Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciə, Xocalı soyqırımının 24-cü ildönümü əlaqədar Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının Qadınlar Şurası və Gənclər birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, Qadınlar Şurasının sədri Arzu Vəliməmmədova, Gənclər birliyinin sədri Zamiq Əhədov, rayon gəncləri və ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım mərasimində Yeni Azərbaycan Partiyasının Lerik Rayon Təşkilatının sədri Elxan Qənbərov giriş sözü ilə çıxış edərək faciə haqqında məlumat verdi, soyqırım qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mövzu ətrafında məruzə ilə çıxış edən YAP Lerik Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Ramin Ağayev Xocalı soyqırımı aktı, törədilmiş müdhiş cinayətlərin xarakteri və miqyası barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Xalqımızın tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən soydaşlarımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını diqqətə çatdırdı. Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, xalqımıza qarşı bu soyqırımı aktının dünya miqyasında tanınması üçün dövlətimizin bütün zəruri addımlar atdığını qeyd etdi.
Digər çıxış edənlər YAP Lerik Rayon Təşkilatı Qadınlar Şurası İdarə Heyətinin üzvü Elnurə Hadıyeva, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Lerik şəhər 2 saylı tam orta məktəbin müəllimi Şəhla Məmiyeva çıxış edərək XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında beynəlxalq humanitar hüquq normalarını, insan hüquqları üzrə ən müxtəlif konvensiyaları ayaq altına atan erməni hərbi birləşmələrinin Xocalıda dinc sakinlərə qarşı törətdiyi soyqırımının, vəhşiliklərin, cinayətlərin beynəlxalq miqyasda tanınmasının vacibliyini qeyd etdilər.
Sonda Xocalı soyqırımına həsr olunmuş “Xocalıda son gecə” filmi nümayiş etdirildi.