8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bayram münasibəti ilə qadınları təbrik edərək bildirdi ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri Azərbaycan qadınının adı ilə bağlıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şərait yaradılmışdır. Bu gün də dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanın inkişafına qadınların töhfəsini, onların ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı rolunu yüksək qiymətləndirir.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova Beynəlxalq Qadınlar Gününün bayram kimi qeyd edilməsi tarixi haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycan qadınları ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq ölkəmizin inkişafının təmin edilməsinə öz töhfələrini verirlər. Mədəniyyətin, incəsənətin, elmin müxtəlif sahələrində, dövlət quruculuğunda Azərbaycan qadınları böyük nailiyyətlər əldə etmişlər. Xüsusilə də Azərbaycan Respublikasının birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müxtəlif sahələrdə irimiqyaslı layihələrin həyata keçirilməsinə, o cümlədən təhsil və səhiyyənin inkişafına, milli mədəni irsin qorunmasına yönələn nəcib missiyanın öhdəsindən layiqincə gəlməsi hər bir vətəndaşda böyük məmnunluq hissi doğurur. Rayonumuzda müxtəlif təşkilatlarda, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında qadınlar uğurla fəaliyyət göstərirlər. Onlardan bir neçəsinin fəxri adlara, dövlət təltiflərinə layiq görülməsi ölkə rəhbərliyinin rayonumuzun bütün qadınlarının əməyinə verdiyi qiymətdir.
Tədbirdə Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin direktoru, əməkdar müəllim Gültəkin Şıxəliyeva, əməkdar həkim Sadiqə Rufullayeva, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 oktyabr tarixli 3177 nömrəli Sərəncamı ilə təhsilin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmiş Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin müəllimi Dünyaxanım Kərimova, Uzunömürlülər muzeyinin direktoru Dilarə Fətullayeva, rayon təhsil şöbəsinin əməkdaşı Səlmiyyə Paşayeva çıxış edərək son illər cənab Prezidentin tapşırığı ilə rayonumuzda aparılan tikinti-quruculuq işlərinə, eləcə də qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Daha sonra rayonun ictimai-siyasi həyatında fərqlənən qadınların bir qrupuna qiymətli hədiyyələr təqdim edildi.