Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

15 İyun – Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri və konsert proqramı keçirildi

15 iyun 2016 | 16:00

Heydər Əliyev meydanında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırovun, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, kollektivlərinin, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri və konsert proqramı keçirildi.
      Tədbir iştirakçıları öncə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə tər gül-çiçəklər düzdülər.
      Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edərək Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd etdi. Bildirdi ki, 23 il əvvəl - xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Bu gün regionun lider dövlətinə çevrilməyimizin əsası bu möhtəşəm qayıdışla qoyuldu. Ümummilli lider Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan müstəqil dövlət kimi dünyada tanınır və iqtisadi inkişafına görə inkişaf etmiş dövlətlər sırasına qoşulur.
     Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi. Bildirdi ki, 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu şanlı tarixinə yeni dövrün başlanğıcı kimi daxil olmuşdur. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdir.
     1993-cü ildə ölkə həyatının bütün sahələrini bürümüş anarxiya, xaos, kəskin ictimai narazılıqlar son həddinə çatmışdı. Bu dövrdə respublikada separatçılıq meylləri tüğyan edir, bunun nəticəsi kimi Azərbaycan yeni ərazi itkilərinə məruz qalırdı.
      Bu həlledici mərhələdə xalqın istəyi və tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşdi və bununla Azərbaycan özünün müstəqillik tarixinin daha şərəfli, daha əzəmətli mərhələsinə qədəm qoydu. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi addımlamasına əsaslı təminat yaratdı. Heydər Əliyev Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qarşı yönələn təxribatların qarşısını məharətlə almaqla yanaşı, həm də dövlət quruculuğunu möhkəmlətmək və inkişaf etdirmək işinə rəhbərlik edir, bu sahədə qarşıya çıxan maneələrin aradan qaldırılmasında böyük məharət və bacarıq göstərirdi.
      Ümummilli lider Heydər Əliyevin 1993-cü ildən başladığı xilaskarlıq və quruculuq missiyasını bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Ötən illərə nəzər salaraq tam qətiyyətlə demək olar ki, cənab İlham Əliyev ulu öndərin ideyalarını böyük əzmkarlıqla həyata keçirir.
     Sonra Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının sədri Elxan Qənbərov çıxış edərək tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi. O dövrdə respublikada cərəyan edən hadisələr haqqında ətraflı məlumat verdi. 
     Tədbir rayon mədəniyyət və turizm idarəsinin təşkilatçılığı ilə konsert proqramı ilə davam etdirildi. Məktəblilərin ifasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş serlər səsləndirildi.

Keçidlər