm Prezidentin ətrafında sıx birləşir. Ölkəmizin daha da inkişaf etdirilməsi, idxal asılılığının aradan qaldırılması, ərzaq təhlükəsizliyin təmin olunması istiqamətində qarşımızda vəzifələr qoyulmuşdur. Bu gün görüşümüz işgüzar formada keçdi. Bəzi məsələlər vurğulandı, Hansı məsələlər ki, vaxt məhdudiyyətindən vurğulanmadı onları da biz bilirik. Bütün qeyd olunan məsələlərlə bağlı köməklik göstərməyə çalışacağıq. Sizin ərazinizin  relyefi kənd təsərrüfatı məhsulları istehsalı üçün çox əlverişlidir. Əhali arasına təbliğat aparmaq lazımdır ki, hamı əkinçiliklə məşğul olsun. Gəlirli sahə olan tütün əkininə daha çox diqqət yetirin, çünki bu sahədə sizin təcrübəniz çoxdur. Tütün sahələrini genişləndirmək əsas işimiz olmalıdır. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi yolu ilə əkin sahələrinin genişləndirilməsi əsas işimiz olmalıdır. Sizin ərazidə də bu sahədə geniş imkanlar var. Bundan sonra da sizləri narahat edən məsələlərlə bağlı işlər görüləcəkdir.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Şivlə kənd sakinləri İslam Ağayev, Surət Əliyev, Xanəgah kənd sakinləri Nadi Piriyev, Buludxan Hüseynov, Bülüdül kənd sakini Mehman Mikayılov, Osyodərə kənd sakini Əlimusa Əhmədov və digərləri çıxış edərək görülən işlərə görə ölkə Prezidentinə və rayon icra hakimiyyəti başçısına minnətdarlıqlarını bildirdilər. Ərazidə elektrik xətlərinin təmirinə, yaxın məsafədə yerləşən Yardımlı rayonunun Əngövül kəndindəki qazpaylayıcı stansiyadan ərazisinin kəndlərinə qaz xəttinin çəkilməsinə, kəndara avtomobil yollarının  təmirinə, Xanəgah kəndinin telefonlaşdırılmasına və  kənddə yeni məktəb binasının tikilməsinə köməklik göstərilməsini xahiş etdilər, bəzi məsələlərlə bağlı fikir və təkliflərini çatdırdılar.
Səyyar görüş-qəbulda vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə zəruri tədbirlərin görülməsindən ötrü aidiyyəti vəzifəli şəxslərə yerində tapşırıqlar verildi.
Daha sonra rayon icra hakimiyyəti başçısı Osyodərə, Züvüç, Şingədulan və Əliabad inzibati ərazi dairələrində əkilmiş tütün sahələrinə baxış keçirtdi. Müvafiq tapşırıq və tövsiyələrini verdi.

Keçidlər