15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir
15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov, hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrin nümayəndələri, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev meydanında ümummilli liderin abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri düzdülər.
Tədbiri giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov açaraq iştirakçıları bayram münasibətilə təbrik etdi. Bildirdi ki, 19 il öncə, 1993-cü ilin iyun ayında müstəqilliyinin ilk illərini yaşayan Azərbaycan bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzünə məruz qalmış, digər tərəfdən isə daxildəki təxribatçı, separatçı qüvvələrin əməlləri nəticəsində parçalanmaq və vətəndaş müharibəsi həddinə çatmışdı. O ağır illərdə xalqımızın taleyində mühüm əhəmiyyətli bir hadisə baş verdi: ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəldi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Onun uzaqgörən siyasəti, həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində ölkə dağılmaqdan, daha böyük fəlakətlərə yuvarlanmaqdan xilas edildi. Ulu öndərin yenidən ölkə rəhbərliyinə gəldiyi tarix – 15 İyun günü Azərbaycan xalqı tərəfindən Milli Qurtuluş Günü kimi qeyd edilir.
Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlipənah Bayramov Azərbaycan Xalqının Milli Qurtuluş Gününə həsr olunmuş məruzə ilə çıxış etdi. Bildirdi ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan hüquqi baxımdan müstəqilliyini bərpa etsə də, əslində, xalqın mandatı olmadan hakimiyyəti ələ keçirmiş o zamankı iqtidar Ermənistanın Azərbaycana qarşı açıq təcavüzünün qarşısını almaq, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların təhlükəsizliyini təmin etmək, ordu quruculuğuna başlamaq və digər bu kimi tədbirləri həyata keçirmək əvəzinə, yalnız öz hakimiyyətini qorumağa çalışırdı. Xalq hərəkatı dalğasında siyasi səhnəyə gələn səriştəsiz Azərbaycan Xalq Cəbhəsinin liderləri ilə Mütəllibov komandası arasında hakimiyyət davası gedirdi. Ölkədə xaos, özbaşınalıq hökm sürürdü. Hakimiyyətdən uzaqlaşdırılan Mütəllibov rejimini heç bir dövlət idarəçiliyi təcrübəsi olmayan, mitinq tribunalarından gələn AXC iqtidarı əvəz etdikdən sonra çox keçmədi ki, Azərbaycan daha böyük problemlərlə üz-üzə qaldı. Beş ildən artıq davam edən böhran 1993-cü ilin əvvəllərindən başlayaraq daha kəskin xarakter aldı. AXC–Müsavat iqtidarı bir daha öz fərsizliyini nümayiş etdirərək, Gəncədə son dərəcə uğursuz əməliyyat keçirdi. Nəticədə, Surət Hüseynov kimi satqının başçılıq etdiyi hərbi dəstələr xalqdan dəstək görməyən AXC–Müsavat iqtidarının istefasını tələb edərək, Gəncədən Bakıya yürüş edib, yolüstü rayonlarda yerli hakimiyyəti öz əllərinə alırdılar. Digər tərəfdən, ölkənin şimal-şərq bölgəsində separatçı ünsürlər “Ləzgistan dövləti” yaratmaq xülyasına düşmüşdülər. Azərbaycana arxadan zərbə vuraraq “Talış–Muğan Respublikası” elan edən separatçı quldur dəstələri cənub bölgəsində ağalıq edirdilər. AXC–Müsavat iqtidarının özünü qorumaq, Surət Hüseynovun və Əlikram Hümbətovun isə hakimiyyət uğrunda mübarizədə qüvvələrini səfərbər etmək məqsədi ilə Milli Ordu hissələrini cəbhə bölgəsindən çıxarmaları nəticəsində erməni təcavüzkarlarının Azərbaycanın yeni-yeni yaşayış məntəqələrini işğal etməsinə şərait yaranırdı.
Müstəqilliyini yenicə əldə etmiş Azərbaycan bir dövlət kimi dağılmaq, dünyanın siyasi xəritəsindən silinmək, ölkə ərazisi etnik parçalanma, xalqımız vətəndaş müharibəsi kimi real təhlükə qarşısında qalmışdı. Belə bir vəziyyətdə səbri tükənmiş Azərbaycan xalqı Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması tələbini daha qətiyyətlə irəli sürdü. Xalq və tarix qarşısında məsuliyyət hissindən qorxuya düşən, o biri tərəfdən özünün yaratdığı problemlər məngənəsindən çıxış yolu tapa bilməyən AXC–Müsavat rejimi xalqın bu haqlı tələbinin qarşısında davam gətirə bilmədi. 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın siyasi tarixinin ən şanlı günlərindən biri yaşandı: Azərbaycan Respublikası Milli Məclisinin iclasında Heydər Əlirza oğlu Əliyev Ali Sovetin Sədri seçildi. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsil mənasında, böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.
1993-cü ilin yayında Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, ölkənin parçalanmasının qarşısının alınması istiqamətində böyük siyasi-hərbi iş aparıldı. Cənubda Əlikram Hümbətovun elan etdiyi qondarma Talış–Muğan Respublikası xülyasının qarşısı qətiyyətlə alındı, ölkənin şimal-şərq sərhədində sadvalçıların özbaşınalığına son qoyuldu. Bununla da, Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkiləri keçirildi. Xalqın dəstəyini qazanan Heydər Əlirza oğlu Əliyevə seçicilərin tam əksəriyyəti səs vermişdi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin titanik fəaliyyəti respublikadan xaricdə və daxildə olan düşmənlərimizi olduqca narahat edirdi. Heydər Əliyev terrorçuluğun, dövlət çevrilişi cəhdlərinin qarşısını almaqda böyük məharət, çeviklik və təmkinlilik göstərdi. Prezidentin çevik siyasəti, xalqla birliyi nəticəsində 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı. 1995-ci ildə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi və onun əsasında demokratik parlament seçkilərinin keçirilməsi ilə dövlət quruculuğu sahəsində yeni mərhələ başlandı.
Xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı, sözün əsl mənasında, Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu oldu. Bu böyük qayıdış, milli qurtuluş sayəsində bu gün Azərbaycan Respublikası Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Ötən il Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycan dövlətinin beynəlxalq mövqelərini yüksək dərəcədə möhkəmləndirməsinin göstəricisidir.
Cənab İlham Əliyevin sözləri ilə desək: “İndiki müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycanda Heydər Əliyevin siyasəti yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşir”.
Məruzə ətrafında Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev, YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin direktoru Gültəkin Şıxəliyeva çıxış edərək 1993-cü ilin iyununda, Azərbaycanda ağır və mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yalnız onun qətiyyəti, yüksək uzaqgörənliyi və müdrikliyi sayəsində müstəqilliyimizin qorunub saxlanılmasının mümkün olduğunu, ulu öndərin 1993-cü ildən başladığı xilaskarlıq və quruculuq missiyasının bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdilər.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov çıxış edərək bildirdi ki, vətənini, millətini sevən, Azərbaycanın o ağrılı-acılı günlərini öz gözləri ilə görən insanlar üçün 15 iyun günü çox əzizdir. Çünki bu, ölkəmizin ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixin banisi isə daim xalqına arxalanan ümummilli liderimiz Heydər Əliyevdir. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında misilsiz xidməti – kəskin geosiyasi ziddiyyətlərin hökm sürdüyü bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsi, Azərbaycan varlığının parçalanıb yox olmaq təhlükəsindən qurtarması elə sözün əsl mənasında, qurtuluş deməkdir. Bəşəriyyət tarix boyu xalqların azad, firavan yaşayışı üçün bu cür böyük fədakarlıqlar nümayiş etdirmiş, gördükləri işlərlə bütöv bir dövrü əbədiləşdirən müdrik insanlara borcludur.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov yekun sözü ilə çıxış etdi. Natiq qeyd etdi ki, bugünkü inkişaf, əldə olunan iqtisadi uğurlar, xalqın həyat səviyyəsinin yaxşılaşması həmin bu günün bəhrələridir. Mən diqqətlə qulaq asdım. Həm məruzəçi, həm də çıxış edənlər o qanlı-qadalı illəri necə ürək ağrısı ilə xatırladılar. Bu faktın özü sübut edir ki, ümummilli lider xalqımızı hansı bəlalardan, dövlətçiliyimizi, müstəqilliyimizi hansı təhlükələrdən xilas edib. Biz fəxr edirik ki, məhz belə bir dahi insanın dövründə yaşayıb işləmişik. Bundan sonra da cənab İlham Əliyevin ətrafında sıx birləşməklə milli liderin siyasi kursunun həyata keçirilməsi işində hərbirinizə uğurlar arzulayıram.