“İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda rayon icra hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırovun, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, din xadimlərinin, məscid dini icma sədrlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə seminar-müşavirə keçirildi.
Seminar-müşavirədə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı və komitənin Lənkəran regional şöbəsinin müdiri Qağayı Məmmədov iştirak edirdi.
Seminar-müşavirəni giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini, Dini məsələlər üzrə komissiyanın sədri Cəlil Baxşıyev rayonda mövcud dini durum və bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verdi.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda məruzə etdi. Ölkəmizdə bütün dinlərə bərabər münasibət göstərildiyini vurğulayaraq ölkəmizdəki multikultural və tolerant mühitin bütün dünyada müasir və mütərəqqi model kimi qəbul edildiyini diqqətə çatdırdı. Tarix boyu müxtəlif qüvvələrin müsəlman dünyasının birliyinə mane olmağa çalışdığını bildirən natiq hər bir müsəlmanın təəssübkeş olmasını və müsəlman dünyasının vəhdətini qüvvətləndirmək üçün inamlı addımlar atmalı olduğunu qeyd etdi. Bu məqsədlə Prezident cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini və ölkəmizin tarixi missiyanı həyata keçirdiyini vurğuladı. Komitə sədrinin birinci müavini İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə dini icma sədrlərinə tövsiyələrini verdi, onları ölkəmizdə İslam həmrəyliyinin təbliğində fəal olmağa çağırdı.
Məruzə ətrafında Soru kənd məscidi dini icmasının sədri Əliənnağı Əliyev, Akuşəpeştə kənd məscidi dini icmasının sədri Teymur Hacıyev, rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov çıxış edərək həmişə dövlətçiliyə, dini və milli adət-ənənələrə sadiq olan Lerikdə tam dini sabitliyin olması, Azərbaycandakı dünyaya nümunə olan tolerantlıq mühitinin qorunması məqsədilə dini mühitdəki radikal elementlərin, ekstremist fikirlərin, qeyri-ənənəvi dini cərəyan və təriqətlərin məscidlərimizə, dini ibadət evlərinə təsirinin qarşısının alındığını və bu istiqamətdə görülən işlərin daim nəzarətdə saxlanıldığını qeyd etdilər.
Seminar-müşavirədə yekun nitqi ilə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, multikulturalizmin dövlət siyasətinə çevrildiyini bildirdi. Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar olduğunu qeyd etdi. Son illər Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin “Multikulturalizm ili” onun məntiqi davamı kimi 2017-ci ilin isə “İslam həmrəyliyi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncam imzalaması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsi olduğunu vurğuladı. Məhz bu siyasətin nəticəsidir ki, ölkəmizdə müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən 54 dövlətin iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bütün dünyaya İslamın sülhə, mehribançılığa, həmrəyliyə xidmət edən bir din olduğunu bir daha nümayiş etdirdi.
12-22 may tarixlərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm şəkildə açılış mərasiminin təşkil olunması, yarışlarda mübarizə aparacaq idmançıların, onların məşqçilərinin, həmçinin yarışları izləmək üçün respublikamıza gələn iştirakçı dövlətlərin vətəndaşları üçün yaradılmış şərait Azərbaycanın bu yarışlara və eyni zamanda İslam dininə, İslam dəyərlərinə önəm verməklə həmrəyliyə, birliyə töhfə olmaqla yanaşı, həm də dünyada sivilizasiyalar arasında həmrəyliyə müsbət təsir göstərəcəyini bildirdi.