Orand kəndində səyyar görüş-qəbul keçirildi
Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Orand kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik etdi. Bildirdi ki, artıq ənənə halını almış növbəti yerlərdəki səyyar görüş-qəbula toplaşmışıq. Bu gün təsdiq edilmiş qrafikə uyğun olaraq sizlərlə birlikdəyik. Məqsədimiz cənab Prezidentin tapşırığına əsasən əhali ilə bilavasitə yerlərdə görüşüb, problemlərini dinləməkdir. Aidiyyəti idarə rəhbərləri, hüquq mühafizə orqanlarının rəhbərləri burada iştirak edir. Bildiyiniz kimi son illər cənab Prezidentin qayğı və diqqəti, tapşırığı və köməkliyi, Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş Dövlət Proqramlarının icrası nəticəsində rayonumuzda bir çox işlər görülmüşdür. Lerik şəhəri və kəndlərimizdə abadlıq, tikinti-quruculuq işləri həyata keçirilmiş, yeni iş yerləri açılmış, təhsil, səhiyyə müəssisələri, idarə və təşkilatlar üçün yeni binalar, uşaq bağçaları tikilib istifadəyə verilmişdir. 2006-cı ildə Lerik şəhərinə ilk dəfə qaz verilişindən sonra ötən 10 il ərzində 40-dan çox kəndimizə qaz xətti çəkilmişdir. İki istiqamətdə yol tikintisi ilə bağlı cənab Prezident sərəncam imzalamış, Lerik-Kəlvəz yolun tam tikilərək başa çatdırılmış, Noda-Şingədulan-Xanagah yolunun 18 km asfaltlaşdırılmışdır.
Son illərdə rayon icra hakimiyyətinin maliyyə dəstəyi ilə bir neçə kəndarası yollarda təmir işləri aparılmışdır. O cümlədən, 12 km-lik Lerik-Nuravud-Orand yolu 2 dəfə, bir dəfə əsaslı şəkildə, ikinci dəfə cari təmir edilmişdir. Bu yolun və Piran-Hamarat, Hamarat-Vıjaker yolunun əsaslı şəkildə yenidən tikintisi ilə bağlı 2013-cü ilin mart ayında tərtib edilmiş qüsur aktları Nazirlər Kabinetinə və Nəqliyyat Nazirliyinə təqdim edilmişdir. 2014-cü ildə isə Lerik-Nuravud-Orand yolunun qüsur aktı və ilkin layihə sənədləri Prezident Administrasiyasına, Nəqliyyat Nazirliyinə təqdim edilmişdir. Bundan başqa həm Orand kənd tam orta məktəbi üçün yeni binanın tikilməsi ilə bağlı iyul 2009, avqust 2012-ci ildə Nazirlər Kabinetinin, Fövqəladə Hallar, Təhsil, İqtisadiyyat Nazirliklərinin məsul əməkdaşlarının, rayon icra hakimiyyəti başçısının müavini və baş memarın, təhsil və maliyyə şöbə müdirlərinin iştirakı ilə 46 məktəb, eyni zamanda Orand məktəbinin qəzalı vəziyyətdə olması barədə tərtib edilmiş akt Nazirlər Kabineti və aidiyyəti nazirliklərə təqdim edilmiş, rayon icra hakimiyyəti tərəfindən aidiyyəti nazirliklərə müraciətlər ünvanlanmışdır. Bu məktəblərdən növbə ilə bir çoxu artıq tikilib istifadəyə verilmişdir. Orand kənd tam orta məktəbi üçün yeni binanın tikintisi haqqında qərarı da təhsil nazirliyi qəbul etməlidir. Bununla bağlı mən nazirliyə məktubla müraciət edəcəyəm. Mən çox sevinərdim ki, bu məktəbin yeni binasının açılışında iştirak edim.
64 kəndin, Orand, Pirasora, Xanagah və digər kəndlərin qazlaşdırılması, elektrik təsərrüfatının yenidən qurulması ilə bağlı 2009-cu ildə ”Azərenerji”, “Azəriqaz” Dövlət Neft Şirkətinə, ən son olaraq 2013-də, 2015-ci ildə Baş Nazirə aidiyyəti Nazirlik və şirkətlərə dəfələrlə məktublar yazmış, əhalini narahat edən bu əsas problemlərin həllinə köməklik göstərmələrini xahiş etmişik.
Sizlərin müraciətini nəzərə alaraq burada tibb məntəqəsi və icra nümayəndəliyini yerləşdirmək üçün daxili imkanlarımız hesabına bu binanı inşa etdik.
Mənə rəqəmlər təqdim olunub. Təkcə Orand kəndində elektrik təsərrüfatında bərpa işlərinin görülməsi üçün elektrik şəbəkəsi tərəfindən 2015-ci ildə 14 ədəd çürük dayaq dəmir dayaqla əvəzlənmiş, 1850 metr naqil dəyişdirilmişdir. 2016-cı ildə 15 dayaq dəmir dirəklə yenilənmiş, 500 metr naqil verilmiş, 1,6 kilometr 04 kilovoltluq xətt təmir edilmişdir. Orand kəndində həm fasiləsiz elektrik enerjisinin verilməsinə nail olmaq, ən əsası isə verilən enerjinin haqqının toplanmasındakı mövcud problemi aradan qaldırmaq məqsədilə 2016-cı ildə bu kəndin sipləşdirilməsi və burada 250 kilovoltluk yeni transformatorun quraşdırılması nəzərdə tutulmuşdur.
Rayon elektrik şəbəkəsinin müdiri Səhrab Həsənov məlumat verərək bildirdi ki, artıq bütün sənədləşmə işləri başa çatdırılmışdır. İyul ayı ərzində Orand kəndində elektrik təsərrüfatının yenidən qurulması işlərinə başlanılacaqdır.
Daha sonra rayon icra hakimiyyəti başçısı qeyd etdi ki, bunları sadalamaqla sizlərə bildirmək istəyirəm ki, bu problemləri biz bilirik və onların həllinə nail olmaq üçün səlahiyyətlərimiz çərçivəsində iş aparırıq, hansı kənd olmasından asılı olmayaraq isə imkanlarımız daxilində olanların həllinə həmişə köməklik göstəririk.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlar görülən içlərlə bağlı minnətdarlıqlarını bildirdilər. Rayon icra hakimiyyəti başçısından Orand kəndinə gedən avtomobil yolunun təmirinə, kəndin elektrik xətlərinin təmir-bərpasına, kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə, xüsusi ilə qışı sərt və uzun keçən, meşə massivindən xeyli uzaqda yerləşən Orand kəndinə qaz xəttinin çəkilməsinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda Cənnətova Əsməgül və onun həyat yoldaşı Ehram Həsənov anadangəlmə şikəst övladına əlil arabasının verilməsini və evinin tavanı və dam örtüyünün təmirinə köməklik göstərilməsini, Bayram Quliyev güclü külək nəticəsində ziyan dəymiş evinin dam örtüyünün bərpası üçün şifer verilməsinə, Malik Şamiyev icarəyə torpaq sahəsinin verilməsinə, ağsaqqal Şərbət Cəfərov kənd avtomobil yolunun hamarlanması üçün texnikanın verilməsinə, Musa Rüstəmov yeni məktəb binasının tikintisinə, Sahi Əzimov Orand kəndinə qazın çəkilməsinə, Alişəkə Həsənov ünvanlı sosial yardımın təyin edilməsi, bir neçə vətəndaşın şəxsi məsələlərlə bağlı müraciətləri ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.