Şuranın növbəti iclası keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov başa çatmaqda olan 2016-cı ilin rayonumuz üçün uğurlu olduğunu, rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərinin uğurla başa çatdırıldığını qeyd etdi. Qarşıda duran vəzifələrin icrasına nail olmaq üçün aparatın, idarə və müəssisələrin, ərazi icra nümayəndəliklərinin və bələdiyyələrin həmişə əlaqəli işləməsinin vacibliyini bildirdi. Dövlət başçısı tərəfindən rayonumuzun inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrin bundan sonra da layiqincə yerinə yetirilməsi üçün hər bir dövlət qulluqçusunun üzərinə böyük məsuliyyətin düşdüyünü vurğuladı.
Sonra Şura iclasının gündəliyində duran məsələlər - “Dövlət orqanlarında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və əmək qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələrin icra vəziyyəti barədə” rayon icra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Rahib Şiriyevin və “Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın, Aparatın, müvafiq şöbə və bölmələrin və ərazi icra nümayəndəliklərinin 2017-ci il üçün perspektiv iş planının təsdiq edilməsi haqqında” rayon icra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramovun arayışları dinlənildi.
Müzakirə olunan məsələlərlə bağlı Şura iclasında müvafiq qərarlar qəbul edildi.
Sonra rayon icra hakimiyyəti başçısı uzun müddət dövlət qulluğunda qüsursuz və səmərəli fəaliyyət göstərən və pensiya yaşına çatdığına görə təqaüdə yola salınan rayon icra hakimiyyəti başçısı aparatının Sektor müdiri-baş mühasib Adil Ağayev haqqında ürək sözlərini çatdırdı, ona gələcək işlərində və şəxsi həyatında uğurlar arzuladı. Onun həmişə Azərbaycan dövlətinə, dövlətçiliyə sadiq olduğunu, tutduğu vəzifənin öhdəsindən layiqincə gəldiyini qeyd edərək gənc dövlət qulluqçularına örnək olduğunu və gənclərin bundan nümunə götürmələrinin vacibliyini vurğuladı. Uzun illər qüsursuz və səmərəli xidmətlərinə görə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə Fəxri Fərmanla təltif edilmiş A.Ağayevə rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edildi.
Təqaüdə yola salınan Adil Ağayev çıxış edərək göstərilən qayğı və diqqətə görə minnətdarlığını bildirdi.