Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirildi

17 oktyabr 2016 | 16:00

17 oktyabr 2016-cı il tarixdə rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyətin nümayəndələrinin iştirak ilə Lerik Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirildi.
      Öncə tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummili lideri Heydər Əliyevə hörmət və ehtiramlarını bildirərək Ulu Öndərin abidəsini ziyarət edib, qarşısına tər gül dəstələri qoydular.
      Rayon mədəniyyət mərkəzində davam etdirilən tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov konfrans iştirakçılarını bayram münasibəti ilə təbrik etdi və konfransın gündəliyi haqqında məlumat verdi.
      Daha sonra icra hakimiyyəti başçısı “Müstəqil Azərbaycanın 25 il ərzində keçdiyi tarixi yol” mövzusunda məruzə ilə çıxış edərək bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beş illik yubileyinin ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğunu nəzərə alaraq, müstəqillik illərində Azərbaycan Respublikasının keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətlərin təbliğini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2016-cı il tarixli 2378 nömrəli Sərəncamı ilə xüsusi Tədbirlər Planı təsdiq edilmişdir.
      Bildiyiniz kimi Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirdi. Dövlət müstəqilliyimiz qısa bir müddətdə dünya birliyi ölkələri və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmaqla respublikamız  beynəlxalq hüququn subyektinə çevrildi. Həmin gün tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil oldu. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət atributları kimi qəbul edildi.
      Azərbaycanda müstəqil, dünyəvi, demokratik dövlət quruculuğunun reallaşdırması müstəqilliyin ilk illərində ölkədə yaşanan hərc-mərclik üzündən mümkün olmamışdır. 1992-ci ilin mayında hakimiyyətə silahlı yolla gələn AXC-Müsavat cütlüyünün 1 illik iqtidarı dövründə ölkədəki vəziyyət daha da gərginləşmiş, vətəndaşların təhlükəsiz yaşamaq kimi təbii hüququnun təminatında ciddi problemlər yaranmışdı. Qanunçuluğun kövrək xarakter daşıması, hüquq mühafizə orqanlarının üzərlərinə düşən vəzifələri həyata keçirə bilməməsi son nəticədə ictimai həyatın müxtəlif sahələrində vəziyyətin daha da pisləşməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, qanunsuz silahlı qruplaşmaların sərbəst hərəkət etməsinə münbit şərait yaratmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Bir tərəfdən ayrı-ayrı məmurların dövlətin ozamankı rəhbərinə tabe olmaması nəticəsində hakimiyyət böhranının dərinləşməsi, digər tərəfdən isə, ölkənin cənubunda və şimalında separatçıların məkrli niyyətlərlə baş qaldırması ölkədəki vəziyyəti dalana gətirib çıxarmışdı.
      Məhz xalqın təkidi ilə 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Heydər Əliyev Milli Məclis qarşısında etdiyi dərin məzmunlu çıxışında yeni siyasi strategiyanın mahiyyətini açıqlayaraq Azərbaycan Respublikasının xarici siyasət prioritetlərini müəyyən etdi. Bu, Azərbaycan xalqının taleyində mühüm bir dönüş anı kimi daimi xatırlanacaqdır. O, bütün biliyini, bacarığını - özünün dəfələrlə qeyd etdiyi kimi, həyatının qalan hissəsini – Azərbaycan xalqına, onun firavan yaşamasına həsr etdi.
       Hakimiyyətə gəldikdən sonra Azərbaycanın milli inkişaf strategiyasını müəyyənləşdirən ulu öndər Heydər Əliyev nəzarətsiz silahlı dəstələri, dövlətçiliyə təhlükə yaradan digər qüvvələri zərərsizləşdirərək, 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində qətiyyətli mövqeyi ilə Azərbaycanı ağır faciələrdən xilas edə bildi. İctimai və hüquqi sferada özbaşınalığa, qanunsuzluğa son qoymuş Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atdığı addımlar, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatları, insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb oldu. Ulu öndər Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik meyarların möhkəmlənməsinə etibarlı zəmin yaratmışdır.
       Keçid dövrünü başa vuran respublikamız bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatlarımız ildən-ilə artır. Yeni infrastruktur formalaşır, regionlarda belə, irimiqyaslı strateji layihələr gerçəkləşdirilir.
      Azərbaycanda ordu quruculuğu prosesi də böyük uğurla gedir. Silahlı Qüvvələrimizin peşəkarlıq və hazırlıq səviyyəsi, maddi-texniki bazası və döyüş qabiliyyəti möhkəmləndirilir. Müdafiə sənayesinin inkişafı Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə zəmin yaratmış və ordunun döyüş qabiliyyətini artırmışdır. Ermənistanın təxribatçı fəaliyyəti səbəbindən 2016-cı ilin aprel ayında cəbhədə cərəyan edən hadisələrin nəticələri Qafqazda ən güclü orduya malik olduğumuzu bir daha təsdiq etdi.
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin səyi ilə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, xalqın həyat səviyyəsinin yüksəlməsinə xidmət edən çoxsaylı Dövlət Proqramları uğurla  həyata keçirildiyini, ölkədə tam ictimai-siyasi sabitliyin hökm sürdüyünü, yeni iş yerləri yaradıldığını, əhalinin rifah halı gündən-günə yaxşılaşdığını diqqətə çatdırdı. Təkcə rayonumuzda aparılan tikinti-quruculuq, abadlıq işləri, tikilən yeni sosial obyektlər, məktəblər, yollar, Qarabağ müharibəsi əlilləri və  şəhid ailələri üçün inşa edilən yaşayış binaları və ən əsası rayonumuzun inkişafında mühüm rol oynayan turizm bazalarının yaradılması dediklərimizə əyani nümunə olduğunu vurğuladı.
      Daha sonra rayon polis şöbəsinin rəisi Hüseynəli Məlikov “Müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğu”, Lerik şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Hüseynbala Əliyev “Təhsilimizə 25 ilin zirvəsindən baxış”, Gənclər və İdman  İdarəsinin rəisi Natiq İsaqov “Müstəqil Azərbaycan cəmiyyətinin qurulmasında gənclərin rolu”,  Lerik şəhər 2 nömrəli tam orta məktəbin müəlliməsi Şəhla Məmiyeva “Müstəqilliyin möhkəmləndirilməsində Azərbaycan qadınının rolu”, Lerik Rayon Veteranlar Təşkilatının sədri Hidayət Bəşirov “Müstəqilliyimiz əbədidir” mövzularında, ağsaqqal Tarverdi Ağayev çıxış edərək 25 il ərzində müstəqilliyin möhkəmlənməsi və bu illər ərzində Heydər Əliyev dühası nəticəsində qazanılan uğurlar haqqında məlumat verdilər. Bu gün Azərbaycan və onun istiqlaliyyəti üçün ən mühüm təminat faktorunun ümummilli lider Heydər Əliyevin bərqərar etdiyi güclü dövlətçilik xəttini uğurla davam etdirən yeni liderin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ulu öndərin ideyalarına sadiq qalaraq bu dövləti daha da inkişaf etdirdiyini, xalqın ən böyük milli sərvəti olan müstəqilliyin möhkəmləndirilməsi üçün əzmkarlıqla çalışdığını vurğuladılar. Azərbaycan xalqının qəlbən inandığı və siyasətini bəyəndiyi liderinin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına, ən müxtəlif sahələrdə daha böyük nailiyyətlərə imza atacağına əmin olmaqla onun siyasətini daim dəstəkləyəcəklərini bildirdilər.

Keçidlər