İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələrinin iştirak ilə Şuranın növbəti iclası keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamlayaraq Şura iclasının gündəliyində duran məsələlər barədə məlumat verdi.
Sonra “Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” 30 sentyabr 2015-ci il tarixli 1308-IVQ nömrəli Qanununun tələblərinə uyğun olaraq 2016-cı ildə rayon icra hakimiyyəti başçısı aparatına daxil olan vətəndaş müraciətlərinə baxılması, onların qəbulu işinin təşkil vəziyyəti barədə” və “Lerik Rayon İcra Hakimiyyəti başçısının tapşırığı əsasında Monidigah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində işçilərin əmək intizamına riayət etməsinin, vətəndaşların qəbulu, ərizə və müraciətlərinin araşdırılmasının, sənədlərlə işin və kargüzarlığın aparılmasının, yerli büdcə vəsaitinin xərclənməsinə dair mühasibat sənədlərinin yoxlamasının nəticəsi barədə” rayon icra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Zamiq Əhədovun, “Livədirqə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin fəaliyyətində yol verilmiş bəzi nöqsanların Lerik Rayon Prokurorluğunda araşdırılmasının nəticələri barədə rayon prokurorluğundan daxil olmuş 09 yanvar 2017-ci il tarixli 67-c-16 nömrəli təqdimatın müzakirəsi barədə” rayon icra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramovun arayışları dinlənildi.
Müzakirə olunan məsələlərlə bağlı Şura iclasında müvafiq qərarlar qəbul edildi.
Sonda rayon icra hakimiyyəti başçısı Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Elxan Qənbərovu anadan olmasının 70 illik yubileyi münasibəti ilə təbrik etdi, ona gələcək işlərində və şəxsi həyatında uğurlar arzuladı. Onun həmişə Azərbaycan dövlətinə, dövlətçiliyə sadiq olduğunu, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının formalaşmasında və inkişafında fəal iştirak etdiyini, dövlət qulluğunda uzunmüddətli və səmərəli fəaliyyət göstərdiyini vurğuladı. Tutduğu vəzifəsinin öhdəsindən layiqincə gəldiyini qeyd edərək gənc dövlət qulluqçularına örnək olduğunu və gənclərin bundan nümunə götürmələrinin vacibliyini vurğuladı. Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının formalaşmasında, dövlət qulluğunda uzunmüddətli və səmərəli fəaliyyəti, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə və anadan olmasının 70 illik yubileyi münasibəti ilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə Fəxri Fərmanla təltif edilmiş yubliyar E.Qənbərova rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edildi.
Sonra rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, Veteranlar şurasının sədri Hidayət Bəşirov, ağsaqqallar Akif Tağıyev, Qəhrəman Əliyev, Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov, Mərkəzi Xəstəxananın baş həkimi Mübariz Ağayev, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov və Qarabağ əlilləri və şəhid ailələri ictimai birliyinin sədri Veysəl Məlikov çıxış edərək yubliyarı təbrik etdilər. Onun həmişə tutduğu vəzifəsinin öhdəsindən layiqincə gəldiyini, nümunəvi dövlət qulluqçusu olduğunu, rayonun ictimai-siyasi həyatında daim fəal iştirak etdiyini bildirdilər və gələcək fəaliyyətində uğurlar arzuladılar.
Yubliyar Elxan Qənbərov çıxış edərək dövlət tərəfindən ona daim diqqət və qayğı göstərildiyini qeyd edərək ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Tədbirin təşkilinə görə rayon rəhbərliyinə və tədbir iştirakçılarını təşəkkür etdi.