Züvüc kənd ərazi icra nümayəndəsinin 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi
Rayon icra hakimiyyəti başçısının Züvüc kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin hesabat yığıncağında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Hesabat yığıncağını giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov bildirdi ki, 2016-cı ildə dünyada və yaşadığımız regionda iqtisadi, siyasi, hərbi böhranın daha da dərinləşməsinə, risklərin və təhlükələrin artmasına baxmayaraq, Azərbaycan 2016-cı ildə də uğurlu inkişaf tempini saxlaya bilmişdir. Uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün möhkəm zəmin yaratmışdır. Məhz bunun nəticəsində geniş sahibkarlar təbəqəsi formalaşmış, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artmış və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatı, qeyri-neft sektoru, sənaye, kənd təsərrüfatının bir vaxtlar ən gəlirli sahələr olan pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılıq inkişaf etdirilir, əhalinin məşğulluğu təmin olunur. Həyata keçirilmiş bu strategiyanın nəticəsidir ki, Dünya İqtisadi Forumunun hər il üçün apardığı qiymətləndirmədə iqtisadiyyatının rəqabət qabiliyyətinə görə ölkəmizin 37-ci yerə layiq görülməsi respublikamızda son illər ərzində aparılan uğurlu iqtisadi islahatların düzgün istiqamətdə olmasını göstərir.
2016-cı ilin yekunları ilə bağlı Nazirlər Kabinetində keçirilən iclasda cənab Prezidentin də qeyd etdiyi kimi bütün sosial proqramlar icra edilmişdir. Ölkəmizin qeyri-neft sənayesi 5 faiz, kənd təsərrüfatı isə 2,6 faiz artmışdır. Respublikada əhalinin pul gəlirləri 7 faiz, orta əməkhaqqı isə 9 faiz artmışdır. Cənab Prezidentin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılmışdır. Biz inanırıq ki, yaxın illərdə bunların real nəticələrini xalqımız öz yaşayışında hiss edəcəkdir.
Möhtərəm Prezident cənab İlham Əliyevin rayona səfərləri, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı sərəncamları, xüsusilə Züvüc ərazi icra nümayəndəliyinə daxil olan kəndlərin sakinlərinin istifadə etdiyi Noda-Şingədulan-Xanagah yolunun tikintisinin davam etdirilməsi məqsədilə 01 noyabr 2016-cı il tarixdə imzaladığı növbəti sərəncamla 6,6 milyon vəsait ayrılmış, yolun tikintisinin qısa vaxt ərzində başa çatdırılması üçün torpaq-hamarlama işlərinə başlanılmışdır.
Sonra Züvüc kənd ərazi icra nümayəndəsi Qabil Hüseynovun məruzəsi dinlənildi. Bildirdi ki, Züvüc ərazi icra nümayəndəliyi 335 ev təsərrüfatından ibarət olmaqla 4 kəndi əhatə edir və burada 2278 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. 2016-cı il ərazimizin sakinləri üçün uğurlu il hesab edilir. Ötən il inzibati ərazinin şəxsi təsərrüfatlarında mal-qaranın sayı 993 baş, qoyun-quzuların sayı 2390 baş olmuşdur. 153,35 ha sahədə payızlıq buğda əkilmişdir. Dövlət tərəfindən əhaliyə 13801,50 manat subsidiya verilmişdir. Züvüç kəndi üzrə 52,76 ha, Zövnə 59,10 ha, Çeşman15,60 ha, Arta 26 ha payızlıq buğda əkilmişdir. Orta məhsuldarlıq hektara 20 sentner olmuşdur. Bu da həm əhalinin özünün una olan ehtiyacının ödənilməsi, həm də bazarda məhsul bolluğunun yaradılmasında mühüm rol oynayır. Natiq qeyd etdi ki, vətəndaşların bütün müraciətləri həssaslıqla araşdırılmış, həlli mümkün məsələlərin icrası təmin edilmişdir. Ərazidə keçən ilə nisbətən yuxarı təşkilatlara daxil olan ərizə və şikayətlərin sayı azalmışdır.
Daha sonra icra nümayəndəsi təhsil, səhiyyə və kənd təsərrüfatı sahələrində əldə edilmiş uğurları sadaladı, ali məktəbə qəbul olunan məzunların sayının ildən artığını qeyd etdi. Zövnə kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisinə köməklik göstərilməsini xahiş etdi.
Hesabat yığıncağında Züvüc kənd xəstəxanasının baş həkimi Tomar Şahmarov, Züvüc kənd tam orta məktəbinin direktoru Sahil Ağayev, Züvüc kənd sakini, ağsaqqal Barat Xaniyev, Zövnə kənd ümumi orta məktəbin direktoru Elxan Əliyev, Züvüc kənd tam orta məktəbinin müəllimi Vaqif Şahmarov çıxış edərək görülən işlərdən razılıqlarını bildirdilər və Züvüc və Zönə kəndlərinə yolun çəkilməsinə, qonşu Yardımlı rayonunun Əngövil kəndindəki qazpaylayıcı stansiyadan ərazinin yaşayış məntəqələrinin qazlaşdırılmasının əlverişli olduğunu bildirdilər və köməklik göstərilməsini xahiş etdilər.
Yığıncaqda məruzə və çıxışlarda səsləndirilən tənqidi qeyd və təkliflərin icrası ilə bağlı müvafiq qərar qəbul edildi.
Sonra rayon icra hakimiyyəti başçısı Züvüç kənd sakinləri Zeytulla Fətullayev, Rövşən Məmmədov, Güldəstə Şəfiyeva, Zövnə kənd sakinləri Bağdagül Almasova, Babək Qasımov, İnqilab Rəcəbov və Həsənağa Qasımovu qəbul etdi, onları narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verdi.