2016-cı ilin birinci rübündə rayonda görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş Şuranın geniş iclası keçirildi
Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələrinin iştirak ilə “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr və 2016-cı ilin birinci rübündə Lerik rayonunda görülmüş işlər, qarşıda duran vəzifələr” barədə Şuranın geniş iclası keçirildi.
Öncə 02-04 aprel tarixlərində cəbhə bölgəsində baş verən hadisələr nəticəsində şəhid olmuş əsgər və zabitlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şura iclasını giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov bildirdi ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında hesabat dövründə iqtisadi islahatların sürətlə aparıldığını diqqətə çatdırdı. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması ilə bağlı ciddi qərarlar verilib. Maliyyə nizam-intizamı və şəffaflıqla bağlı tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcəyini vurğulamışdır.
Natiq qeyd etdi ki, Azərbaycan iqtisadi və maliyyə böhranından ən az itkilərlə çıxan ölkələrdən biridir. Belə ki, neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, bu il respublikamızda əmək haqları və pensiyalar 10 faiz artırılmışdır.
Ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi reformalar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir.
Sonra rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ı və rayonumuzun sosial-iqtisadi inkişafına hesablanmış digər Fərman və Sərəncamlar rayonumuzda uğurla icra edilir.
Havaların yağmurlu keçməsi səbəbindən və qış aylarında rayonumuzda tikinti-abadlıq işlərinin icrasının aparılması mümkün olmadığından 2016-cı il üçün nəzərdə tutulmuş işlərin həyata keçirilməsi əsasən aprel ayından başlayacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli icra strukturlarına müvafiq ərazilərdə iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığının minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin olunması, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitinin yaradılması, kənd təsərrüfatında islahatların gücləndirilməsi, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlərin həyata keçirilməsi ilə əlaqədar verdiyi göstərişlə bağlı rayonumuzda bir sıra işlər həyata keçirilmişdir.
Rayonumuzun kənd təsərrüfatı rayonu olması nəzərə alınaraq əkinə yararlı torpaqların əkilməsi ilə bağlı rayonda fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermer təsərrüfat rəhbərlərinin, ərazi icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə qərargahın iclası keçirilmiş, torpaq mülkiyyətçiləri ilə söhbət aparılmışdır. Ərazilərdə fermer təsərrüfatlarının yaradılması, yazlıq əkin sahələrinin artırılması, torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işləri davam etdirilmişdir.
Rayonda və rayondan kənarda yaşayan iş adamlarına rayonumuzda yeni iş yerlərinin yaradılması ilə əlaqədar müraciətlər edilmiş, onlara süd və bal emalı, süfrə suyunun qablaşdırılması müəssisəsinin, mebel sexinin yaradılması ilə bağlı təkliflər edilmişdir.
Dünyada və Azərbaycanda hökm sürən iqtisadi böhrandan əhalini maksimum az ziyanla çıxarmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında dövlət şirkətləri tərəfindən regionlarda maddi durumu zəif olan vətəndaşların işlə təmin edilməsi üçün “SOCAR” tərəfindən 67, “Azəravtoyolservis” ASC tərəfindən 30, “Azərsu” ASC tərəfindən 5, “Azərişıq” ASC tərfindən 12, Kommunal təsərrüfatı istehsalat birliyi xətti ilə təmizlik və abadlıq işlərinə 50, təmir-tikinti işlərinə cəlb edilməklə 70, ümumilikdə 235 yeni iş yeri yaradılmışdır. Təbii iqlim şəraitinə uyğun olaraq təmir-tikinti işlərinə cəlb ediləcək 70 nəfərlə 01 aprel tarixinə müqavilə bağlanmışdır.
2015-ci ilin payızında 2016-cı ilin məhsulu üçün 2008 ha sahədə payızlıq dənli bitkilər əkilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 812 ha çoxdur.
Ölkə başçısının kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etməkdən ötrü rayonumuzda aqrar sahənin ənənəvi sahələri olan taxılçılığın, kartofçuluğun və tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı müəyyən işlər aparılmış, iri fermer təsərrüfatlarının yaradılması, əkin sahələrinin, məhsuldarlığın artırılması, 5-10 başlıq nümunəvi maldarlıq təsərrüfatlarının yaradılması ilə bağlı əhali arasında maarifləndirmə işləri genişləndirilmişdir. İş adamı tərəfindən “Lerik Kartofçuluq fermer təsərrüfatı”, “Balazar fermer təsərrüfatı”, “Cəngəmiran fermer təsərrüfatı” və digər fermer məhdud məsuliyyətli cəmiyyətlər, ümumilikdə isə I rübdə rayonumuzda xırda ailə-fermer təsərrüfatlarının bazasında 20-dən çox kəndli (fermer) təsərrüfatları yaradılmışdır.
Yaz əkini ilə bağlı hal-hazıra kimi 848,5 ha sahədə yazlıq bitkilər əkilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 79,5 ha çoxdur. Əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə məhsuldarlığın artırılması üçün məhsul istehsalçılarına 70% güzəştli şərtlərlə 20,0 tondan çox mineral gübrələr satılmışdır. Kartof sahələri genişləndirilmiş, soya bitkisinin əkinindən ötrü 50 hektardan yuxarı sahədə şum qaldırılmışdır. Rayonumuz üçün ənənəvi sahə olan, 2005-ci ildən bəri becərilməyən tütün bitkisinin əkini ilə bağlı əhali arasında maarifləndirmə işləri genişləndirilmişdir. Bu istiqamətdə işlər davam etdirilir. Əkin sahələrinin genişləndirilməsi, məhsuldarlığın artırılması üçün kənd təsərrüfatı texnikasının azlığı sahənin inkişafını ləngidir.
2016-cı ilin birinci rübündə heyvandarlıq və heyvandarlıq məhsullarının istehsalında da uğurlar əldə edilmişdir. “Lerik-broyler” fabrikinin fəaliyyətə başlaması rayonumuzda ət istehsalının artırılmasına səbəb olmuşdur. “XanNad” Elmi İstehsalat Şirkəti Lerik rayonunun Peştətük kəndində özünə məxsus 1,6 hektar torpaq sahəsində “Spirtsiz içkilər” zavodunun tikinti işlərinə başlamışdır. Zavod 4 xətt üzrə istehsalını həyata keçirəcəkdir. Saatda 1-ci xətt üzrə 6 min ədəd şüşə, 2-ci xətt üzrə 8-12 min ədəd plastik, 3-cü xətt üzrə 5-10 litrlik 2 min ədəd plastik və 4-cü xətt üzrə isə 19 litrlik 1500 ədəd plastik qabda ayrı-ayrı növlər üzrə süfrə sularının istehsalı mümkün olacaqdır. Müəssisə fəaliyyətə başladıqdan sonra burada 25 nəfər, istehsal olunan suların satışını həyata keçirməsindən ötrü isə 50 nəfər, cəmi 75 nəfər daimi işlə təmin olunacaqdır.
Ümumilikdə 2015-ci ilin birinci rübündə rayonda aparılan tikinti abadlıq işlərində, sahibkarlıq subyektlərində, digər sahələrdə 423 nəfər rayon sakini işlə təmin edilmişdir ki, bunlardan da 200-ü daimi iş yerləridir. Üçüncü Dövlət Proqramının icrası ilə bağlı 1732 nəfər, Dövlət Proqramlarının icrası ilə bağlı son 12 ildə isə rayonumuzda 10740 yeni iş yeri açılmışdır. Yeni yaradılan iş yerlərinin 40 faizdən çoxu daimi iş yerləridir.
Hesabat ilində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə 100 yerlik uşaq bağçasının tikintisi başa çatdırılmış, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Lerik şəhərində kənd təsərrüfatı idarəsi üçün inzibati binanın, 180 şagird yerlik Boykəndil kənd tam orta və Əvilə kənd ümumi orta məktəbləri üçün yeni binaların tikintisi davam etdirilmişdir.
Evləri qəza vəziyyətində olan vətəndaşlar üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən 7 fərdi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən isə mənzil şəraitinin yaxşılaşdırılması üçün 10 fərdi yaşayış evinin tikintisində son tamamlanma işləri aparılır. Daha 2 qəzalı evin tikintisi üçün hazırlıq işlərinə başlanılmışdır. Rayonumuzda evi qəza vəziyyətində olan çadırlarda və ya yaxın qohumlarının evində yaşayaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni yaşayış evlərinin tikilməsini 30-dan çox vətəndaşımız da səbirsizliklə gözləyir. İnanırıq ki, yaxın zamanlarda onlar üçün də evlərin tikintisi reallaşdırılacaqdır.
Şura iclasında məşğulluq mərkəzinin direktoru Zəfər İsmayılov, ƏSMM-nin direktoru Malik Mirzəyev, paylayıcı elektrik şəbəkəsinin müdiri Səhrab Həsənov çıxış edərək rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
Şura iclasına yekun vuran rayon icra hakimiyyətinin başçısı qarşıya qoyulmuş vəzifələrlə bağlı aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Şura iclasında qeyd olunan təkliflər və qarşıda duran vəzifələrlə bağlı müvafiq qərar qəbul olundu.