16 avqust 2012-ci il tarixdə rayon icra hakimiyyəti başçısı tərəfindən iftar süfrəsi və imkansız ailələrə bayram sovqatı verildi
On bir ayın sultanı, ruzi-bərəkət, mərhəmət ayı sayılan Ramazan ayı hər bir insanın mənəvi saflaşması üçün sanki bir fürsət yaradır. İnsanpərvərlik, birlik, həmrəylik bayramı olan Ramazan bayramı hər il dövlətimiz tərəfindən də yüksək səviyyədə qeyd edilir. Hər yerdə iftar süfrələri açılır, imkansızlara yardımlar göstərilir.
Bu artıq Lerikdə də bir ənənə şəklini almışdır. Hər il olduğu kimi, bu il də rayon icra hakimiyyəti başçısı tərəfindən 500-dən çox imkansız və şəhid ailələrinə, Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi və Çernobıl əlillərinə bayram payı verilmiş, “Elvin” şadlıq sarayında 350 nəfərlik iftar süfrəsi açılmışdır.
Öncə bir qrup ağsaqqalı qəbul edən rayon icra hakimiyyəti başçısı onları bayram münasibəti ilə təbrik etdi.
Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov tədbir iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik etdi. Bildirdi ki, milli və dini tolerantlığın hökm sürdüyü Azərbaycan Respublikasında bütün dini bayramlar, o cümlədən də Ramazan bayramı hər il təntənə ilə qeyd edilir. Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Bu ay ərzində ölkəmizdə təşkil olunan iftar süfrələri də ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir. Azərbaycanda hökm sürən bu inkişafın, birliyin, vicdan azadlığının təməlində ümummilli lider Heydər Əliyevin müdrik siyasəti dayanır.
Son illərdə Azərbaycanda sosial-iqtisadi inkişafla bağlı böyük uğurlara nail olunmuşdur. O cümlədən rayonumuzda da tikinti-quruculuq işləri geniş vüsət almışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti nəticəsində Lerik rayonu inkişaf mərhələsindədir. Lerik şəhəri günü-gündən gözəlləşir. Hazırda əhalinini narahat edən əsas problem olan içməli su və kanalizasiya şəbəkəsinin yaradılması istiqamətində qızğın iş gedir. Düzdür bu zaman illərdir təmir etdiyimiz küçə və meydanlar bərbad vəziyyətə düşür. Amma bu lazım olan bir işdir və bunu uğurla başa çatdırdıqdan sonra küçələrimiz yenə də əvvəlki görkəminə qaytarılacaqdır. Buna baxmayaraq bir neçə küçədə abadlıq işlərimiz davam etdirilir.
Yeni modul tipli elektrik stansiyasının tikintisi də uğurla aparılır.
Həmçinin kəndlərimizdə də abadlıq-quruculuq işləri davam etdirilir. Cənab Prezidentin sərəncamı ilə tikintisinə ilkin olaraq 3 milyon vəsait ayrılan Lerik-Qosmalian-Kəlvəz yolunda tikinti işləri sürətlə aparılır. 14 kənddə yeni məktəb binaları tikilir. Onlardan bir neçəsi artıq tamamlanmaq üzrədir və yeni dərs ilinə kimi şagirdlərimizin istifadəsinə veriləcəkdir.
Daha sonra ağsaqqallardan Prezident təqüdçüsü Hacı Musa bədəlov, Hacı Əliənnağı Əliyev, Hacı İlham Əliyev, Özübəy Quliyev və başqaları çıxış edərək göstərilən diqqətə görə minnətdarlıqlarını bildirdilər, rayonda aparılan tikinti-abadlıq işlərinin davam etdirilməsi ilə bağlı bir sıra təkliflər səsləndirdilər.
Tədbir “Elvin” şadlıq sarayında 350 nəfərlik iftar süfrəsi arxasında davam etdirildi.