Rayon icra hakimiyyəti başçısının Lerik şəhərində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi
Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Lerik şəhərində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı və 17 Noyabr Milli Dirçəliş Günü münasibəti ilə təbrik etdi. Bildirdi ki, cənab Prezidentin göstərişinə əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbula toplaşmışıq. Bu gün təsdiq edilmiş qrafikə uyğun olaraq sizlərlə birlikdəyik. Məqsədimiz cənab Prezidentin tapşırığına əsasən əhali ilə bilavasitə yerlərdə görüşüb, problemlərini dinləməkdir. Aidiyyəti idarə rəhbərləri, hüquq mühafizə orqanlarının rəhbərləri burada iştirak edir. Bildiyiniz kimi son on ildə cənab Prezidentin qayğı və diqqəti, tapşırığı və Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş Dövlət Proqramlarının uğurlu icrası nəticəsində rayonumuzda bir çox işlər görülmüşdür. Lerik şəhəri və kəndlərimizdə abadlıq, tikinti-quruculuq işləri həyata keçirilmiş, yeni iş yerləri açılmış, təhsil, səhiyyə müəssisələri, idarə və təşkilatlar üçün yeni binalar, uşaq bağçaları tikilib istifadəyə verilmişdir. Cənab Prezidentimiz rayonumuza xüsusi diqqət və qayğı göstərir. 01 noyabr 2016-cı il tarixdə cənab Prezidentimizin Noda-Şingədulan-Xanagah yolunun tikintisinin başa çatdırılması ilə əlaqədar imzaladığı sərəncam bunun bariz nümunəsidir. Ötən 10 il ərzində 45 kəndimizə qaz xətti çəkilmiş hal-hazırda üç kəndimizdə də qazlaşma işi aparılır. Şəhərimizdə Heydər Əliyev meydanında, Həzi Aslanov küçəsinə qalxan pilləkənlərdə və “Şəhidlər” abidə kompleksində, N.Nərimanov, H.Aslanov, H.Şıxəliyev, A.Nuriyev, E.Qarayev küçələrində abadlıq və təmir işləri görülmüş, istinad divarları tikilmiş, ağaclar əkilmiş, yeni işıqlandırma sistemi qurulmuş və yollar asfaltlaşdırılmışdır. Kənd Təsərrüfatı İdarəsi üçün inzibati bina və 100 uşaq yerlik yeni uşaq bağçası inşa edilmişdir.
2015-ci ildə dünyada gedən iqtisadi böhran, neftin ucuzlaşması ölkəmizdən də yan keçmədi. Buna baxmayaraq 2015-ci ilin sonlarında cənab Prezidentin göstərişinə əsasən ölkədə məşğulluğun artırılması məqsədi ilə respublikamızda o, cümlədən rayonumuzda 36 yaşayış binasında təmir işləri aparıldı və daimi iş yerləri olmasa da 235 yeni iş yeri yaradıldı. Təmir-tikinti zamanı bütün kommunal binaların dam örtükləri dəyişdirildi, fasadları təmir olunaraq rənglənildi, bloklara dəmir qapılar qoyuldu.
Daha sonra rayon icra hakimiyyəti başçısı qeyd etdi ki, Lerik şəhərinə su xəttinin çəkilməsi və şəhərdə kanalizasiya sisteminin yaradılması səbəbindən bütün küçələrdəki asfalt örtüyü dağıdılmış, küçə və meydanlar sıradan çıxarılmışdır. Yay aylarında su xəttində qəzaların olması, su verilişində fasilələrin yaranmasına səbəb olur. Bunları sadalamaqla sizlərə bildirmək istəyirəm ki, bu problemləri biz bilirik və onların həllinə nail olmaq üçün səlahiyyətlərimiz çərçivəsində iş aparırıq, imkanlarımız daxilində olanların həllinə həmişə köməklik göstəririk.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan ağsaqqal Akif Tağıyev, Həbulla Vəliyev, Canəli Əliyev, Dilarə Fətullayeva, Hüsaməddin Abbasov, Nizaməli Əskərov və başqaları son illər Lerikdə aparılan tikinti-quruculuq işlərinə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Rayon icra hakimiyyəti başçısından şəhərdə mehmanxananın, “Veteranlar” və “Gənclər” evinin tikintisinə, su-kanalizasiya xətlərinin tikintisi və təmirinə, qəbiristanlığın abadlaşdırılmasına və ətrafının hasarlanmasına, avtomobil yolunun təmirinə, səkilərdə işıqlandırmanın təmir-bərpasına, şəhərdə zibilliklərin vaxtında təmizlənməsi və yeni zibil qutularının qoyulmasına, şəhərdaxili küçələrin asfaltlaşdırılması və digər sosial problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin qarşıdan gələn ildə icrasına nail olmaq məqsədilə tədbirlər Planının hazırlanması, digər zəruri tədbirlərin görülməsindən ötrü aidiyyəti vəzifəli şəxslərə yerində tapşırıqlar verildi. Səyyar qəbulda bir neçə vətəndaşın şəxsi məsələlərlə bağlı etdiyi müraciətlərlə əlaqədar müvafiq tapşırıqlar verildi.