“Erkən nikahlar: səbəblər, real təhlükələr”
2012-ci il oktyabrın 16-da Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən “Demokratik Dəyərlərə Yiyələnək, Hüquqları Qoruyaq” layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzində “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri, layihənin rəhbəri Vüsal Mirzəyevin, İctimai Birliyin regional koordinatoru Afiq Məlikovun, aidiyyəti idarə, təşkilat və müəssisələrin, hüquq mühafizə orqanlarının, ümumtəhsil məktəblərinin nümayəndələrinin, fəal gənclərin iştirakı ilə “Erkən nikahlar: səbəblər, real təhlükələr” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə erkən nikahların səbəbləri, bu halların qarşısının alınması istiqamətində valideynlərin, təhsil müəssisələrinin, hüquq mühafizə orqanlarının fəaliyyəti, habelə kütləvi informasiya vasitələrinin rolu ətraflı müzakirə edilmişdir. Qeyd edilmişdir ki, ““Demokratik Dəyərlərə Yiyələnək, Hüquqları Qoruyaq” layihəsi Azərbaycan Respublikasının cənub bölgəsinin əhalisi arasında əsas demokratik dəyərlərin təşviq edilməsi, gənc qızların məişətdə və sosial həyatda seçim etmək mədəniyyətinin formalaşmasına və inkişafına dəstək verməyə xidmət edir. Layihə həmçinin bütövlükdə əhalinin həssas qrup üzvlərinə reabilitasiya dəstəyi verməyi də nəzərdə tutur. Layihənin hədəf qrupuna daxil olan insanlar 14–18 yaşlı qızlar, erkən nikahın qurbanı olmuş qadınlar və onların valideynləri, eləcə də qərar qəbulunda önəmli rola malik olan qurumların nümayəndələridir. Tədbirdə qeyd olunan mövzular ətrafında geniş müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılmışdır.