“Multikultural və tolerant dəyərlərimiz” mövzusunda seminar keçirildi
Lerik şəhərindəki “Xeyir-şər” evində Lerik Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz” mövzusunda seminar keçirildi.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyi başçısının birinci müavini, Dini İşlər üzrə Komissiyanın sədri Cəlil Baxşıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Qazısı, bölgə üzrə səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın, Təhlil və proqnozlaşdırma şöbəsinin böyük məsləhətçisi Azad Nəhmədov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbənin əməkdaşları Azər Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı İlham Əliyev və dindarlar, gənclər və ictimaiyyətin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Dini İşlər üzrə Komissiyanın sədri Cəlil Baxşıyev “Multikultural və tolerant dəyərlər” mövzusunda məruzə ilə çıxış etdi. Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığını vurğuladı. Respublikamızda dövlət-din münasibətlərinin qanunla tənzimlənməsini və bu istiqamətdə qanunvericilik bazasının yaradılmasını, dövlətimizin, xüsusilə dövlət başçısının həm İslam dininə, həm də digər dünyəvi dinlərə xidmət edən dini ibadət yerlərinin, müxtəlif mədəniyyətlərin nümunəsi olan tarixi-dini abidələrin təmirinə, tikintisinə, istiliklə təminatına göstərdiyi diqqətin bütün insanlar tərəfindən rəğbətlə qarşılandığını bildirdi. Dövlət başçısının dini ibadət evlərinin tikintisi ilə bağlı maliyyə vəsaiti ayırması, açılışlarında şəxsən özünün və digər dini konfessiyaların nümayəndələrinin birgə iştirakını Azərbaycanda dinlərin və mədəniyyətlərin birgə fəaliyyətinə, tolerantlığa əyani nümunə olduğunu diqqətə çatdırdı. Bildirdi ki, cənab Prezidentin həyata keçirdiyi siyasət və xalqımızın tarixlər boyu bu dəyərlərə verdiyi önəmin, insanpərvər və sülhsevər siyasətinin nəticəsidir ki, ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixdə sərəncam imzalaması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin böyük məsləhətçisi Azad Nəhmədov və Komitənin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov Dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası haqqında geniş məlumat verdilər.
Qafqaz Müsəlmanları İdarəsinin Qazisi, bölgə üzrə səlahiyyətli nümayəndə Hacı Qəni Axundzadə "Tolerantlığın Azərbaycan nümunəsi", Qafqaz Müsəlmanları İdarəsinin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı İlham Əliyev "Qurani Kərimdə - multkultural dəyərlər" barədə ətraflı çıxış edərək tədbir iştirakçılarını məlumatlandırdılar.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı rəy və təkliflərini bildirdilər.