Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin sosial-iqtisadi yekunları barədə hesabatına həsr olunmuş Şuranın geniş iclası keçirildi

08 fevral 2017 | 16:00

Hesabat yığıncağında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
      Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək  tər gül-çiçək dəstələri qoydular.
      Rayon Mədəniyyət Mərkəzində keçirilən hesabat yığıncağında icra hakimiyyəti başçısı Rövşən Bağırov 2016-cı ildə Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə etdi. Bildirdi ki, yola saldığımız 2016-cı ildə dünyada baş verən ağır maliyyə böhranı, dünya bazarında neftin qiymətinin əvvəlki illərlə müqayisədə xeyli aşağı düşməsi iqtisadi inkişafla bağlı vəziyyəti bir qədər də ağırlaşdırmışdır. Qlobal maliyyə böhranına, dünya iqtisadiyyatında cərəyan edən mənfi təzahürlərə baxmayaraq, Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmişdir.
      2017-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə ölkə başçısı tərəfindən geniş məlumat vermiş, əldə olunmuş uğurlar, nöqsanlar və qarşıda duran vəzifələri geniş təhlil etmişdir.
      2016-cı ildə ölkədə qeyri-neft sənayesi 5 % və kənd təsərrüfatı istehsalında 2,6 % artım qeydə alınmış, maaşlar 7 %, pensiyalar 8 % artmışdır. Ölkə iqtisadiyyatına 8 milyard dollar xarici sərmayənin, 3,7 milyard dollar daxili sərmayənin, ümumilikdə 11 milyard 700 milyon dollar sərmayənin qoyulması ölkədəki stabil iqtisadi inkişafın uğurlu nəticəsidir.
     Ölkə iqtisadiyyatının əsas sahələrindən sayılan kənd təsərrüfatının inkişafı ilə bağlı konkret tapşırıq və tövsiyələrini verən Prezident İlham Əliyev bu il pambıqçılığın, baramaçılığın, fındıqçılığın inkişaf etdirilməsinin, xurma, nar, badam və zeytun bağlarının genişləndirilməsinin vacibliyini bildirmiş və dövlət başçısının tütün və üzüm istehsalının artırılması ilə bağlı fermerlərə lazımı dövlət dəstəyinin göstərilməsi bu sahədə ixrac imkanlarının genişləndirilməsinə imkan yaradacaqdır. 
      Ordu quruculuğu ilə bağlı ölkəmizdə aparılan islahatlar barədə danışan cənab Prezident İlham Əliyev vurğulamışdır ki, 2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurmuşdur. Növbəti erməni hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar torpağı işğaldan azad etmişdir. Artıq ölkə rəhbərinin sərəncamı ilə işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində infrastrukturun yaradılması ilə bağlı ilkin olaraq 4 milyon manat vəsait ayrılmışdır. Bu Qarabağ torpaqlarına tarixi qayıdışın başlanmasıdır.
      İslamafobiyanın gücləndiyi bir vaxtda, islam dəyərlərinin, İslam dinin sülh, həmrəylik dini olmasını dünyaya nümayiş etdirən ölkə rəhbəri 2017-ci ili Azərbaycanda “İslam Həmrəylik ili” elan etmişdir. Atılan bu addım artıq tərəqqipərvər dövlətlər tərəfindən bir mənalı qaydada dəstəklənir.
      Prezident cənab İlham Əliyev yekun nitqində 2017-ci ildə ölkədə infrastruktur imkanlarının artırılması, kəndlərin qazlaşdırılması, yeni yolların çəkilməsi, içməli su layihələrinin icrasının davam etdirilməsi, sosial infrastrukturun yaradılması ilə bağlı mühüm tapşırıqlar vermişdir.
      Ölkə rəhbərinin respublikamızda apardığı uğurlu xarici və daxili siyasətin nəticəsi olaraq bütün regionlarda olduğu kimi rayonumuzda da 2016-cı il uğurlu illərdən biri kimi tarixə düşmüşdür.
      2016-cı ildə rayon üzrə taxılçılıq, kartofçuluq və tərəvəzçilik üzrə əkin sahələri genişləndirilmiş, məhsul istehsalının həcmi xeyli artmışdır. 2017-ci il üçün əvvəlki ilə nisbətən 1306 hektar çox payızlıq əkin işləri aparılmışdır. İri və xırda buynuzlu mal-qaranın baş sayı, heyvandarlıq məhsullarının istehsalında artım müşahidə edilmişdir. Nəticədə bitkiçilik və heyvandarlıq məhsullarının həcmi 2015-ci il ilə müqayisədə 14 % artmışdır. Rayonumuz üçün ənənəvi sahə olan, 2005-ci ildən bəri becərilməyən tütün bitkisinin əkini ilə bağlı əhali arasında maarifləndirmə işləri genişləndirilmişdir. Rayon üzrə 10 hektar sahədə tütün əkilmişdir. 5,8 ton qurudulmuş tütün yarpağı Şəki şəhərində fəaliyyət göstərən “İlham-M” MMC-yə təhvil verilmişdir.
      Lerik rayonunda "Lerik Broyler” MMC quşçuluq kompleksi 2016-cı ildə 687500 baş quş yetişdirərək 6875 sentner quş əti istehsal edib satmışdır. Veri-Əliabadı kəndində iş adamı tərəfindən 1 hektar torpaq sahəsində 24 istixana tikmişdir. 15-20 nəfər kənd sakininin işlədiyi istixanaların beşində qərənfil, on doqquzunda isə pomidor becərilir. 2016-cı ildə istixanalardan 80 ton pomidor, 500 min ədəd qərənfil əldə edilmişdir.
      Hesabat ilində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Lerik şəhərində inşa edilən kənd təsərrüfatı idarəsi fəaliyyətə başlamış, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq rayonlarda kənd təsərrüfatının inkişaf etdirilməsi və fermerləri narahat edən problemlərin yerində araşdırılması üçün ölkə başçısının tapşırığına əsasən yaradılan işçi qrupunun üzvləri rayonda fəaliyyət göstərən sahibkarlar, fermerlər və mütəxəssislərlə birlikdə Mədəniyyət Mərkəzində kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilmişdir.
      “Kapital” bankın rayon filialı hesabat ilində müasir tələblərə cavab verən yeni inzibati binaya köçürülmüş, Piran kəndində yeni bankomat quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir. Hesabat ilində rayon üzrə məhsul istehsalçılarına yanacağa və sürtgü yağlarına görə 182469 manat subsidiya verilmişdir.
      Dünyada və Azərbaycanda hökm sürən iqtisadi böhrandan əhalini maksimum az ziyanla çıxarmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında dövlət şirkətləri tərəfindən regionlarda maddi durumu zəif olan vətəndaşların işlə təmin edilməsi üçün 235 yeni iş yeri yaradılmışdır.
      Kommunal Müəssisələri İstehsalat Birliyində və şəhərdə mövcud olan kommunal binaların təmirinə görə işə götürülmüş 120 nəfərin köməyi ilə şəhərin bütün suötürücü kanalları, küçə və meydanları təmizlənmiş, səliqəyə salınmış, 41 kommunal yaşayış binası əsaslı təmir edilmişdir.
      2016-cı ildə rayon üzrə 874, 2013-2016-cı illər ərzində isə 11191 yeni iş yeri açılmışdır ki, bunun da 40 faizdən çoxu daimi iş yerləridir. 2016-cı ilin 12 ayında muzdla işləyənlərin orta aylıq əmək haqqı 2015-ci ilə nisbətən 4%  artmışdır.
      Hesabat ilində şəhərin 9 küçəsində 563071 manatlıq, 23910 kv.metr asfalt örtüyü salınmış, şəhərin ayrı-ayrı küçə və meydanlarında 382194 min manatlıq, 1661 kv.metr istinad divarı, 1912 kv.metr istinad divarların üzlənməsi, 617 kv.metr səki və meydançalara tamet döşəmənin qurulması, yeni işıqlandırma sistemlərinin yaradılması və digər tikinti, abadlıq işləri həyata keçirilmişdir.
      Hesabat ilində Bibiyanı kəndində 128 nömrəlik və Brkandul kəndində 96 nömrəlik ən müasir tələblərə cavab verən elektron ATS-lər quraşdırılmış, rabitə xətlərində aparılan təmir-bərpa işləri zamanı 346 ədəd sıradan çıxmış dayaq yenisi ilə əvəzlənmiş, 80 min metrdən çox müxtəlif markalı naqil və kabellər dəyişdirilmişdir. Hava elektrik xətlərində əsaslı təmir işləri aparılmış, 65 ədəd anker dayaq, 20 min metr AS-95 markalı naqillər yeniləri ilə əvəzlənmişdir. Lerik şəhərində köhnə 35/10 kv-luq Lerik yarımstansiyasının yerində müasir tipli yarımstansiya inşa edilmiş, bütün avadanlıqlar yenilənmişdir. Lerik şəhərində və kəndlərdə 15 müasir tipli 10/0,4 kv-luq transformatorlar şəbəkəyə qoşulmuş, Kəlvəz və Mistan kəndlərində 0,4 kv-luq hava xətlərində sipləşmə işləri başa çatdırılmışdır. 10 kv-luq hava xətlərində 1151 ədəd, 0,4 kv-luq hava xətlərində isə 496 ədəd istismar müddətini bitirmiş, çürümüş ağac dayaq dəmir dayaqlarla əvəzlənmişdir. İl ərzində 24 min metr AS-35 markalı naqil hava xətlərinin bərpası üçün istifadə edilmişdir. 2017-ci il üçün  5 ərazidə 10 kv-luq hava xətlərinin yenidən qurulması ilə bağlı əlaqədar qurumlar tərəfindən layihə-smeta sənədləri təsdiq olunmuş, artıq xətlərdə yenidənqurma işlərinə başlanılmışdır.
     Ölkə başçısının qayğı və diqqəti ilə rayonun 45 yaşayış məntəqəsi tam qazlaşdırılaraq 4064 əhali və 51 qeyri-əhali abonenti qazla təmin olunmuşdur. Hal-hazırda Mastail, Əvilə, Durğan və Murya kəndlərinin qazlaşdırılması ilə bağlı işlər davam etdirilir.
     Son illər ölkə rəhbərinin yol infrastrukturunun yenilənməsi ilə bağlı verdiyi sərəncamlar rayonumuzun da yollarının tikintisinə, əhalinin daha sıx yaşadığı ərazilərə yeni yolların çəkilməsinə şərait yaratmışdır. 26,5 km-lik Lerik-Qosmalıan-Kəlvəz avtomobil yolu inşa edilmiş,  36 km-lik Noda-Şingədulan-Xanəgah avtomobil yolunun 18 km-i asfaltlaşdırılmışdır. Cənab Prezident tərəfindən tikintinin başa çatdırılması üçün 01 noyabr 2016-cı il tarixində 6,6 milyon manat əlavə vəsaitin ayrılması barədə verdiyi sərəncam rayonumuza ölkə rəhbərinin göstərdiyi qayğının bariz nümunəsidir. Artıq yolda tikinti işləri sürətlə aparılır.
     Hesabat ilində rayon icra hakimiyyətinin daxili imkanları hesabına və kənd sakinlərinin köməyi ilə Piran-Veri, Piran-Hamarat kənddaxili yollarında təmir işləri aparılmış, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyət tərəfindən Təbrizli kəndinə gedən yolda yeni körpü inşa edilərək istifadəyə verilmişdir.
     2016-cı il sentyabr ayının 26-sı ümumxalq səsverməsi(Referendum) keçirilmiş, rayon əhalisinin 75%-i öz vətəndaşlıq borclarını yerinə yetirərək səsvermədə iştirak etmiş, 84%-dən çox seçici Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərə “Hə” demişdir. Referendumun nəticələri bir daha sübut etdi ki, Azərbaycan xalqı ilə dövlət birdir, ölkəmizi öz inkişaf yolundan heç bir qüvvə saxlaya bilməyəcəkdir.
     Müdafiə Nazirliyi və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə uzunömürlülər diyarı Lerikdə aprel döyüşlərinin iştirakçıları olan bir qrup hərbi qulluqçu və onların ailə üzvləri ilə rayon ictimaiyyətinin görüşü keçirilmiş, döyüşçülərə və onların ailə üzvlərinə qiymətli hədiyyələr təqdim edilmiş, rəngarəng musiqi nömrələri ilə rayon özfəaliyyət kollektivləri onların qarşısında çıxış etmişdir.
    Sonra natiq rayonda əldə edilmiş uğurlarla yanaşı, ölkə başçısının vətəndaş-məmur münasibətləri ilə bağlı tələbkarlığına uyğun vətəndaşların qəbulu, müraciətlərinə baxılması və kargüzarlıq işlərinin aparılması vəziyyəti haqqında məlumat verdi.
     Məruzə ətrafında rayon maliyyə idarəsinin müdiri Elman Abbasov, təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran Bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Azər Həsənov, Gənclər və idman idarəsinin rəisi Natiq İsaqov çıxış edərək 2016-cı ildə rayonda ayrı-ayrı sahələr üzrə görülən işlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
      Yığıncaqda Lerik şəhər sakinləri Hidayət Bəşirov, Elxan Qənbərov və Züvüc kənd sakini Əlirza Abışov çıxış edərək rayonda aparılan tikinti-quruculuq işlərinə görə minnətdarlıqlarını bildirdilər, bir sıra məsələlərin 2017-ci ilin tədbirlər planına salınaraq icrasının təmin edilməsini xahiş etdilər.
      Şura iclasında Milli Məclisin deputatı İqbal Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov çıxış edərək son vaxtlar neftin qiymətinin kəskin ucuzlaşması, dünyada hökm sürən iqtisadi böhranın ölkəmizdən də yan keçmədiyini bildirdilər. Ölkə başçısının yürütdüyü uğurlu siyasət nəticəsində  iqtisadiyyatın şaxələndirilməsi ilə qeyri neft sektoru inkişaf etdirilmişdir. Ölkə rəhbəri iqtisadiyyatının əsas sahələrindən sayılan kənd təsərrüfatının inkişafı ilə bağlı konkret tapşırıq və tövsiyələrini vermiş, istehsalın artırılması ilə bağlı fermerlərə lazımı dövlət dəstəyinin göstərilməsi tapşırılmışdır.
      Daha sonra əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra qanunlara dəyişiklərin edilməsi, Dövlət Proqramlarının uğurlu icrası nəticəsində respublikada aparılan tikinti-quruculuq işləri haqqında geniş məlumat verdilər. Rayonda görülən işləri qeyd etdilər, qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini bildirdilər.
      Sonda Şura iclasının gündəliyində duran məsələ ilə bağlı müvafiq qərar, yığıncaq iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Keçidlər