Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi
Azərbaycan Xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqallar və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə elmi-praktik konfrans keçirildi.
Öncə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafındakı roluna, ictimai-siyasi fəaliyyətinə, həyat və yaradıcılığına həsr olunmuş “Xalqa bağışlanan ömür” adlı qısametrajlı sənədli filmə baxdılar.
Konfransı giriş nitqi ilə açan Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi, müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü respublikanın hər yerində olduğu kimi rayonumuzda da böyük təntənə ilə, bayram əhvali-ruhiyyəsi ilə qeyd edilir. Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və yaradıcılığına həsr olunmuş rayonun idarə, müəssisə və təşkilatları tərəfində tədbirlər, ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinə tarix dərsləri, həmçinin ulu öndərin anadan olmasının 94-cü il münasibəti ilə məktəblilər arasında müxtəlif növ idman yarışları, müsabiqələr və sərgilər keçirilir.
Azərbaycan xalqının ictimai-siyasi həyatında, dövlətçilik tarixində özünəməxsus rol oynamış ümummilli liderimiz Heydər Əliyev dövlətçilik konsepsiyasının, ənənələrinin yaradılmasında mühüm rol oynamış və adını qızıl hərflərlə Azərbaycan tarixinə yazmışdır. Odur ki, hələ sağlığında canlı əfsanəyə çevrilən Heydər Əliyevə ümumxalq sevgisi, Heydər Əliyev fenomeninə maraq illər ötdükcə daha da artır.
Konfransda ulu öndərin Azərbaycanın dövlətçilik tarixinin ayrı-ayrı sahələri üzrə fəaliyyətini əks etdirən “Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qazanılması və möhkəmlənməsində müstəsna rolu” mövzusunda YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərovun, “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda Gənclər və idman idarəsinin rəisi Natiq İsaqovun, “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda Heydər Əliyev Mərkəzinin əməkdaşı Bahar Mürsəliyevanın məruzələri dinlənildi.
Sonda Lerik şəhər 3 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Kənan Seyfullazadəyə rayonda keçirilən bilik yarışlarında, mədəni-kütləvi tədbirlərdə fəal iştirakına, təhsildə fərqlənməsinə və Heydər Əliyev 94 “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika turu”nda 2-ci dərəcəli diplomla təltif olunmasına görə rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanla təltif edildi.