Lerikdə altı yeni məktəb binası istifadəyə verilmişdir
Sentyabrın 17-də Lerik rayonunda 6 yeni məktəb binası müəllim və şagirdlərin ixtiyarına verilmişdir.
“Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na müvafiq olaraq inşa edilmiş 220 şagird yerlik Züvüc və 180 şagird yerlik Veri kənd tam orta, 80 şagird yerlik Aran, Ləkər, Daster və Davradibi kənd ümumi məktəbləri lazımı avadanlıq və dərs ləvazimatları ilə təmin olunmuşdur.
Yeni təhsil ocaqlarının istifadəyə verilməsi münasibəti ilə keçirilən mərasimlərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov, ağsaqqallar, ziyalılar, yerli sakinlər müəllim və şagirdləri əlamətdar hadisə – dərs ilinin başlanması və yeni təhsil müəssisələrinin istifadəyə verilməsi münasibəti ilə təbrik etmişlər. Ucqar dağ rayonunun inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq ifadə olunmuşdur.