Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədi ilə ictimai dinləmə keçirildi

12 iyul 2016 | 16:00

2016-cı il iyulun 12-də rayon mədəniyyət mərkəzində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədi ilə ictimai dinləmə keçirildi.
     Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, rayon icra hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin əməkdaşları, hüquq mühafizə orqanlarının nümayəndələri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri, fəal gənclər, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
    Əvvəlcə İnsan Hüquqları Üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Heydər Əliyev meydanında ümummilli liderin abidəsini ziyarət etdilər, abidə önündə gül dəstələri düzdülər.
    Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası istiqamətində Lerik rayonunda həyata keçirilmiş tədbirlər haqqında məlumat verdi. Bildirdi ki, insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsi dövlət siyasətinin ən başlıca xəttini təşkil edir. Bütün dövlət orqanlarının, o cümlədən rayon icra hakimiyyətinin fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri də insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, bu istiqamətdə müvafiq maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrasının təmin edilməsi məqsədi ilə rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələr üzrə ötən dövr ərzində insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
     Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova çıxış edərək bildirdi ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının qorunması sahəsində islahatların yeni bir mərhələsidir. Ötən illərdə ölkəmizdə həyata keçirilən demokratik, hüquqi, sosial-iqtisadi islahatlar nəticəsində əhalinin rifah halı daha da yaxşılaşmış, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla həyata keçirilmiş, Azərbaycanın hər bir şəhər və rayonu inkişaf etmişdir. Respublikamızın hər bir bölgəsində insan hüquq və azadlıqlarının tətbiqi və təbliği vəziyyətinin monitorinqi, eyni zamanda əhalinin hüquqi maarifləndirilməsi istiqamətində ictimai dinləmələr mühüm əhəmiyyət kəsb edir. İnsan hüquqları üzrə müvəkkil respublikamızın yeni inkişaf mərhələsində əsas hədəflərin çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatının formalaşdırılması, sosial sahədə önləyici inkişaf səviyyəsinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəldiyini, habelə elmin, mədəniyyətin tərəqqisində, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasının insan hüquqlarının daha etibarlı qorunmasına mühüm töhfələr verdiyini bildirdi. Müvəkkilin təşəbbüsü ilə respublikada 18 iyun – İnsan Hüquqları Günü ərəfəsində “İnsan hüquqları aylığı” elan edildiyi, aylıq çərçivəsində tədbirlərin keçirildiyi xüsusi vurğuladı.
      Müzakirələrdə rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyinin direktoru, əməkdar müəllim Gültəkin Şıxəliyeva, Uzunömürlülər muzeyinin direktoru Dilarə Fətullayeva, Cəngəmiran bələdiyyəsinin sədri Güləddin Şahverənov, Lerik şəhər uşaq bağçasının müdiri Lalə Əliyeva, Mastail kənd tam orta məktəbinin direktoru Avdıl Ramazanov çıxış edərək insan hüquq və azadlıqlarının həyata keçirilməsində rayonda görülmüş işlər və mövcud problemlər barədə məlumat və təkliflər verdilər.
      Sonra rayon polis şöbəsinin rəisi Hüseynəli Məlikov çıxış edərək insan hüquqlarının həyata keçirilməsi üzrə fəaliyyət, müvafiq qanunvericilik, inkişaf göstəriciləri barədə məlumat verdi, hüquqi maarifləndirmə  ilə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırdı.
      Tədbirin sonunda İnsan Hüquqları Üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova bir qrup vətəndaşı qəbul etdi.

Keçidlər