Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhid, gizir Ağayev Ruslan Qalib oğlunun ailəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalın təqdim olunmasına həsr olunmuş tədbir keçirildi

08 may 2016 | 16:00

Lerik rayonunun Pirəsora kəndində rayon icra hakimiyyəti başçısı, Müdafiə Nazirliyinin idarə rəisinin müavini, polkovnik Abdulla Qurbani, nazirliyin məsul işçiləri, ön cəbhədə xidmət edən, tank komandiri leytenant Elnur Rzayev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ağsaqqalların, gənclərin və kənd ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Silahlı Qüvvələrimizin şəhid giziri Ruslan Qalib oğlu Ağayevin Azərbaycan Respublikası Prezidenti adından müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi  “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalının ailə üzvlərinə təqdim edilməsinə həsr olunmuş mərasim keçirildi.
   Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək son illər ordu quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü işləri diqqətə çatdırdı. Ali Baş Komandan cənab İlham Əliyevin qayğı və diqqəti nəticəsində Azərbaycan Ordusunun cənubi Qafqazda ən güclü orduya çevrildiyini bildirdi. Son aylarda cəbhə bölgəsində düşmənin təxribatçı əməllərinin qarşısının layiqincə alındığını qeyd etdi.
      Sonra Qarabağ döyüşlərində, eləcədə ikinci cahan müharibəsində həlak olanların xatirəsi sükutla yad edildi.  
    Mərasimdə Müdafiə Nazirliyinin idarə rəisinin müavini, polkovnik  Abdulla Qurbani vətən torpaqları uğrunda şəhid olmuş Ruslan Ağayev haqqında geniş məlumatla çıxış etdi. Aprel ayının əvvəllərində ordumuzun düşmən üzərində layiqli qələbə qazandığını, bir neçə vacib strateji yüksəklikləri geri qaytardığını bildirdi. Azərbaycan ordusu ilə xalqın yekdil birliyi, Ali Baş Komandanın və Müdafiə Nazirliyinin cəsarətli qərarları nəticəsində əsgərlərimizdə döyüş əhval-ruhiyyəsinin yüksək olduğunu diqqətə çatdırdı.
    Sonra ön cəbhədə xidmət edən, tank komandiri, leytenant Elnur Rzayev çıxış edərək şəhidlərimizin qanının yerdə qalmayacağını, Ali Baş Komandan əmr edərsə müzəffər ordumuzun torpaqlarımızın azad edilməsinə hər an hazır olduğunu bildirdi.
      Daha sonra şəhidin layiq görüldüyü medal onun atasına təqdim olundu.
    Şəhidin atası Qalib Ağayev oğlunun xatirəsini əziz tutduqlarına, ailəsinə göstərilən qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını çatdırdı.
      Daha sonra məktəblilərin ifasında hərbi vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.
      Sonda tədbir iştirakçıları tərəfindən şəhidin məzarı ziyarət olundu, ruhuna dualar oxundu.

Keçidlər