17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi
17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibəti ilə Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayon icra hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin əməkdaşları, tibb işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev tibb işçilərinin peşə bayramı günü münasibəti ilə şərəfli peşə sahiblərini təbrik etdi. Bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il iyunun 17-də təsdiq olunmuş 2-ci hökumət kabinetinin strukturunda ilk dəfə olaraq Səhiyyə Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncamla respublikanın sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq hər il iyunun 17-nin Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunması qərara alınmışdır.
1918–1920-ci illərdə və Sovet hakimiyyəti illərində respublikada səhiyyə sisteminin inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. 1960-cı illərin sonu -1970-ci illərin əvvəlləri, daha dəqiq desək, Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk aylardan başlayaraq Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni həyatında böyük canlanma yarandı, bütün sahələrdə olduğu kimi, səhiyyədə də inkişaf dövrü başladı. Təkcə 1970–1980-cı illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa edilmişdir. 1990-cı illərin əvvəlləri xalqımızın müstəqillik uğrunda mübarizəsinin ilk illərinə xas olan bir sıra çətinliklərlə müşayiət edilsə də, həmin illər vaxtilə Azərbaycan səhiyyəsində qazanılmış nəticələrdən praktikada istifadə edilməsinə yönəlmiş fəal elmi axtarışlarla əlamətdardır. Prezident Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüksəldilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizin səhiyyə sistemi gündən-günə inkişaf edir, paytaxtda və bölgələrdə müxtəlif tibb müəssisələrinin fəaliyyəti üçün maddi-texniki baza gücləndirilir.
Tədbirdə Səhiyyə İşçiləri Həmkarlar İttifaqının rayon komitəsinin sədri Müqabil Məmmədov, rayon mərkəzi xəstəxanasının şöbə müdiri, əməkdar həkim Sadiqə Rufullayeva, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Elxan Qənbərov, Azərbaycan Ziyalılar Cəmiyyətinin rayon şöbəsinin sədri Etibar Həşimov, rayon ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov çıxış edərək ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də inkişafın və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması yönümündə böyük tədbirlərin həyata keçirildiyini vurğuladılar, ölkə rəhbərliyinə rayonun səhiyyə sahəsinə, tibbi işçilərinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etdilər.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bildirdi ki, əhalinin sağlamlığının qorunması, tibbi yardımın keyfiyyətinin yüksəldilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqətində olmuş, bu sahə üzrə əhaliyə göstərilən xidmətin səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq hüquqi aktlar qəbul edilmişdir. Bütün bunlar əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması istiqamətində görülən silsilə tədbirlərin davamıdır. Müxtəlif vaxtlarda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup tibb işçiləri fəxri adlara, dövlət təltiflərinə layiq görülmüşlər. Onların arasında rayonda fəaliyyət göstərən tibb işçiləri də olmuşdur. Bütün bunlar ölkə başçısı tərəfindən tibbi personala göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Daha sonra Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov səhiyyə sahəsində uzunmüddətli qüsursuz və səmərəli əmək fəaliyyətinə görə, 65 illik yubileyi və 17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibəti ilə Lerik Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuş rayon mərkəzi xəstəxanasının həkim-laborantı Həşim Nəsirova, rayon mərkəzi xəstəxanasının həkim-oftalmoloqu Güloğlan Abbasova, Blaband kənd həkim məntəqəsinin müdir əvəzi Əliqulu Ələkbərova, Nüvədi kənd tibb məntəqəsinin müdiri Kamal Kazımova fəxri fərmanları təqdim etdi.