Şura iclası keçirilmişdir
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önündə gül dəstələri qoydular. Daha sonra rayon mədəniyyət evində tədbir davam etdirildi. Rayon icra hakimiyyəti başçısı R.Bağırov birinci yarımildə respublikada və rayonda əldə olunan uğurlar və cari ildə görüləcək işlər barədə geniş məlumat verdi.
Natiq bildirdi ki, iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin iqtisadi, siyasi, sosial və mədəni sahədə qazandığı uğurlar bir daha səslənmiş, on illərə hesablanmış xarici siyasətimiz haqqında geniş məlumat verilmiş, qazanılmış uğurlardan danışılmış, qarışda duran vəzifələr müəyyən edilmişdir.
Son altı ayda ölkə iqtisadiyyatının inkişaf etdiyini və qarşıda duran vəzifələrin uğurla icra olunduğunu deyən Prezident İlham Əliyev yarım ildə ümumi daxili məhsulun 1,5 faiz, qeyri neft sektorunun 11,3 faiz artdığını bildirmiş, sənaye istehsalının ümumi həcminin neft hasilatının aşağı düşməsi nəticəsində 3 faiz azaldığını, qeyri-neft sənayesinin 8,3 faiz artmasını göstərmişdir. Keçən altı ay ərzində infilyasiya cəmi 2,2 faiz olmuş, əhalinin pul gəlirləri 14,2 faiz artmış, kənd təsərrüfatında 10,4 faiz artım müşahidə edilmişdir. Regional inkişaf proqramının icrası nəticəsində altı ayda bölgələrdə 46 min yeni iş yeri yaradılmışdır ki, onlardan 37 mini daimi iş yerləridir. Ölkənin strateji valyuta ehtiyatları artaraq 44 milyard dollara çatmışdır.
Hesabat dövründə dövlət büdcəsinin ehtiyat fondundan əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə 400 milyon manat, o cümlədən “Keçmiş SSRİ Əmanət bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı tarixi fərmanın icrası olaraq 300 milyon manat vəsait ayrılmışdır.
Respublikamızdakı uğurlu iqtisadi reformalar rayonumuzun da sosial–iqtisadi inkişafına ciddi təsir göstərmişdir. Rayonumuzun siması tanınmaz dərəcədə dəyişmiş, bütün ərazilərdə quruculuq-abadlıq işləri böyük vüsət almışdır. İqtisadiyyatın bütün sahələrində uğurlara imza atılmışdır.
2012-ci ilin ikinci rübündə 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı artmışdır. Ümumi məhsul buraxılışının həcmi 2011-ci ilə nisbətən 0,8 faiz artmış, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 0,3 faiz azalmış, pərakəndə əmtəə dövriyyəsi 4,3 faiz, pullu xidmət 3,2 faiz və təmir-tikinti işləri 3,4 faiz, sənaye məhsulunun ümumi həcmi 0,3 faiz artmışdır. Rayon üzrə əhalinin orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 0,3 faiz artaraq 262 manata, əhalinin gəlirləri 1,3 faiz artaraq 33 milyon 37 min manata çatmışdır. Gəlirlərin artması ilə yanaşı əhalinin xərcləri də 1 milyon 405 min manat artaraq 32 milyon 619 min manata çatmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 14 aprel 2009-cu il “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 80 nömrəli Fərmanı rayonumuzda uğurla icra edilir.
II Dövlət Proqramının icrasına uyğun olaraq keçən vaxt ərzində rayonumuzda 2659, o cümlədən cari ildə 704 yeni iş yeri, ümumilikdə isə 2004-2011-ci il və 2012-ci ilin keçən dövrü ərzində 7405 yeni iş yeri açılmışdır. Açılmış iş yerlərinin 40 faizdən yuxarısı daimi iş yerləridir.
Lerik şəhəri və şəhərə bitişik ərazidə yerləşən 6 yaşayış məntəqəsinə qaz xətti çəkilmiş, Lənkəran rayonundan rayonumuzun Piran, Vizəzəmin ərazisinə orta təzyiqli qaz xəttinin, Piran, Hamarmeşə kəndlərinin daxili qaz xətlərinin çəkilməsi işləri başa çatdırılmışdır. Dekabr 2011-ci il tarixdən rayonun Hıramo, Yuxarı Bilnə, Bilnə, Mastayıl, Livədirqə, Murya, Qədiməkücə, Nıso-Murya və Əvilə kəndlərinə qaz xəttinin çəkilməsi işlərinə başlanılmışdır.
Rayonda 18 ümumtəhsil məktəbi əsaslı təmir edilmiş, 2 məktəb inşa edilmiş, Züvüç kəndində 220, Barzavu kəndində 180, Aran, Davradibi, Ləkər, Daster və Kələxan kəndlərində 80 şagird yerlik məktəb binalarının tikintisində son tamamlanma işləri aparılır. Məktəblərin yeni tədris ilində məktəblilərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. 2012-ci il üçün Nücü, Molalan, Livədirqə, Bibyani kəndlərində 180 şagird yerlik, Durğan, Nüvədi, Zəriküməco kəndlərində isə 80 şagird yerlik məktəblərin tikilməsi planlaşdırılmış və artıq tikiləcək məktəb binaları üçün torpaq sahələri ayrılmış, texniki məsələlər qismən həll edilmişdir. Bir neçə məktəbin tikinti işlərinə başlanılmışdır.
Lerik Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Qanunlarının, Prezidentin Fərman və Sərəncamlarının, göstərişlərinin, Nazirlər Kabinetinin qərar və sərəncamlarının həyata keçirilməsi üçün tələb olunan bütün məsələlərin həllinə, yerli idarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsinə və onların işinə gündəlik nəzarətə səy göstərmişdir.
Bir daha Azərbaycan Respublikası Prezidentini əmin edirik ki, dövlət tərəfindən qarşımıza qoyulan bütün məsələlərin həlli istiqamətində işlərimizi davam etdirəcək, Nazirlər Kabinetinin 11 iyul 2012-ci il tarixli iclasında qeyd olunan nöqsan və çatışmamazlıqların aradan qaldırılması üçün daha əzmlə işləyəcək, bütün rayon əhalisinin bir məqsəd-dövlətimizin möhkəmləndirilməsi və daha da çiçəklənməsi ideyası ətrafında birləşməsinə çalışacağıq.
Məruzə ətrafında rayon maliyyə idarəsinin rəisi Elman Abbasov, “Kapital bank”ın Lerik rayon filialının müdiri İlham Dadiyev, paylayıcı elektrik şəbəkəsinin müdiri İxtiyar İmanov, Su-kanal idarəsinin müdiri Asif İmanov çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
Tədbir iştirakçıları adından Azərbaycan respublikası Prezidentinə müraciət qəbul edildi.