Faşizm üzərində Qələbənin 72 illiyi qeyd edildi
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun, rayonun hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 72-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri və müharibə veteranları ilə görüş keçirildi.
Öncə tədbir iştirakçıları Böyük Vətən və Qarabağ müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidələri ziyarət edərək, önündə gül dəstələri düzdülər.
Sonra müharibə iştirakçıları ilə görüş Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasına çay süfrəsi arxasında davam etdirildi.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bayram münasibəti ilə müharibə veteranlarını təbrik etdi. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının əvəzsiz rolu, Azərbaycanlıların istər döyüş meydanlarında, istərsə də arxa cəbhədə göstərdikləri fədakarlıqlar barədə geniş məlumat verdi. Respublikamızı təmsil edən 176 mindən çox döyüşçünün orden və medallarla təltif edildiyini, 130 nəfərin isə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görüldüyünü bildirdi. 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində tarixi qələbənin əldə olunmasında leriklilərin də xidmətlərinin az olmadığını vurğuladı. Lerik rayonundan 6500 nəfərin cəbhəyə yola salındığını, onlardan 1584 nəfərin həlak olduğunu, 3314 nəfərin müxtəlif dərəcədə yaralandığını qeyd etdi. Ali Baş Komandan cənab İlham Əliyevin qayğı və diqqəti ilə ordu quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü işlər nəticəsində Azərbaycan Ordusunun güclü orduya çevrildiyini, son illərdə cəbhə bölgəsində düşmənin təxribatçı əməllərinin qarşısının alınaraq layiqli cavab verildiyini diqqətə çatdırdı.
Azərbaycan xalqının istək və tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 9 May – Faşizm üzərində Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edildiyini, müharibə veteranlarına diqqət və qayğının artırıldığını, hər il Qələbə Günü münasibəti ilə dövlət büdcəsindən müharibə veteranlarına birdəfəlik maddi yardımların verildiyini və Azərbaycan övladlarının İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlıqların gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu bildirdi.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi, mayor Fəxrəddin Mirzəliyev, Qarabağ müharibəsi əlili Veysəl Məlikov, çıxış edərək Böyük Vətən Müharibəsi iştirakçılarını Qələbə Günü münasibəti ilə təbrik etdilər, onlara xoş arzularını bildirdilər.
Tədbirdə Veteranlar Təşkilatının sədri Hidayət Bəşirov, müharibə veteranlarından Daşdəmir Paşayev, Salam Cabbarov, əmək veteranlarından Həmzə Vəliməmmədov, Musa Bədəlov çıxış edərək faşizm üzərində qazanılmış qələbə ilə Azərbaycan xalqının da fəxr etdiyini, bu günün unudulmaz tarixə çevrildiyini bildirdilər. Torpaqlarımızın işğal altında olduğu bir zamanda xalqımızın İkinci Dünya müharibəsindəki qəhrəmanlığının bayram edilməsi, oğul və qızlarımızın göstərdiyi rəşadətin təbliği gənclərimizin vətənə məhəbbət ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdilər. Belə qələbə gününü ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanlarda Qarabağ torpaqlarında, qədim Şuşa şəhərində qeyd edilməsini arzuladılar.
Veteranlar onlara göstərilən qayğı və diqqətə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Onları unutmadığına, hər bir problemləri ilə maraqlandığına görə rayon icra hakimiyyətinin başçısına təşəkkür etdilər.