Vətəndaşlarla səyyar görüş-qəbul keçirildi
Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Bıbiyani kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı. Bildirdi ki, rayonun bütün ərazilərdə keçirdiyimiz görüş-qəbullar zamanı əhalinin bu görüşləri səbirsizliklə gözlədiyinin şahidi oluruq. Cənab Prezidentin verdiyi tapşırığa əsasən keçirilən görüş-qəbullar vətəndaşların rahatlığı və problemlərinin yerində həll olunması üçün düşünülmüş bir addımdır. Bu görüş-qəbullar zamanı səsləndirilən bir sıra problemlər həllini tapmış, verilən təkliflərin icrası nəzarətə götürülmüşdür. Cənab Prezidentin yeritdiyi uğurlu siyasət nəticəsində ölkədə bütün sahələr inkişaf edir, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının icrası nəticəsində bütün bölgələrdə uğurlar əldə olunur. Son günlər bir daha şahidi olduq ki, möhtərəm Prezidentimizin ordu quruculuğuna göstərdiyi diqqət öz bəhrəsini verməkdədir. Azərbaycan ordusu bir daha öz şücaətini dünyaya göstərdi. 1-2 apreldə cəbhə xəttində baş vermiş döyüşlər zamanı ordumuz bir sıra uğurlara nail oldu, bir neçə strateji yüksəkliyi ələ keçirdi. Cənab Prezidentin Təhlükəsizlik Şurasının iclasında söylədiyi nitqindən sonra bütün Azərbaycan xalqı ayağa qalxdı və ölkənin, eləcə də dünyanın hər bir yerindən mitinqlərlə möhtərəm Prezidentə və ordumuza dəstək nümayiş etdirdilər. Biz inanırıq ki, cənab Prezidentin rəhbərliyi altında gələcəkdə belə zəfərlərimiz çox olacaq. Azərbaycan dövləti qüdrətli dövlətə çevrilir. Dünya ölkələri Azərbaycanla hesablaşırlar. Cənab Prezidentin tapşırığı ilə qeyri-neft sənayesinə diqqət artırılmışdır. Bölgələrdə kənd təsərrüfatının inkişafı ilə bağlı ciddi işlər görülür. Regionlarda sosialyönümlü tədbirlərin icrası davam etdirilir. Rayonumuzda da bu istiqamətdə böyük layihələr həyata keçirilmişdir. Sizin yaşadığınız ərazi də turizm üçün əlverişlidir. Bir sıra turizm-istirahət mərkəzləri də məhz burda fəaliyyət göstərir. İnfrastrukturun yaxşılaşdırılması üçün daxili yollara asfalt döşənmiş, əraziyə qaz xətti çəkilmişdir. Toplaşdığımız məktəb binası da 2013-cü ildə Dövlət Proqramına uyğun olaraq tikilib, müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Vizəzəmin ərazisində, Bıbiyani kəndində də müəyyən problemlər mövcuddur və onların da qısa müddətdə aradan qaldırılması istiqamətdə tədbirlərimizi davam etdiririk.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlar görülən içlərlə bağlı minnətdarlıqlarını bildirdilər. Rayon icra hakimiyyəti başçısından Bıbiyani kəndinə gedən avtomobil yolunun genişləndirilməsinə, kəndin elektrik xətlərinin təmir-bərpasına, Sivəkəran kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisinə, kənddə rabitə xətlərinin sıradan çıxmış dirəklərinin dəyişdirilməsinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda ünvanlı sosial yardımın alınması, bir neçə vətəndaşın şəxsi məsələlərlə bağlı müraciətləri ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.