Əliabad kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi
Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Əliabad kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamlayaq bildirdi ki, ərazilərdə, kəndlərdə vətəndaşlarla görüşlər ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədi ilə mütəmadi olaraq keçirilir. Sizinlə belə görüşlərimiz bir neçə dəfə olmuşdur. Bu gündə qrafikə uyğun olaraq növbəti dəfə Əliabad kəndində, sizlərlə birlikdəyik .
Dünya dövlətlərinin əksəriyyətində maliyyə böhranının hökm sürdüyünü qeyd edən natiq Azərbaycanda bu böhranın cənab Prezidentimizin apardığı düzgün siyasət nəticəsində az hiss olunduğunu bildirdi. Müharibə şəraitində olmağımıza baxmayaraq pillə-pillə dünyanın inkişaf etmiş ölkələri sırasına qalxırıq. Bu yaxınlarda cənab Prezidentin sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Xanım Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edildi. Əhali Prezidentin bu addımını çox gözəl qarşıladı. Mehriban xanım ölkəmizin inkişafı və əhalinin sosial problemlərinin həlli istiqamətində çoxlu işlər görüb və bu təyinatla öz töhfəsini bir daha verəcəkdir .
Ölkəmiz cənab Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində gündən günə inkişaf edir. Regionların sosial-iqtisadi inkişafı barədə cənab Prezidentimizin qəbul etdiyi qərarlar hamınıza məlumdur. Cənab Prezidentin rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanın digər rayonları kimi, Lerik rayonu da ildən-ilə inkişaf edir və abadlaşır. Son illər rayon mərkəzi ilə yanaşı ucqar dağ kəndlərimizdə də yeni məktəb binaları tikilib istifadəyə verilmiş, bir neçə kəndə qaz xətti çəkilmiş, kəndara yolları təmir edilmiş, bir neçə kəndin yoluna asfalt döşənmişdir. 50 min əhalinin yaşadığı əraziləri birləşdirən və sizlərin də istifadə etdiyiniz Noda-Şingədülan-Xanagah avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə cənab Prezidentin sərəncamı ilə 6.6 milyon manat vəsait ayrılmışdır. Artıq yolun Əliabad kəndindən keçən hissəsi asfaltlaşdırılmışdır. Lakin bu ərazidə torpaq sürüşməsi olduğu üçün bəzi yerlərdə asfalt örtüyü dağılmışdır. Bu məsələ ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi üçün artıq mütəxəssislər dəvət olunmuşdur. Bu il həm yolun tikintisi başa çatdırılacaq, həm də sürüşməyə məruz qalmış yerlər bərpa edilərək istifadəyə veriləcəkdir.
Qaz çəkilişi mərhələlərlə həyata keçirilir. 45 kəndimizə qaz xəttinin çəkilişi tam təmin olunub. Hal-hazırda 4 kəndə qaz çəkilişi işi davam etdirilir. Bu ərazidən də əhali qazın çəkilməsi ilə bağlı müraciətlər edir. Təkrar müraciət yazmağa ehtiyac duymuram, biz bu problemləri bilirik və aidiyyəti orqanlar qarşısında məsələ qaldırılmışdır. Bilirsiniz ki, hər bir iş maliyyə ilə başa gəlir. İqtisadi vəziyyət düzəldikcə nəinki Soru, Əliabad, Gürdəsər kəndlərinə, eyni zamanda Şingədulan və digər ərazilərə də qaz xətti çəkiləcəkdir.
Rayonumuzun işıq təsərrüfatında da bir çox işlər görülüb, çürümüş dirəklər yeni dəmir dirəklərlə əvəz olunub, yarımstansiyalar istifadəyə verilib, BTM-lər quraşdırılıb. Rayonumuzun bütün ərazisində hissə-hissə çürük dirəklərin əvəzlənməsi və yeni sip kabellərin çəkilməsi işləri aparılacaqdır. Görülmüş bu işlərin nəticəsidir ki, sərt keçən bu qışda kəndlərimizdə elektrik enerjisi verilişi ilə bağlı ciddi problemlər yaşanmadı.
Daha sonra rayon icra hakimiyyəti başçısı Əliabad ərazisində qaz çəkilişi, məktəb tikintisi, mədəniyyət sahələrində və elektrik təsərrüfatında görüləcək işləri qeyd etdi, aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Soru kənd sakinləri Əliənnağı Əliyev, Zahid Cəfərov, Eldar Cəfərov, Ziyafət Əsədov, Gürdəsər kənd sakini Əkrəm Abdullayev, Əliabad kənd sakini İslam Əzimov və digərləri çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və ərazidə elektrik və rabitə xətlərinin təmirinə, mübahisəli pay torpaqlarının naturada göstərilməsinə, su probleminin həllinə, qaz xəttinin çəkilişinə, Soru kənd yolunun təmirinə və yeni məktəb binasının tikilməsinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə zəruri tədbirlərin görülməsindən ötrü aidiyyəti vəzifəli şəxslərə yerində tapşırıqlar verildi.