Qanvermə aksiyası keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı və Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Lerik Rayon Mərkəzi Xəstəxanasında talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlar üçün qanvermə aksiyası keçirildi.
Aksiyada rayon icra hakimiyyəti başçısı və aparatın məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri -gənclər və qadınlar qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün böyük coşqu ilə könüllü olaraq bu nəcib və humanist xarakterli aksiyaya qoşulmuşdular.
Aksiyada ümumilikdə 1000 nəfərə yaxın rayon vətəndaşı iştirak edirdi. Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılır, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilirdi. Tibbi personalın yoxlamasından sonra tam sağlam olan 168 nəfər vətəndaşdan qan götürüldü. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.
Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirdilər. Onlar, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd etdilər.