Şəhid Əliyev Vüsal torpağa tapşırıldı
05 iyul 2016-cı il tarixdə saat 12:30-da Azərbaycan-Ermənistan dövlət sərhədində, Qazax rayonunun Abasbəyli-Məzəm kəndi istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər, 1996-cı il təvəllüdlü Əliyev Vüsal Əmir oğlu iyulun 6-da doğma Noda kəndində torpağa tapşırıldı.
Dəfn mərasimində şəhidin doğmaları ilə birgə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin əməkdaşları, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məsul işçiləri, şəhidin qulluq etdiyi hərbi hissənin zabit və əsgərləri, müharibə veteranları, kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Matəm mitinqində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdi. Vüsal Əliyevin torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olduğunu bildirdi. Şəhidlərimizin qanının yerdə qalmayacağını Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və əmri ilə müzəffər ordumuz tərəfindən torpaqlarımızın azad ediləcəyini qeyd etdi.
Aprel ayının əvvəllərində ordumuzun düşmən üzərində layiqli qələbə qazandığını, bir neçə vacib strateji yüksəklikləri geri qaytardığını bildirən icra hakimiyyətinin başçısı Azərbaycan Ordusu ilə xalqın yekdil birliyi, Ali Baş Komandanın cəsarətli qərarları nəticəsində hərbçilərimizdə yüksək döyüş əhval-ruhiyyəsinin olduğunu diqqətə çatdırdı. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş bütün əsgərlərimizin qisası güclü və qüdrətli ordumuz tərəfindən düşməndən alındığını, şəhidlərimizin əziz xatirəsinin həmişə qəlbimizdə yaşayacağını qeyd etdi. Vüsalın bütün leriklilərin övladı olduğunu və onun əziz xatirəsinin daim uca tutulacağını bildirərək şəhidin atasına oğlu ilə qürur duymalı olduğunu bildirdi və Vətən sağ olsun, başın sağ olsun deyə başsağlığı verdi.
Böyük izdihamla keçən mitinqdə Azərbaycan Ordusu, Ali Baş Komandan və Qarabağla bağlı şüarlar səsləndirildi.
Sonra şəhid Vüsal Əliyevin xidmət etdiyi hərbi hissənin zabiti, polkovnik-leytenat Rasim Manafov çıxış edərək onun cəsur, igid və intizamlı əsgər olduğunu bildirdi. Ordumuz tərəfindən bütün şəhidlərimizin qisasının alındığını diqqətə çatdırdı. Sonra o, Vüsal Əliyevin tabutunun büküldüyü Azərbaycan Bayrağını atasına təqdim etdi.
Böyük ehtiramla torpağa tapşırılan Şəhidin ruhuna dualar oxundu, yaylım atəşi açıldı.
Oğlunun tabutunun büküldüyü Azərbaycan Bayrağını qəbul edərək öpən şəhidin atası Əmir Əliyev Vüsalın şəhidlik zirvəsinə ucalmasından qürur hissi keçirdiyini, dəfn mərasiminin belə yüksək səviyyədə keçirilməsinə, göstərilən diqqətə görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirdi.
Şəhidin məzarına tər qərənfillər və rayon icra hakimiyyəti başçısı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və SHXÇDX rayon şöbəsi tərəfindən əklillər qoyuldu.