Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerikdə şəhid Tahirli Natiq torpağa tapşırıldı

18 may 2016 | 16:00

17 may 2016-cı il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy-Tərtər istiqamətində qoşunların təmas xəttində atəşkəs rejiminin pozması nəticəsində şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər, 1997-ci il təvəllüdlü Tahirli Natiq Namiq oğlu mayın 18-də böyüyüb boya-başa çatdığı Almu kəndində torpağa tapşırıldı.
      Dəfn mərasimində şəhidin doğmaları ilə birgə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin əməkdaşları, qeydiyyatda olduğu və daimi yaşadığı Nizami Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin zabit və əsgərləri, müharibə veteranları, kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
      Şəhidlə vida mərasiminə həsr olunmuş matəm mitinqini rayon icra hakimiyyəti başçısı aparatının sektor müdiri Əlipənah Bayramov açaraq Natiq Tahirlinin torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olduğunu bildirdi. Şəhidlərimizin qanının yerdə qalmayacağını Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və əmri ilə müzəffər ordumuz tərəfindən torpaqlarımızın azad ediləcəyini qeyd etdi.
      Matəm mitinqində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdi. Aprel ayının əvvəllərində ordumuzun düşmən üzərində layiqli qələbə qazandığını, bir neçə vacib strateji yüksəklikləri geri qaytardığını bildirən icra hakimiyyətinin başçısı Azərbaycan Ordusu ilə xalqın yekdil birliyi, Ali Baş Komandanın cəsarətli qərarları nəticəsində hərbçilərimizdə yüksək döyüş əhvali-ruhiyyəsinin olduğunu diqqətə çatdırdı. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş  bütün əsgərlərimizin qisası  güclü və qüdrətli ordumuz tərəfindən düşməndən alındığını, şəhidlərimizin əziz xatirəsinin həmişə qəlbimizdə yaşayacağını qeyd etdi. Natiqin bütün leriklilərin övladı olduğunu və onun əziz xatirəsinin daim uca tutulacağını bildirərək şəhidin atasına oğlu ilə qürur duymalı olduğunu bildirdi və Vətən sağ olsun, başın sağ olsun deyə başsağlığı verdi. Qeyd etdi ki, nə edək ki, xalqımızın taleyinə erməni kimi mənfur qonşular düşür və 25 ilə yaxındır ki, müharibə şəraitində yaşayırıq. Torpaq uğrunda oğullarımızı şəhid vermək labüddür. Çünki müharibə şəraitində yaşayırıq və hər  bir Azərbaycan oğlu hər an torpaqlar uğrunda mübarizəyə qalxmağa hazırdır. Biz bu gün Natiqlə fəxr edirik. Allah rəhmət etsin.
    Böyük izdihamla keçən mitinqdə Azərbaycan ordusu, Ali Baş Komandan və Qarabağla bağlı şüarlar səsləndirildi.
      Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Natiq Tahirlinin xatirəsinin leriklilərin qəlbində həmişə yaşayacağını, şəhidlərimizin qanının yerdə qalmayacağını, Ali Baş Komandanın əmri ilə müzəffər ordumuzun torpaqlarımızın azad edilməsinə hər an hazır olduğunu bildirdi. Vurğuladı ki şəhidlər heç zaman ölmür və hə hər kəsə şəhidlik zirvəsinə ucalmaq nəsib olmur. Siz fəxr etməlisiniz ki sizin oğlunuz vətən torpaqı uğrunda şəhidlik zirvəsinə ucalmışdır.
   Mitinqdə jurnalist Hüsaməddin Abbasov çıxış edərək vətənpərvərlik və şəhidlik mövzusunda şeirlər söylədi. Şəhidlərimizin yolunun gənclərimiz üçün bir örnək olduğunu bildirdi.
     Şəhidin yaxınları adından əmisi Kamil Tahirov çıxış edərək Natiqin şəhidlik zirvəsinə ucalmasından qürur hissi keçirdiklərini, dəfn mərasiminin belə yüksək səviyyədə keçirilməsinə, göstərilən diqqətə görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirdi.
Sonra Azərbaycan bayrağına bürünən şəhidin nəşi kənd qəbiristanlığına əsgərlərin çiynində aparılaraq yaylım atəşi ilə torpağa tapşırıldı. Natiq Tahirlinin tabutuna bürünən Azərbaycan bayrağı şəhidin ailə üzvlərinə təqdim olundu.
    Şəhidin məzarına tər qərənfillər və rayon icra hakimiyyəti və SHXÇDX rayon şöbəsi tərəfindən əklillər qoyuldu.

Keçidlər