Kənd təsərrüfatı müşavirəsi keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, kənd təsərrüfatı məsulları istehsalının artırılması ilə bağlı tapşırıqlarının icrası ilə bağlı kənd təsərrüfatı mütəxəssislərin iştirakı ilə müşavirə keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, kənd təsərrüfatı mütəxəssisləri, kəndli fermer təsərrüfatı başçıları iştirak etdi.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış etdi. Bildirdi ki, dünyada neftin qiymətinin günü-gündən aşağı düşməsi ölkəmizdə qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının inkişafını zəruri edir. Kənd təsərrüfatının ən gəlirli sahələrindən olan bitkiçiliyin, o cümlədən taxılçılığın, kartofçuluğun inkişaf etdirilməsi, tütünçülüyün və üzümçülüyün dirçəldilməsi prioritet məsələdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında da ölkə başçısı kənd təsərrüfatının, inkişafının mühümlüyündən danışaraq tapşırıqlar vermişdir. Respublikamızda sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi ilə bağlı ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonumuzda bu istiqamətdə bundan sonra da görüləcək işlər müəyyənləşdirilmiş, mütəxəssislər və mülkiyyətçilərlə müvafiq söhbətlər aparılaraq görüləcək işlər barədə təkliflər dinlənilmişdir.
Lerik rayonunun kənd təsərrüfatı rayonu olduğunu qeyd edən natiq bildirdi ki, rayonda 12 min hektara yaxın əkinə yararlı torpaq sahəsinin olmasına baxmayaraq, bu gün 4 min hektara yaxın torpaq sahəsi əkilib becərilir. Qalan torpaqlar isə örüş və biçənək məqsədilə istifadə olunur. Buğda və kartof rayonda ənənəvi becərilən kənd təsərrüfatı bitkilərindəndir. Həmin bitkilərin əkin sahələrini genişləndirilməli, əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunmalıdır. Bu gün keçirilən tədbirin əsas məqsədi əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması və kənd təsərrüfatı məsulları istehsalının artırılmasıdır. Bununla bağlı mütəxəssislər təkliflərini və problemləri bildirməli və qərar qəbul edilməli, qərarların icrası nəzarətə götürülməlidir.
Sonra tədbirdə çıxış edən mütəxəssislər və fermerlər kənd təsərrüfatını inkişaf etdirməkdən ötrü mikro kreditlərin verilməsinin vacibliyini və texnika çatışmazlıqlarını, rayonda toxumçuluq təsərrüfatının təşkil olunmasını, yun və süd emalı məntəqələrinin yaradılmasını, istifadəsiz qalan torpaq sahələrinin birləşdirilərək iri fermer təsərrüfatlarının yaradılmasının zəruriliyini qeyd etdilər. Aqrar sahənin inkişafı ilə bağlı cənab Prezidentin diqqət və qayğısını razılıq hissi ilə qarşıladıqlarını bildirdilər və görülən bütün bu işlərin sonda ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşmasına xidmət etdiyini vurğuladılar.
Ayrı-ayrı mütəxəssislər və fermer təsərrüfatının başçıları tərəfindən irəli sürülən təkliflər və qeyd olunan problemlər ümumiləşdirilərək qərar qəbul edildi və qərarın icrası nəzarətə götürüldü.