Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

28 May – Respublika Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi

26 may 2017 | 16:00

  26 may 2017-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının rəhbərlərinin, idarə, müəssisə və təşkilat kollektivlərinin, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 28 May – Respublika Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlanıldı.
Tədbiri giriş sözü açan Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov bu günlərdə xalqımızın Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümünü təntənə ilə qeyd etdiyini bildirdi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə xalqımızın qədim dövlətçilik ənənələri bərpa edilmiş, insan hüquqlarının və azadlıqlarının təminatına, irqi, milli, dini, sosial bərabərsizliklərin ləğvinə, demokratik dövlət quruculuğunun həyata keçirilməsinə əsaslı şərait yaradıldığını qeyd etdi.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etmişdir ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyə qovuşdu. Müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı dövrdə - 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra ölkədə vəziyyət sabitləşdi. İctimai-siyasi asayiş təmin edildi, ölkədə dinamik inkişaf başladı. O illərdə başlanmış və bu gün uğurla davam etdirilən siyasi, iqtisadi və hüquqi islahatlar Azərbaycanda dövlətçiliyin əsaslarını möhkəmləndirdi.
Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Dövlətimiz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı, ikitərəfli münasibətlərin inkişafında maraqlıdır. Müstəqil daxili və xarici siyasət yeridən, nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Azərbaycan Respublikası artıq təkcə regionda deyil, dünya miqyasda söz sahibi olan dövlət kimi tanınır. 2011-ci ildə Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına 2013–2014-cü illər üçün üzv seçildi və bu, Azərbaycan dövlətinin beynəlxalq mövqelərini yüksək dərəcədə möhkəmləndirməsinin göstəricisi oldu. 2013-cü il fevralın 8-də ilk telekommunikasiya peykinin uğurla orbitə buraxılması ilə Azərbaycan Respublikası kosmik dövlət kimi tanındı. Bu gün ölkəmiz bir sıra beynəlxalq forumlara, dünyanın tanınmış siyasi xadimlərinin, elm adamlarının iştirakı ilə keçirilən beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi edir. 2015-ci ildə Birinci Avropa Oyunları məhz Azərbaycanda keçirildi. 2016-cı ildə Bakı şəhəri Formula 1 Avropa Qran Pri yarışına və bu il mayın 12-dən 22-dək ölkəmiz daha bir mötəbər tədbirə - IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etdi.
Son illərdə dövlətimizin dinamik inkişaf tarixindən məlumat verən natiq milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin qarşıdan gələn 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə bu il mayın 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzaladığını vurğuladı.
Sonra tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini – Cəlil Baxşıyev Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında geniş məruzə etdi.
Məruzə ətrafında YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov və Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov çıxış etdilər.

Keçidlər