Xocalı soyqırımının iyirmi dördüncü ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirildi
Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatlrın rəhbərlərinin, ağsaqqallar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının iyirmi dördüncü ildönümü münasibəti ilə ümumrayon anım mərasim keçirildi.
Rayon icra hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Əlipənah Bayramov Xocalı faciəsi haqqında, faciə qurbanlarının xatirəsinin yad edilməsi ilə bağlı keçirilən tədbirlər barədə məlumat verdi. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin şagirdlərinin faciə qurbanlarının xatirəsinə hazırladıqları ədəbi-bədii kompazisiyaya və Xocalı soyqırımına həsr olunmuş qısa metrajlı sənədli filmə baxış keçirildi.
Daha sonra rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək bildirdi ki, XX əsrin ən qanlı hadisələrindən olan, erməni-rus hərbi birləşmələri tərəfindən törədilmiş soyqırım nəticəsində yeddi min nəfər sakini olan Xocalı şəhərinin bir gecədə yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı. 1992-ci il fevralın 25-də axşam saat 9-da ermənilər Xankəndi şəhərindəki, Rusiyaya məxsus 366-cı mexanikləşdirilmiş atıcı alayın əsgərləri və muzdlu quldurlarla Xocalı şəhərinə hücum etdilər. Şəhər əvvəlcə toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutularaq darmadağın edildi. Düşmənin hücumu nəticəsində Xocalı şəhəri yandırıldı. Sağ qalmış sakinlərə vəhşicəsinə divan tutuldu. 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 azyaşlı uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər, o cümlədən 76 nəfər həddi-büluğa çatmamış şəxs şikəst edildi. Faciə nəticəsində 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 1275 sakin girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldı.
Bütün bu olanları dünya ictimaiyyətinə çatdıran Ümummilli liderimiz Heydər Əliyev məhz ilk dəfə bu hadisəyə siyasi qiymət verdi. Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar dəfələrlə xüsusi bəyanatlar və müraciətlər qəbul etmişdir. “Xocalı Soyqırımı (Genosidi) Günü haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 24 fevral tarixli 791 nömrəli qərarı ilə 26 Fevral Xocalı Soyqırımı Günü elan olunmuş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevralın 26-da saat 17.00-da Azərbaycan Respublikası ərazisində “Xocalı soyqırımı” qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
Bu qanlı faciənin dünyada soyqırım aktı kimi tanınması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz, Heydər Əliyev Fondu və dünyada fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən ardıcıl iş aparılır, dünyanın demək olar ki, əksər dövlətlərində hər il müxtəlif tədbirlər keçirilir. Xocalı qətliamını olduğu kimi, faktlarla dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə filmlər, fotosərgilər nümayiş etdirilir, anım tədbirləri keçirilir. Keçirilmiş bu tədbirlərin nəticəsidir ki, artıq 10 dövlətin parlamentləri, ABŞ-ın 20 ştatının qanunvericilik orqanları, bir sıra beynəlxalq təşkilatların ali orqanları tərəfindən “Xocalı soyqırımı” haqqında qətnamələr qəbul edilmiş, bəyanatlar verilmişdir. Hazırda ölkəmizin xarici dövlətlərdəki səfirlik və konsulluqları, diaspor təşkilatlarımız tərəfindən, xüsusilə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası vasitəsi ilə Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması üçün dünyanın, demək olar ki, bütün dövlətlərində müxtəlif tədbirlər keçirilir.
Daha sonra Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Elxan Qəmbərov, rayon prokuroru Bəhruz İbrahimov, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, rayon təhsil şöbəsinin metodisti, tarixçi Qafur Xosiyev çıxış edərək yüz illər boyu erməni millətçilərinin XIX və XX əsrlərdə öz havadarlarının dəstəyi ilə Azərbaycana qarşı olan ərazi iddialarından, azərbaycanlılara qarşı törətdikləri soyqırım siyasətindən söz açdılar, bu qanlı faciənin soyqırım aktı kimi bütün dünya dövlətləri tərəfindən tanınmasından ötrü iş aparılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirdilər.