Azərbaycan Ordusuna dəstək ruhunda ümumrayon toplantısı keçirildi
Dövlət başçısı cənab İlham Əliyevin Prezidentin yanında Təhlükəsizlik Şurasının iclasında verdiyi tapşırıqların icrası, Azərbaycan Ordusuna dəstək ruhunda ağsaqqalların, Böyük Vətən və Qarabağ müharibəsi veteranlarının, gənclərinin və ictimaiyyətin iştirakı ilə ümumrayon toplantısı keçirildi.
Tədbiri Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov giriş nitqi ilə açaraq son günlər cəbhə bölgəsində gedən döyüşlər barədə məlumat verdi.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra natiq bildirdi ki, bir neçə gündür ki, Qarabağ cəbhəsində gərgin döyüşlər başlayıb. Ordumuz düşmən təxribatlarına layiqli cavab verərək bir neçə strateji yüksəkliyi və kəndi işğaldan azad edib. Müzəffər ordumuz düşmənin böyük sayda canlı qüvvə və texnikasını məhv etmişdir.
Təkzibolunmaz həqiqətdir ki, ölkəmiz real müstəqilliyinə 1993-cü ilin 15 iyunundan başlayaraq ümummilli lider Heydər Əliyevin möhkəm iradəsi, dərin zəkası, xalqımızın ulu öndərə olan sarsılmaz inamı nəticəsində addım-addım qovuşmuşdur. Məhz ümummilli lider Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi və qətiyyətli mövqeyi sayəsində nizami ordu yaradılmış, Azərbaycan dövlətçiliyi dağılmaqdan, parçalanmaqdan xilas edilmiş, demokratik, hüquqi dövlət qurulmuşdur.
Son illərdə Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz uğurla inkişaf edir, sosial-iqtisadi inkişafın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən mühüm dövlət proqramları, bütün sahələrdə aparılan məqsədyönlü islahatlar davamlı inkişaf üçün yeni imkanlar yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətindəki gərgin və səmərəli fəaliyyəti artıq öz bəhrəsini verməkdədir və bütün Azərbaycan xalqı cənab Prezidentin bu səylərini qətiyyətlə dəstəkləyir. Bu gün də ölkəmizdə ordu quruculuğu prosesi uğurla davam etdirilir və Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur.
Bununla bərabər, Azərbaycan Respublikasının ərazilərinin 20 faizini işğal edən Ermənistan zəbt edilmiş torpaqlardan çəkilmək istəmir. İyirmi ildən artıqdır ki, aparılan danışıqlar prosesi heç bir nəticə vermir və düşmən bütün səylərini status-kvonu saxlamağa yönəltmişdir. Silahlı qüvvələrimizin son əməliyyatları göstərdi ki, Azərbaycanı status-kvonun qorunun saxlanmasına məcbur etmək mümkün deyildir. Ordumuz düşmənə sübut etdi ki, istənilən vaxt cəbhə xəttindəki durumu öz xeyrinə dəyişə bilər. Uzun illər yaradılan xof dağıdıldı, mənfur düşmənlərimiz gördülər ki, Azərbaycan istənilən an, qısa müddət ərzində öz torpaqlarını işğaldan azad etmək gücündədir.
Son günlər Ermənsitan–Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərgin hadisələr Lerik rayon ictimaiyyətini də ciddi narahat etmişdir. Cəbhə bölgəsində baş verən son hadisələr, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən düşmənin təxribatçı əməllərinin qarşısının alınması və onlara sarsıdıcı zərbənin endirilməsi hər bir vətəndaşda böyük qürur hissi oyatdı. Erməni silahlı qüvvələrinin cəbhəboyu mövqelərimizə hücumunun qarşısının alınması məqsədi ilə aparılan hərbi əməliyyatlarda Milli Ordumuzun rəşadətli döyüş nümayiş etdirməsi hər bir vətəndaşda cənab Prezidentin rəhbərliyi altında qısa bir zamanda torpaqlarımızın işğaldan tamamilə azad edilməsinə qəti inam yaratmışdır. Ali Baş Komandanın qətiyyətli addımı, yüksək döyüş hazırlığı ilə seçilən Silahlı Qüvvələrimizin qələbəsi xalqımızın inamını daha da artırmış, tükənməz vətənpərvərlik hissinin daha da yüksəlməsinə səbəb olmuşdur. Bu işdə biz leriklilər də daim cənab Prezidentin ətrafındayıq və ordumuza yeni qələbələr arzulayırıq.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Fəxrəddin Mirzəliyev, rayon ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov, Qarabağ müharibəsi əlili Cəlal Məmiyev, YAP-ın rayon təşkilatının sədri Elxan Qənbərov, rayon veteranlar təşkilatının sədri Hidayət Bəşirov, Böyük Vətən müharibəsi iştirakçısı Söhbət Fərziyev, gənclər adından Qasım Mustafayev, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov və digərləri çıxış edərək rayon sakinlərinin istənilən anda səfərbər olaraq Ali Baş Komandanın əmr və göstərişlərini yerinə yetirməyə, Vətən naminə canından və qanından keçməyə hər an hazır olduğunu və torpaqlarımızın azadlığı uğrunda aparılacaq mübarizənin ön sıralarında olmağı özlərinə şərəf və borc bildiklərini vurğuladılar. Bildirildi ki, bu gün yüzlərlə vətənpərvər Azərbaycan gənci Müdafiə Nazirliyinə, səfərbərlik və hərbi xidmət üzrə dövlət xidmətinin rayon şöbələrinə axışaraq ordu sıralarına yazılmaq, cəbhədəki əsgər qardaşlarının yanında olmaq istədiklərini ifadə edirlər.
Böyük izdihamla keçən tədbirdə Azərbaycan ordusu, Ali Baş Komandan və Qarabağla bağlı şüarlar səsləndirildi, ordumuzun əldə etdiyi qələbələr tədbir iştirakçıları tərəfindən dəfələrlə sürəkli alqışlandı.
Sonda toplantı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.