Blaband kənd ərazi icra nümayəndəsinin 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi
Blaband kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin hesabat yığıncağında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Hesabat yığıncağını giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov bildirdi ki, artıq tarixə çevrilmiş 2016-cı ildə dünya iqtisadiyyatında hökm sürən böhrana, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını saxlaya bilmiş, iqtisadi sabitlik təmin edilmişdir. 2016-cı ildə təməli qoyulan ciddi iqtisadi islahatlar, cənab Prezidentin sərəncamı ilə təsdiq edilmiş strateji “Yol xəritələri”, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar respublikamızın gələcək inkişafı üçün yeni perspektivlər açacaqdır. Bütün çətinliklərə baxmayaraq, 2016-cı ildə ölkəmizin qeyri-neft sənayesi 5 faiz, kənd təsərrüfatı isə 2,6 faiz, əhalinin pul gəlirləri 7 faiz, orta əmək haqqı isə 9 faiz artmışdır.
Ulu öndərin uzaqgörənliklə hazırladığı siyasi kursun cənab İlham Əliyev tərəfindən uzaqgörənliklə davam etdirilməsin, regionların inkişafı ilə bağlı təsdiq edilmiş və uğurla icra edilən Dövlət Proqramları nəticəsində hər il yüzlərlə yeni iş yerlərinin yaradıldığını, kənd və qəsəbələrimizin, şəhərlərimizin inkişaf etdiyini, bütün regionlarda müasir infrastrukturun yaradılaraq insanların sosial-məişət problemlərinin həll edildiyini vurğuladı. Məhz bu inkişafın nəticəsidir ki, bu gün Bakı şəhəri dünyanın ən inkişaf etmiş, müasir, möhtəşəm, gözəl şəhəri kimi tanınır. Son illər cənab Prezidentin beynəlxalq aləmə artan nüfuzu, respublikamızın gündən-günə inkişafı dünyanın diqqətini Azərbaycana yönəltmişdir. Beynəlxalq siyasi, humanitar və idman tədbirlərinin keçirilməsi üçün inkişaf etmiş ölkələr və şəhərlər arasından Bakının seçilməsi bunu bir daha təsdiq edir.
2016-cı ildə də ölkədə aparılan geniş quruculuq tədbirləri rayonumuzdan da yan keçməmişdir. Lerik şəhərinin küçə və meydanlar abadlıq-quruculuq işləri davam etdirilmiş, Əvilə və Kirəvud kəndlərində yeni məktəb binaları inşa edilmiş, Murya, Mastail, Durğan və Əvilə kəndlərinə qaz xətti çəkiliş davam etdirilmişdir. Cənab Prezidentin qayğısı ilə sizin ərazinizin sakinlərinin də mütəmadi istifadə etdikləri Lerik-Qosmalıan-Kəlvəz yolu və bu yolu Blaband, Ambu və Barzavu, Xəlfəkücə, Osnağakücə kəndləri ilə birləşdirən kəndara avtomobil yolları da asfaltlaşdırılmışdır.
Hesabat yığıncağında ötən ilin sosial-iqtisadi uğurları, qarşıda duran vəzifələr müzakirə edildi. Kənd icra nümayəndəsi İlham Alışanovun məruzəsi dinlənildi. Blaband ərazi icra nümayəndəliyi 722 ev təsərrüfatından ibarət olmaqla 7 kəndi əhatə edir və burada 4028 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Ərazi üzrə şəxsi təsərrüfatlarda 1604 baş qara mal, 4223 baş qoyun-keçi və 299 arı ailəsi saxlanılır. Ölkə Prezidenti tərəfindən “Kənd təsərrüfatı ili” elan edilmiş 2015-ci ilin payızında 191 hektar sahədə payızlıq buğda, 74 hektar sahədə kartof əkilmişdir. Məhsul istehsalçısına dövlət tərəfindən ayrılan subsidiyanın plastik kartlarla ödənilməsi təmin edilmişdir. Cənab Prezidentin kənd təsərrüfatı sahəsinin inkişafı, pay torpaqlarında səmərəli istifadə edilməsi ilə bağlı tapşırığına uyğun olaraq əhalidə əkinə maraq daha da artmışdır. Hesabat ilində 285 hektar, ötən ilə nisbətən 94 hektar çox sahədə payızlıq buğda əkilmişdir. Bu da həm əhalinin özünün una olan ehtiyacının ödənilməsi, həm də bazarda məhsul bolluğunun yaradılmasında mühüm rol oynayır. Natiq daha sonra qeyd etdi ki, 2016-cı ildə nümayəndəliyə 17 yazılı, 39 şifahi müraciət daxil olmuşdur. Bu da ötən ildəkindən 11 müraciət azdır. Müraciətlərin əksəriyyətinə yerində baxılmış və qaldırılan problemlərin həll edilməsinə müvafiq köməklik göstərilmişdir. Lakin bütün bunlara baxmayaraq yuxarı dövlət orqanlarına və rayon icra hakimiyyətinə edilən müraciətlər nümayəndəliyə edilən müraciətlərdən çoxdur. 2016-cı ildə yuxarı dövlət orqanlarına və rayon icra hakimiyyətinə 84 müraciət göndərilmiş, 173 nəfər rayon icra hakimiyyətində başçının qəbulunda olmuşdur. Bu sahədə işlərimizdə çatışmazlıqlar vardır. Yuxarı dövlət orqanlarına ünvanlanmış müraciətlərin sayının azaldılması istiqamətdə də əhali arasında mütəmadi olaraq maarifləndirmə işləri aparırıq.
Hesabat yığıncağında Ambu kənd tam orta məktəbinin direktoru Tofiq Səfərov, Blaband kənd sakini, ağsaqqal Mirzəli Əliyev, Barzavu kənd sakini Əflatun Həsənov, Şinəband kənd ümumi orta məktəbinin direktoru Habil Talıbov çıxış edərək görülən işlərdən razılıqlarını bildirdilər və qarşıda duran vəzifələrlə bağlı təkliflərini diqqətə çatdırdılar.
Yığıncaq iştirakçılarından Lüləkəran kənd tam orta məktəbinin direktoru Şakir Babayev son illər məktəbdə qazanılan uğurlardan söz açaraq 2016-cı ildə 3 məzunun ali məktəblərə daxil olduğunu və 2016-2017-ci tədris ilində 21 şagirdin 1-ci sinfə qəbul olunmasını qeyd edərək Lüləkəran kənd məktəbi üçün yeni binanın tikintisinə, Lüləkəran kənd sakini Əfqan Quliyev Lüləkəran avtomobil yolunun əsaslı təmir olunmasına, Blaband kənd sakini Manaf Diniyev ərazidə kənd təsərrüfatı texnikasının çatışmadığını, olan texnikaların baha qiymətə işlədiyini bildirdi və köməklik göstərilməsini, Barzavu kənd sakini Mərəyev Xanlar qəzalı vəziyyətdə olan elektrik xətlərinin təmirinə, Ambu kənd tam orta məktəbinin müəllimi Vasif Abdullayev kənddə genişzolaqlı internet xidmətinin təşkilinə köməklik göstərilməsinə xahiş etdilər.
Yığıncaqda məruzə və çıxışlarda səsləndirilən tənqidi qeyd və təkliflərin icrası ilə bağlı müvafiq qərar qəbul edildi.