Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konfrans keçirildi
Heydər Əliyev Mərkəzində YAP Lerik rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndərin anadan olmasının 93-cü ildönümü münasibəti ilə konfrans keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Konfransı giriş sözü ilə YAP rayon təşkilatının sədri Elxan Qənbərov açaraq ulu öndərin ictimai-siyasi fəaliyyəti haqqında məlumat verdi.
Daha sonra YAP Lerik rayon təşkilatının sədr müavini Əlipənah Bayramovun “Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyəti”, YAP rayon təşkilatı Gənclər birliyinin sədri Zamiq Əhədovun “Heydər Əliyev və gənclər siyasəti”, Lerik şəhər texniki fənlər təmayüllü liseyin direktoru, Əməkdar müəllim Gültəkin Şıxəliyevanın ”Heydər Əliyev və Azərbaycan təhsili”, Lerik peşə məktəbinin direktoru Hüseynbala Əliyevin “Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı və memarıdır” mövzularında məruzələri dinlənildi.
Bildirildi ki, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Xalqımızın çoxəsrlik dövlətçilik ənənələri əsasında demokratik hüquqi dövlət quruculuğu strategiyasını və milli inkişaf konsepsiyasını praktiki şəkildə uğurla gerçəkləşdirən Ulu Öndər Heydər Əliyev 1969-1982- ci illərdə Azərbaycanı tənəzzül edən respublikadan tərəqqi edən respublikaya çevirdi.
Həmin illərdə Heydər Əliyevin respublika sənayesinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər ölkədə inqilabi dəyişiklərə gətirib çıxardı. Azərbaycan geridə qalmış aqrar ölkə statusu ilə vidalaşıb sənayeləşmiş respublikaya çevrildi, kənd təsərrüfatı modernləşdirildi. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Bakıda milli hərbi kadrlar hazırlayan hərbi məktəb fəaliyyətə başladı. Ümumiyyətlə, 1969–1982-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə dövrü, dinamiklik, işgüzarlıq kimi keyfiyyətlərin formalaşması dövrüdür. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti ondan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı.
Ötən əsrin 90-cı illərində yenidən müstəqilliyini qazanmış Azərbaycanda o vaxtkı iqtidar nümayəndələrinin səriştəsizliyi ucbatından iqtisadi, ictimai-siyasi, hərbi böhran 1993-cü ilin yayında özünün son həddinə çatdı.
Azərbaycanı dağılmaqdan, dövlətçiliyi məhv olmaqdan, ölkəni etnik parçalanmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən, mənəvi-psixoloji sarsıntıdan qurtarmaq üçün xalq öz xilaskarı Heydər Əliyevə müraciət etdi.
09 iyin 1993-cü ildə Heydər Əliyev xüsusi təyyarə ilə Bakıya gəldi. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.
1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkiləri respublikamız üçün, həqiqətən, tarixi hadisəyə çevrildi, xalqımızın iradəsini parlaq şəkildə nümayiş etdirdi. Azərbaycan xalqı görünməmiş siyasi fəallıq və ruh yüksəkliyi ilə onu bəlalardan qurtaran xilaskarını – Heydər Əliyevi müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi.
Tarix sübut edir ki, hər bir ölkənin taleyində həlledici rol oynayan xilaskar olur. Sözügedən çətin məqamda xalqını düşdüyü bəladan xilas edən, dağılmaq təhlükəsində olan Azərbaycanı vətəndaş müharibəsindən qurtaran ulu öndərimiz Heydər Əliyev oldu. Milli özünüdərkin ən yüksək ifadəsi olan müstəqil dövlət və azərbaycançılıq ideyası, məhz ümummilli liderin adı ilə bağlıdır.
Azərbaycanın indiki qarışıq, təlatümlü dünyada və eləcə də həddindən artıq mürəkkəb Qafqaz regionunda tutduğu yerinin, onun strateji əhəmiyyətinin düzgün müəyyən edilməsi də mühüm və vacib məsələlərdən idi. Bütün bu vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün müasir dünyadakı hadisələrin siyasi gedişini dərindən bilmək və mövcud şəraiti düzgün qiymətləndirmək, nəticə çıxarmaq bacarığı tələb olunurdu. Heydər Əliyev təcrübəli dövlət başçısı və bacarıqlı siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəldi.
Diqqətə çatdırıldı ki, Heydər Əliyevin şəxsiyyətini, həyat və fəaliyyətini təhlil edərkən bu gün tam məsuliyyətlə demək olar ki, o, müstəqil Azərbaycanın əsl memarı, qurucusu idi. Bu gün iqtisadiyyatımızın inkişafına, ordumuzun gündən-günə güclənməsinə, dünya elminə sürətlə inteqrasiya olunan elm və təhsilimizin, hər zaman dövlət qayğısı ilə əhatə olunan mədəniyyətimizin inkişafına, azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsinə, bir sözlə müstəqil Respublikamızın yeni tarixinin yaradılmasına o fenomen şəxsiyyətin, dahi filosofun, yenilməz sərkərdənin bizə miras qoyduğu zəngin irs, strategiya nəticəsində nail olunmuşdur.
Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin səyi ilə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, xalqın həyat səviyyəsinin yüksəlməsinə xidmət edən çoxsaylı Dövlət Proqramları uğurla həyata keçirilir, ölkədə tam ictimai-siyasi sabitlik hökm sürür, yeni iş yerləri yaradılır, əhalinin rifah halı gündən-günə yaxşılaşır.
Bu gün bəşər tarixinin ən qüdrətli dövlət və siyasət adamları, dahi və müdrik şəxsiyyətləri sırasında layiqli yer tutan ümummilli liderimiz Heydər Əliyevin zəngin dövlətçilik irsi indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək hər bir Azərbaycan vətəndaşının məsul və şərəfli borcudur.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunan gənclərə biletlər təqdim olundu.