“Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirildi
Ambu kənd tam orta məktəbində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı, Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Lənkəran iqtisadi rayonu üzrə Lerik rayonunda fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizminin izah edilməsi, rayonda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, onlarla müvəkkil kredit təşkilatları arasında qarşılıqlı inamın artırılması məqsədi ilə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirildi.
Forumda rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev iştirak edirdilər.
Forumu giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə, o cümlədən rayonumuzda sahibkarlığın inkişafı üçün lazımi şərait yaradıldığını qeyd etdi. Bildirdi ki, sahibkarlığın inkişaf etdirilməsi üçün güzəştli kreditlərin verilməsi, bu sahədə yaranan problemlərin həll edilməsi daim diqqətdə saxlanılır.
Forumda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxış edərək 2016-cı ilin ötən dövrü ərzində 1209 sahibkara 66 milyon manat dəyərində güzəştli kreditin verildiyini, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 2800-dən çox yeni iş yerlərinin yaradıldığını diqqətə çatdırdı. Qeyd etdi ki ümumilikdə indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2891 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,6 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 10500-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır
İşgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 59 sahibkara 516 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər əsasən, heyvandarlıq, arıçılıq, çörək istehsalı sahələrinin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 80-ə yaxın yeni iş yerinin açılması mümkün olacaqdır.
Forum çərçivəsində sahibkarları maraqlandıran suallar cavablandırılmış, Lerikdə güzəştli kredit ayrılmış və gün ərzində 6 ton çörək istehsal etmək gücü olan müəssisəyə və illik istehsal gücü 3,5 min ton olan quşçuluq fabrikinə baxış keçirilmişdir.