Rayon icra hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
Ərazi icra nümayəndəsinin hesabat yığıncağında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Hesabat yığıncağında ötən ilin sosial-iqtisadi uğurları, qarşıda duran vəzifələr müzakirə edildi.
Hesabat yığıncağını giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov son illərdə rayon ərazisində və Lerik şəhərində aparılan tikinti-quruculuq işləri haqqında geniş məlumat verdi. Bildirdi ki, şəhərin abadlaşdırılması və təmiz saxlanılması daim rayon icra hakimiyyəti tərəfindən diqqət mərkəzində saxlanılmışdır. Hər il ayrı-ayrı küçələrin asfaltlaşdırılması, genişləndirilməsi məhəccər divarları və piyada səkilərinin tikilməsi istiqamətində tədbirlər davam etdirilir. Səyyar-görüş qəbullarda şəhər sakinləri tərəfindən qaldırılan problemlərin, verilən təkliflərin icrası təmin edilir. 2016-cı ildə də maliyyə böhranının olmasına baxmayaraq şəhərimizdə yenidən qurma işləri uğurla icra edilmişdir. Ancaq bəzi hallarda görülən bu tikintilərin qorunmasında problemlər yaşanır. Şəhər ictimaiyyəti, ziyalılar, ağsaqqallar bu istiqamətdə maarifləndirmə işləri aparmalıdır. 2017 –ci ildə şəhərin bir neçə əsas küçəsinin asfaltlaşdırılması, işıqlandırma şəbəkəsinin genişləndirilməsi, suötrücü kanalların tikilməsi, kommunal yaşayış binalarının bloklarının təmiri, istinad divarlarının tikilməsi və piyada səkilərinin salınması, park və xiyabanlarda təmir bərpa işlərinin aparılması davam etdiriləcəkdir.
Sonra rayon icra hakimiyyəti başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ötən müddət ərzində rayonda əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm addımlar atıldığını, rayonun iqtisadi inkişafı, yol infrastrukturunun yaxşılaşdırılması üçün imzaladığı sərəncamları diqqətə çatdırdı.
Daha sonra Lerik şəhər ərazi icra nümayəndəsi Kamaddin Məstiyevin məruzəsi dinlənildi. Bildirdi ki, ərazi icra nümayəndəliyi 1529 təsərrüfatda 8458 nəfər, o cümlədən Lerik şəhəri üzrə 1490 təsərrüfatda 8274 nəfər, Hıramo kəndi üzrə 39 təsərrüfatda 184 nəfər əhali yaşayır.
Şəhərsalma və tikinti işlərinin milli memarlıq ənənələrinə və müasir tələblərə uyğun aparılması məqsədilə Respublika Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə institutu tərəfindən hazırlanmış Lerik şəhərinin yeni Baş Planına uyğun olaraq 2016-cı ildə Lerik şəhərində ümumilikdə 382191.0 manatlıq, o cümlədən Arzuman Əsədullayev, Elmar Qarayev, Nəriman Nərimanov, Həzi Aslanov, Şıxəli Qurbanov, Həmzə Şıxəliyev, Cəfər Cabbarlı,Valeh Müslümov, Hacı Heydər küçələrində, Bayraq Meydanından 16 mənzilli yaşayış binalarına qalxan pilləkənlərdə, Mərkəzi Meydanda və Tarix-Diyarşünaslıq muzeyinin qarşısında olan meydanda və digər küçələrdə 1661 m2 istinad divarları bərpa olunmuş, divarlara və səkilərə 1912 m2 ağlay plitəsi və 617 m2 tamet döşənmiş, Nəriman Nərimanov küçəsindən mədəniyyət evinə və Bayraq Meydanından 16 mənzilli yaşayış binalarına qalxan pilləkanlarda müasir işıqlanma sistemləri qurulmuş, 225 metr elektrik naqili, 660 metr kabel xətti çəkilmiş, 31 ədəd yeni işıq dirəkləri qoyulmuşdur. Şəhərin Həzi Aslanov küçəsində 12 saylı, A.Nuriyev küçəsində 18 saylı kommunal yaşayış binalarının 1090 m2 dam örtüklərinin dəyişdirilməsinə, Arzuman Əsədullayev küçəsində 53 saylı kommunal yaşayış binasında hasar divarının, Nizami küçəsində 74 və 75 saylı yaşayış binalarında xidməti mənzillərin təmirinə ümumilikdə 33490 manat vəsait xərclənmişdir. Lerik şəhərinin Camal Şahiyev, Valeh Müslümov, Həmzə Şıxəliyev, Həzi Aslanov, İsmayıl Yaqubov, Arif Nuriyev, E.Qarayev, Nəsimi küçələrində və Arzuman Əsdullayev küçəsindən şəhər icra nümayəndəliyinə gedən yolda ümumilikdə 23910 m2 sahəyə asfaltbeton örtüyü salınmışdır.
Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırığın icrası olaraq 2016-cı ildə müvəqqəti yeni iş yerlərinin açılması ilə bağlı çoxmənzilli yaşayış binaların təmiri işlərinə cəlb olunmaqla 70 nəfər işlə təmin edilmiş və təmir işlərinə 194200 manat, yaşıllıqların salınmasına, işıqlandırma sisteminə qulluq və ərazilərin təmizlik işlərinə cəlb olunacaq 50 nəfər müvəqqəti işçilərin saxlanılması və bu qəbildən olan digər xərclərə 113040 manat, cəmi 307240 manat büdcədən ayrılmış vəsait təyinatı üzrə xərclənmiş, Lerik şəhərində çoxmənzilli binaların təmiri ilə əlaqədar 2016-cı ilin aprel-sentyabr aylarında 30 binanın fasadında 14122 m2 sahə sement məhlulu ilə suvanmış, 11915 m2 sahə emulsiyon boya ilə, 8764 m2 sahə əhəng məhlulu ilə rənglənmiş, 37 ədəd köhnə, yararsız blok qapıları yeni dəmir qapılarla əvəz edilmişdir. İl ərzində şəhər küçələrində yağış sularının axıdılması üçün nəzərdə tutulmuş küveytlər təmizlənmiş, bağ və parklarda yaşıllaşdırma işləri aparılmış, şəhərdaxili və magistral yol boyu ərazilər müntəzəm zibilliklərdən təmizlənmişdir.
Sonra məruzə ətrafında Su-kanal idarəsinin rəisi Asif İmanov, 1 saylı texniki fənlər təmayüllü liseyin direktoru Gültəkin Şıxəliyeva, Kommunal müəssisələri istehsalat birliyinin rəisi Mübariz Quliyev, Şəhər yaşıllaşdırma idarəsinin müdiri Rasim Əliyev, Şəhər işıqlandırma idarəsinin müdiri Əfsər Həmidov çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələri qeyd etdilər, 2016-cı ildə işdə yol verilmiş nöqsanların aradan qaldırılması üçün səylə çalışacaqlarını bildirdilər.
Yığıncaqda şəhər sakinləri Qabil Ağayev, Adil Kərimov və Həbulla Vəliyev şəhərdə aparılan geniş quruculuq işlərinə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər, əhalini narahat edən bir neçə məsələnin icrasına köməklik göstərilməsini xahiş etdilər.
Hesabat yığıncağında məruzə və çıxışlarda səsləndirilən tənqidi qeyd və təkliflərin icrası ilə bağlı müvafiq qərar qəbul edildi.